booked.netbooked.net booked.net  

Baş Prokurorluğun İdarə rəisi Səbuhi Alıyev: “Saatlı rayon İcra Hakimiyyətinin sabiq başçısı və hazırda Sabirabad İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Siraqəddin Cabbarov tərəfindən hər iki rayon ərazisində törədilmiş qanunsuzluqlar barədə...”

“Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Saatlı rayon İcra Hakimiyyətində aparılan maliyyə yoxlamasının nəticəsi üzrə Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə 212026142 saylı cinayət işinin istintaqı aparılır. Bu səbəbdən müraciətiniz əsasında toplanmış material həmin cinayət işinə əlavə edilməklə, hüquqi qiymət verilməsi üçün Baş İdarənin İstintaq İdarəsinə göndərilmişdir”

“Təzadlar”ın ötən sayında Sabirabad rayonundan bir qrup kənd sakininin şikayəti əsasında “Sabirabadın İcra başçısı Siraqəddin Cabbarovdan şikayətnamələr” başlıqlı yazı dərc olunmuşdur. Yazı dərc edilməmişdən əvvəl qeyd olunan şikayətə münasibət bildirilməsi üçün RİH-nin elektron poçtuna məktub və müvafiq sənədlər, foto və videolar göndərilmişdir... Lakin RİH-dən cavab gəlmədiyindən qeyd olunan sübutlar və şikayətçilərin özlərinin açıqlamaları, yazılı ərizələri əsasında yazı dərc olunmuşdu. Maraqlıdır ki, yazı dərc ediləndən sonra RİH başçısından əlavə şikayətlər də aldıq. Lakin dəfələrlə şikayətçilərə bildrmişik ki, aidiyyəti rəsmi qurumlara qeyd olunan faktlarla əlaqədar olaraq sorğular göndərilmişdir, cavab alınandan sonra mövzuya yenidən qayıdıla bilər.

Bu arada ardıcıl olaraq yazıda adı keçən şikayətçilərin imzası ilə redaksiyaya etirazlı və hədə dolu məktub daxil oldu. Məsələn, Sabirabad rayonunun Sarxanbəyli kənd sakini, şikayətçi Tağıyev Cavvar Rahim oğlunun adından ənənəvi poçt ilə gəlmiş məktubun əl ilə yazılmış məzmunu və hüsnixətti bizdə şübhə yaratdığından dərhal şikayətçi ilə əlaqə saxladıq. O, müsahibəsində bildirdi ki, belə bir məktubdan xəbəri yoxdur, yəqinki Sarxanbəyli kənd icra nümayəndəsinin işidir: “Mən kasıb bir adamam. Kəndin problemlərini dilə gətirmək nə vaxtdan pis sayılıb... Biz dərdimizi ictimailəşdirmişik ki, tədbir görülsün. Onlar isə problemi aradan qaldırmaq əvəzinə, belə bir təxribatla məşğuldurlar...”.

Eyni sözü kənddən olan digər şikayətçi Mirzəyev Yengibar Astan oğlu da söylədi və təəssüf hissi ilə bildirdi ki, rəsmi şəxslər vəzifələrini icra edə bilmədiklərindən belə üsullara əl atır, şikayətçiləri susdurmaq istəyirlər. “Biz problemin həllinə nail olanadək mübarizə aparacaq və şikayətimizi müdafiə edəcəyik...”, -deyə şikayətçilər bizimlə telefon söhbətində qeyd etdilər.

 

Bəs Sabirabadda sakinləri narahat edən nədir?

 Redaksiyaya ötən günlərdə daxil olmuş şikayətnaməni kiçik ixtisarla təqdim edirik, özünüz nəticə çıxarın:

“Hörmətli “Təzadlar”! Gümanımız Sizədir. Bəzi KİV-lərə yazmışıq, reaksiya belə verilməyib.

 Bəlkə yalan yazırıq, qoy gəlib yerində araşdırsınlar... Biz Sizə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat İdarəsinin rəisi cənab Səbuhi Alıyevin şikayətimizlə bağlı verdiyi cavab məktubunun surətini göndəririk. Biləsiniz ki, Saatlı və Sabirabad rayonları bir-biri ilə o qədər yaxındır ki, bir kənddə toy olanda səsi bizdə eşidilir. Əvvəl Saatlıda, indi isə Sabirabadda İH başçısı işləyən Siraqəddin Cabbarovu həm də Saatlıdan tanıyırıq. Başçı eyni idarəçilik metodunu indi də Sabirabadda təkrarlayır. Alimpaşa Məmmədovdan və Vilyam Hacıyevdən əvvəl Siraqəddin Cabbarov həbsə alınmalı idi, lakin Siraqəddin Cabbarov hələ də azadlıqdadır.

