Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avqustun 10-da 200 yaşlı Macarıstan Elmlər Akademiyasının Şərq Əlyazmaları bölümündə Yablonkay Yuditin lütfkar diqqətləriylə axtarışlarımı davam etdirirdim və rastıma çıxan Azərbaycan ünvanlı, söz və elm tarixində qalan böyükləimizin qələmindən və düşüncəsindən qopmuş inciləri əks etdirən səhifələr məni sonsuz dərəcədə həm sevindirir, həm fərəhləndirirdi.
Nizami Gəncəviylə, Xaqani Şirvaniylə, Mahmud Şəbüstəriylə, Nəsirəddin Tusiylə, Sam Mirzəylə, Saib Təbriziylə, Fətəli şah Qacarın şair oğlu Mahmud Mirzə Qacarla və adı, əsərləri hətta orta çağlar üzrə ciddi elmi ədəbiyyatımızda belə ya bilinməyən, ya az tanınan neçə alim və ədib yurddaşımız, soydaşımızla bu xoş qarşılaşmalar əlbəttə ki, yalnız sevinmək və qürrələnməklə bitməyəcək, müəyyən araşdırmalara təkan verəcək, çox keçməyəcək o bəhrələr hər kəsə bəlli olacaq.
Bircəsini bəri başdan deyim.
Çünki artıq həmin yazını işləyirəm və yəqin ki, qarşıdakı aylarda akademik nəşrlərimizdən birində yer alacaq.
Orta əsrlər kitab mədəniyyətimizin diqqətəlayiq nümunələrindən olan əlyazmada toplanmış ədəbi nümunələr öz yerində, bu nüsxəni misilsiz edən həm də oradakı Səfəvilər dönəmi miniatür sənətimizin bir-birindən gözəl xeyli nümunəsinin toplanmasıdır.
Təbii ki, nəşr ediləcək məqalədə Sultan Məhəmməd məktəbinə mənsub rəssamların qələmi və fırçasından çıxmış həmin nəfis miniatürlərin özlərini də, müfəssəl təhlillərini də elmi və mədəni-ədəbi ictimaiyyətimiz görə biləcək…
Rəfael Hüseynov,
Akademik