Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyun 2026 / 16:21

Diplom işə aparırmı?- GƏLİN MÜZAKİRƏ EDƏK!

Nigar Vüqarqızı  (Şirinova) Bakı Slavyan Universiteti Jurnalistika fakültəsinin II kurs tələbəsidir. Necə deyərlər, bu tələbə gələcək həmkarımızdır. Nigarla bir neçə dəfə söhbətlərimiz olub. O, jurnalistika ixtisasına böyük həvəsi olan gəncdir.  Budur, Nigarın ilk qələm təcrübəsi çox aktual bir mövzuya həsr olunub. “Təzadlar” qəzeti və saytı belə istedadlı gənclərə öz səhifələrində həmişə yer verib. Bu ənənəmizi davam etdirərək Nigar Vüqarqızının  (Şirinova)  çox aktual mövzuya həsr etdiyi “Diplom işə aparırmı?” adlı araşdırma yazısını oxucuların diqqətinə təqdim edirik:

***

Diplom işə aparırmı? 

 Diplom iş dünyasına açılan qapıdır, lakin bu qapıdan keçmək üçün yalnız sənəd kifayət etmir- bazarın tələb etdiyi bilik, bacarıq və real təcrübə də zəruridir…

 …Diplom var, amma iş yoxdur. İş var, amma kadr çatışmazlığı mövcuddur… Bu ziddiyyət Azərbaycanın əmək bazarında getdikcə daha aydın hiss olunan paradoksa çevrilir. Bir tərəfdən işəgötürənlər ixtisaslı kadr tapmaqda çətinlik çəkdiklərini bildirirlər, digər tərəfdən isə hər il minlərlə universitet məzunu əmək bazarına daxil olsa da, iş tapmaqda çətinliklərlə üzləşirlər. Bu vəziyyət əsas bir sualı aktuallaşdırır: problem kadr qıtlığındadır, yoxsa kadr hazırlığı ilə əmək bazarının tələbləri arasındakı uyğunsuzluqda?

***

…Müasir dövrdə ali təhsilin əsas missiyası yalnız diplom vermək deyil, əmək bazarının tələblərinə cavab verən mütəxəssis yetişdirməkdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi də ali təhsilin məqsədlərindən biri kimi iqtisadiyyatın və əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı kadr hazırlığını göstərir. Lakin reallıq göstərir ki, universitet auditoriyası ilə əmək bazarı arasında müəyyən boşluqlar hələ də qalmaqdadır.

Əmək bazarında müşahidə olunan əsas problemlərdən biri- təhsil proqramlarının sürətlə dəyişən iqtisadi mühitə uyğunlaşmaqda çətinlik çəkməsidir. Bir çox məzun nəzəri biliklərlə əmək bazarına daxil olsa da, işəgötürənlərin tələb etdiyi praktiki bacarıqlara malik olmurlar. Nəticədə işə qəbul zamanı “təcrübə tələb olunur” şərti gənclərin qarşısında əsas maneələrdən birinə çevrilir.

İxtisas və karyera seçimi üzrə mütəxəssis Ramin Nurəliyev bu məsələyə toxunaraq bildirib ki, “Ali təhsil müəssisələrinin çox böyük əksəriyyəti kadr hazırlığında çox passivdir”.  TV-lərin birində yayımlanan bu fikir, ali məktəblərin əmək bazarı ilə əməkdaşlığının gücləndirilməsi zərurətini ortaya qoyur.

Bu problem rəsmi statistik göstəricilərdə də öz əksini tapır. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın son iki ili əhatə edən vakansiyalar üzrə təhlili göstərir ki, iş elanlarının 76,2 faizində iş təcrübəsi tələb olunur, vakansiyaların 67,2 faizində isə, ali təhsil əsas şərtlərdən biri kimi göstərilir. Bu fakt universitet diplomunun artıq təkbaşına məşğulluq zəmanəti olmadığını göstərir.

