booked.netbooked.net booked.net  

İngilislər gəmiləri Azərbaycana verdi, Rusiya isə...

 Azərbaycanın ilk hərbi dəniz donanması Azərbaycan Xalq Cümhuriyyəti zamanında yaradılıb. 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil veriblər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər hərbi dəniz donanması təşkil olunub. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım idi.

Lakin bu addım general Denikinin başçılıq etdiyi Cənubi Rusiya Silahlı qüvvələrinin kəskin etirazı ilə qarşılanır. Hətta Azərbaycana etiraz notası da göndərilir.  Silahlı qüvvələrin hərbi dəniz donanmasının vitse-admiralı Gerasimovun Azərbaycan hökumətinə verdiyi notada Azərbaycan Xəzər hərbi-dəniz donanmasının ləğv edilməsi tələb edilirdi. Qeyd edilirdi ki, Xəzərdə hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsusdur...

Əlbəttə, bu əsassız nota Azərbaycan Dövlət Müdafiə Komitəsində müzakirə edilir və cavab notası verilir. Cənubi Rusiya Silahlı qüvvələri baş komandanlığına göndərilən cavab notasında bildirilirdi ki, Xəzərdə donanma saxlamaq hüququ Azərbaycan dövlətinin suveren hüququdur. Azərbaycanın limanları və ticarət gəmiləri vardır. Bu gəmilər Azərbaycan bayrağı altında üzəcəkdir. Azərbaycan hökumətinin qətiyyəti və göstərdiyi diplomatik səylər öz nəticəsini verir və Denikin beynəlxalq ictimaiyyətin sərt reaksiyası ilə üzləşdiyindən öz iddialarından əl çəkir. Azərbaycan hökumətinin Hərbi Nazirliyi hərbi donanmanın maddi-texniki bazasının gücləndirilməsinə diqqəti artırır.

 

 Türk əsilli, Rusiya Donanmasının admiralı İslamov milli donanmanın yaradılması işinə kömək göstərmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət edildi

1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun başçılıq etdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi topu, 10 sahil topu, simsiz teleqraf qurğuları və s. almışdı. Azərbaycan Hökuməti rus donanmasının admiralı, Şimal qütbünə ekspedisiyanın iştirakçısı, türk əsilli İslamovu milli donanmanın yaradılması işinə kömək göstərmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət etmişdi. "Astrabad", "Qars" və "Ərdəhan" hərb gəmilərinin komandirliyi azərbaycanlı kapitanlara tapşırıldı. Hərbi donanmanın maddi-texniki bazasının və kadr təminatının gücləndirilməsi planları aprel işğalı nəticəsində həyata keçirilməmiş qaldı. 1920-cilin aprelində "Qızıl Ordu"nun Bakını işğalından sonra həm ADR süqut etdi, həm də Azərbaycan hərbi donanması ləğv olundu...

Və beləliklə, uzun illər sonra - SSRİ dağıldı və yenidən Azərbaycan Respublikası Parlamentinin 9 oktyabr 1991-ci ildə qəbul etdiyi “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” qanuna əsasən Silahlı Qüvvələrin tərkib hissəsi kimi Hərbi Dəniz Qüvvələrinin yaranmasının hüquqi bazası müəyyən olundu. Sabiq SSRİ dövləti tərkibində olan müstəqilliyini əldə etmiş Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan Xəzəryanı dövlətləri arasında əldə olunan razılığa görə Azərbaycan onun ərazisində yerləşən sabiq Xəzər hərbi donanmasının bütün bazalarına və 25% hərbi gəmilərinə sahib oldu. 1992-ci il aprelin 7-də Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası yaradıldı. 1992-ci il iyunun 26-da "Bakılı" keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırıldı.

  1996-cı ildə Ali Hərbi Dənizçilik Məktəbi əsasında Dəniz Akademiyası təşkil olundu. Və o zaman Azərbaycan Prezidenti Heydər Əliyevin verdiyi fərmana əsasən, hər il "5 Avqust Azərbaycan Respublikası Hərbi Donanma Günü" kimi qeyd edilir.  

İlk mərhələdə Hərbi Dəniz Qüvvələrinə müxtəlif tipli gəmilərlə komplektləşdirilmiş beş divizion  sahil bölmələri daxil oldu. Xəzər hövzəsində yerləşən müşahidə postları və mayakların fəaliyyəti bərpa olunmağa başlandı. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Hərbi Dəniz Qüvvələrinin gəmi və sahil bölmələrinin heyətindən qısa müddətdə Dəniz Piyadası Taboru formalaşdırıldı. 2000-ci ildən etibarən Hərbi Dəniz Qüvvələrinin bütün gəmilərində Hərbi Dəniz Qüvvələrinin bayrağı qaldırıldı.

Türkiyə və Azərbaycan Hərbi Dəniz Qüvvələri arasındakı hərbi əməkdaşlıq müqaviləsinə əsasən P-223 kiçik artilleriya kateri Azərbaycana hədiyyə olunmuşdur. 22 iyul 2000-ci ildə İzmir şəhərindən səfərə başlamış, 3 dövlətin (Türkiyə, Ukrayna, Rusiya) ərazisindən 5 dəniz (Egey, Mərmərə, Qara, Azov, Xəzər), 3 boğaz (Çanaqqala, İstanbul, Kerç), 2 çay (Don, Volqa) və onları birləşdirən 18 hovuzu keçərək 2345 dəniz mili məsafəni qət etmiş, 7 avqust 2000-ci ildə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin zabitləri tərəfindən Hərbi Dəniz Qüvvələrinin əsas bazasına gətirilmişdir.

2000-ci ildən isə Azərbaycanın hərbi donanması geniş hərbi təlimlərdə iştirak edir. Xəzər dənizində ən qüdrətli donanmalardan biri sayılan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin maddi-texniki bazası gündən-günə möhkəmlənir.

2013-cü il sentyabrın 11-də isə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası dəniz təhlükəsizliyi strategiyası” imzalanıb. Sənəddə Azərbaycanın bütün dəniz qurumları, eləcə də qarşılıqlı fəaliyyətdə olan digər təşkilatlar qarşısında tapşırıqlar qoyuldu və vəzifə bölgüsü aparıldı. Bu sənəd vasitəsilə hər bir qurum ayrılıqda öz təyinatına uyğun vəzifələrindən irəli gələn tapşırıqları yerinə yetirir.

Bu gün artıq müstəqil Azərbaycanın öz güclü hərbi dəniz donanması var. Onun mövcudluğuna uzun illər mane olunsa da...

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN