Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Oktyabrın 27-də Heydər Əliyev Sarayında Polad Bülbüloğlu tərəfindən “Dədə Qorqud” motivləri əsasında bəstələnən 2 pərdəli “Eşq və ölüm” baleti tamaşaçılara təqdim edildi.
Tezadlar.az xəbər verir ki, ilk səhnə nümayişi 20 il öncəyə təsadüf edən “Eşq və ölüm” “Balet günləri” layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında gerçəkləşdi. Orkestri teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edirdi.
Libretto müəllifi və quruluşçu xoreoqraf Rusiyanın Əməkdar incəsənət xadimi Nadejda Malıgina, quruluşçu rəssamı Rusiya Rəssamlıq Akademiyasının akademiki Dmitri Çerbadji, xoreoqrafın assistenti isə Başkortostan Respublikasının Əməkdar artisti Denis Zayntdinovdur.
Tamaşadan öncə Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov Polad Bülbüloğlunun yaradıcılığından bəhs etdi, daha sonra baletin müəllifi – Xalq artisti, bəstəkar Polad Bülbüloğlu çıxış etdi və “Eşq və ölüm”ün bir çox ölkələrin səhnələrində nümayiş olunduğu barədə tamaşaçılara məlumat verdi.
Daha sonra “Eşq və ölüm” baleti izlənildi.
Baletin nümayişi boyu səsləndirilən gurultulu alqışlarıdan “Eşq və ölüm”ün gerçəkdən tamaşaçı sevgisini qazandığının şahidi olursan. Bəlkə də bəziləri bu baleti dəfələrlə seyr ediblər, lakin bu gecə daha fərqli idi. Dəyişməyən isə əlbəttə ki, alqışlar idi!
…Bir-birini sevən Azər və Baycanın ülvi sevgisi, fədakarlıq, zəriflik, incəlik, Yalıncağın xəbisliyi, xəyanəti, qısqanclıq, düşmənçilik, qəhrəmanlıq, cəsurluq, ağ üzlü qarageyimli Ölümün döyüş səhnələrində gəlişi, qurbanları ilə rəqsləri, ümumiyyətlə, bütün səhnələrdə obrazların yaşadığı hisslər musiqinin dili və ifaçıların məharəti sayəsində tamaşaçılara peşəkarlıqla çatdırılırdı. “Dədə Qorqud”dan bəhrələnmiş, milli köklərə bağlı bu möhtəşəm baletdə bütün incəliklərə diqqət yetirilib: geyimlər, milli kalorit, xarici gözəllik, səhnədə işıqların rənglərlə, musiqi ilə ahəngi, muğamdan istifadə, xalq və xoreoqrafik rəqslərin sintezi, diqqətləri yayınmağa qoymayan ritmlər, dəqiqlik tələb edən ifalar, həyəcanverici döyüş səhnələri… Bir sözlə, tamaşaçı bu möhtəşəm səhnələrə, musiqiyə biganə qala bilmir, o hər kəsi ağuşuna alır. Seyirçilər sehrlənmiş kimi, səhnədə böyük bir Eşqin və sevənləri vüsala yetməyə qoymayan savaşın, eyni zamanda bu sevgi qarşısında Ölümün belə gücsüzlüyünün şahidi olurlar…
Bir nüansı da xatırlatmaq yerinə düşər ki, bu möhtəşəm baletin sehrinə düşmüş tamaşaçılar sonadək zalı tərk etmədilər və uzun müddət sürəkli alqışlarla həm müəllifi, həm də balet və orkestr ifaçılarını alqışladılar.
Xatırladq ki, “Eşq və ölüm” 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov tərəfindən səhnələşdirilib. Elə həmin ildə də Mariinski adına Sankt-Peterburq Akademik Opera və Balet Teatrında, Moskvada Böyük Teatrın səhnəsində, 2010-cu ildə Malıginanın təşəbbüsü ilə Yekaterinburq Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulub. Sonralar dəfələrlə qardaş Türkiyədə nümayiş olunub.
***
Qeyd edək ki, baletlə tanışlıq ilk dəfə beş yüz ildən çox əvvəl İtaliyada başlayıb. Bu, dünyəvi mədəniyyət, humanizm və antroposentrizm, yəni ilk növbədə insanlara və onların fəaliyyətlərinə maraqla xarakterizə olunan bir dövr olan intibah dövrü idi.
Həmin dövrdə İtaliya şahzadələri rəqsin mühüm rol oynadığı saray şənlikləri keçirirdilər. Və getdikcə bal rəqsləri daha da inkişaf etdirilərək baletin yaranmasına gətirib çıxarıb. Azərbaycan baletinin yaranma tarixi Avropadan çox gec – 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, hələ 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib.
Teatrda “Sonalar gölü”, “Don Kixot”, “Baxçasaray fontanı”, “Esmeralda”, “Qırmızı lalə” baletləri tamaşaya qoyulub.
Sonrakı illərdə Azərbaycan baleti daha da inkişaf etməyə başlayıb: tamaşaçılara Soltan Hacıbəyovun “Gülşən”, Qara Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” və digər baletlər təqdim edilib. Onlardan bəziləri dünyanın bir çox ölkələrinin opera teatrlarının repertuarının vazkeçilməzi oldu.
Bünövrəsi İtaliya, Fransa saraylarında qoyulmuş bu zərif ifaçılıq sənəti ölkəmizdə gec ayaq tutsa da, Azərbaycan balet sənətinin hazırkı vəziyyətinə, inkişafına nəzər saldıqda əminliklə demək olar ki, o bu gün nəinki Avropa, dünya səhnələri ilə ayaqlaşmaq iqtidarındadır.
Y.Məmmədli