Maraqlıdır ki, hər il minlərlə gənc ali təhsil müəssisələrini bitirsə də, işəgötürənlər hələ də uyğun kadr tapmaqda çətinlik çəkirlər. Milli Observatoriyanın təhlillərinə görə, hazırda satış, maliyyə, xidmət və texniki peşələr üzrə kadr çatışmazlığı daha çox hiss olunur. Satış təmsilçiləri, mühasiblər, satınalma və təchizat üzrə mütəxəssislər, sürücülər, aşpazlar və elektrik ustaları əmək bazarında ən çox tələb olunan peşələr sırasındadır.

***

Əmək bazarındakı uyğunsuzluq kadr çatışmazlığı statistikasında da özünü göstərir. Dövlət Məşğulluq Agentliyinin məlumatlarına görə, işəgötürənlər ən çox satış və marketinq (16,7 %), texniki ixtisaslar (15,8 %) və maliyyə-mühasibatlıq (15,3 %) sahələrində uyğun kadr tapmaqda çətinlik çəkirlər. Kadr ehtiyacının hiss olunduğu digər istiqamətlər sırasında tikinti, ticarət, turizm, kənd təsərrüfatı və tibb sahələri də yer alır.

Maraqlıdır ki, ən çox vakansiya elan edilən sahələr də məhz bunlardır. Bu isə göstərir ki, problem vakansiya çatışmazlığından daha çox əmək bazarının tələbləri ilə mövcud kadr potensialı arasındakı uyğunsuzluqdan qaynaqlanır.

İqtisadçı, dosent Afaq Hüseynin sözlərinə görə, əmək bazarında müşahidə olunan vəziyyət bəzən statistik göstəricilərdən daha mürəkkəbdir: “Əmək haqqından narazı olub, iş yerini dəyişmək istəyənlərin sayı işsizlərin sayından çoxdur. Bunlar da gələcəkdə “işsizlər ordusu” kimi ortaya çıxa bilər”.

Bu fikir göstərir ki, məsələ yalnız iş tapmaqdan ibarət deyil. Əmək bazarında əməkhaqqı, iş şəraiti və karyera imkanları da insanların seçimlərinə ciddi təsir göstərir.

Digər tərəfdən, işəgötürənlərlə işaxtaranlar arasında gözləntilərin fərqi də diqqət çəkir. Afaq Hüseyn bu barədə danışarkən bildirir ki, “İşə götürənin və iş axtaranın, yəni hər iki tərəfin tələbləri fantastik hesab olunur”. Həqiqətən də, bəzi şirkətlər yeni məzundan yüksək səviyyədə təcrübə və çoxsaylı bacarıqlar tələb etdiyi halda, bəzi namizədlər də bazar reallıqları ilə uzlaşmayan əməkhaqqı və vəzifə gözləntiləri ilə çıxış edirlər.

   İxtisas seçimi də əmək bazarındakı uyğunsuzluğa təsir edən əsas amillərdən biri hesab olunur. Günümüzdə bir çox abituriyentlər bazarın real tələblərindən daha çox yüksək bal və ya populyarlıq əsasında ixtisas seçirlər. Nəticədə bəzi sahələrdə məzun sayı artsa da, vakansiya tələbi eyni səviyyədə artmır və əmək bazarında uyğunsuzluq yaranır.

Nəticə etibarilə, Azərbaycanda əsas problem nə məzun çatışmazlığıdır, nə də iş yerlərinin olmaması. Problem təhsil sistemi ilə əmək bazarı arasında mövcud olan uyğunsuzluğun davam etməsidir.

Diplom iş dünyasına açılan qapıdır, lakin bu qapıdan keçmək üçün yalnız sənəd kifayət etmir- bazarın tələb etdiyi bilik, bacarıq və real təcrübə də zəruridir. “Diplom işə aparırmı?” sualının cavabı isə məhz bu balansın nə dərəcədə təmin olunmasından asılıdır.

Nigar VÜQARQIZI (Şirinova):

Bakı Slavyan Universiteti

Jurnalistika Fakültəsinin tələbəsi

Təqdim etdi: Elçin MƏMMƏDLİ

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!