Məhkəmələr əsas etibarı ilə cinayət törətməkdə şübhəli bilinən şəxslər barəsində sanksiya tədbirləri seçərkən təqsirləndirilən şəxsin cəmiyyətdə qalmasını onun ətrafa və digər şəxslərə qarşı yeni törədə biləcəyi cinayətləri, cinayətin əhatə dairəsini, törədilmiş cinayətin hansı kateqoriyadan olmasını, cinayətin ağır və ya az ağır olmasını, təqsirləndirilən şəxs azadlıqda qalarsa yeni cinayətləri bir daha törədib-törətməyəcəyini, cinayətin əhatə dairəsini, cinayətin qrup və ya mütəşəkkil dəstə tərəfindən törədilməsini, cinayətin qulluq mövqeyindən sui-istifadə ilə törədilməsini və s. nəzərə alırlar. Sabirabad rayon İH başçısı Siraqəddin Cabbarov 13-ildən çoxdur ki, başçısı kimi fəaliyyət göstərir. O, əvvəlcə Saatlı rayon İH başçısı vəzifəsində işləmişdir, 2018-ci ildən isə Sabirabad rayon İH başçısı vəzifəsinə "transfer" olunmuşdur.

Siraqəddin Cabbarov 10 ildən çox Saatlı rayon İH-başçısı vəzifəsində işləyərkən qanunsuz əməllərə  imza atmışdır. Belə ki, Saatlı rayonunun ərazi icra nümayəndələrini, bələdiyyələrini, idarə rəhbərlərini vəzifə səlahiyyətlərindən istifadə etməklə yalançı forma-1-lər təşkil etdirməklə müxtəlif nazirlik və komitələrdəki tanışlarının vasitəsi ilə pul köçürmələri etdirmişdir. Həmin pul vəsaitlərini səlahiyyətli şəxslərin vasitəsi ilə nağdlaşdıraraq özününküləşdirmişdir. Bundan başqa, ayrı-ayrı nazirlik, komitə, departament və ASC-lərin Saatlı rayonundakı filial və nüməyəndəliklərinin vasitəsi ilə Saatlı rayon üzrə maliyyə idarəsi vasitəsilə vəsaitləri qeyri-qanuni yollarla mənimsəmişlər. Bütün bunlarla yanaşı,  özəl sektor nümayəndələrindən və MMC sahiblərindən külli miqdarda pul alınmaqla onları zəlil günə salmışlar. Dövlət ehtiyat qışlaq torpaqlarının uzun müddətli icarəyə verilməsi adı altında Qəniyev Alməmmədən 73 min manat, Əliyev Bahadur Səfiyar oğlundan 47 min manat,  Saatlı rayon Sarcalar kənd sakini Hüsiyev Bəxtiyardan 70 min manat, həmçinin Bakı şəhər sakinləri- Tamara Tağıyeva və Ramiq Aslanovdan 117 min manat, Nehrəmli Hacı İbrahim İbrahimovdan 205-min manatı... köməkçisi Zaur Əbilov və müavini Reyhan Ocaqova vasitəsi ilə pul vəsaitlərini qeyri-qanuni yolla almaqla torpaq müqaviləsi bağlanmasına və sərəncam verəcəyinə vəd vermişdir.  Bundan başqa, Siraqəddin Cabbarov onun tələblərini etmək istəməyən bir neçə iş adamının barəsində cəza tətbiq etdirməyə və onların ticarət və iaşə obyektlərini sökdürməyə nail olmuşdur. 2013-cü ildə Saatlı şəhər sakini Ağavəli adlı iş adamının "inkubator" sexini qapatmasından sonra Ağavəli ürək tutmasından vəfat etmiş, Eyvaz Həsənovun barəsində isə Siraqəddin Cabbarov Azərbaycan Respublikası CM-nın 147 və 215-ci maddələri ilə cinayət təqibinin başlanmasına nail olmuşdur.  O, əhalinin həssas təbəqəsinə dövlət tərəfindən ayrılan yardımlarla yanaşı məşğulluq mərkəzlərində ölü canlardan ibarət işçilər yaradaraq köməkçisi Zaurun vasitəsi ilə 200 min manatdan yuxarı dövlət vəsaitini ələ keçirmişdir. Siraqəddin Cabbarovun ardı-arası kəsilməyən qanunsuz əməlləri daha da inkişaf etdirmiş, Saatlı rayonunun ərazi icra nüməyəndəliklərinə aybaay əmək haqqından əlavə mükafatlar yazmaqla həmin mükafatları nağd formada nüməyəndəlik işçilərindən alaraq təkrarən eyni əməlləri törətmişdir.

Siraqəddin Cabbarov Sabirabad rayon İcra Hakimiyyətinə başçı təyin olunduqdan sonra silsilə qanunsuz hərəkətlərini davam etdirmişdir. Bunu da qeyd etmək yerinə düşər ki, birinci Qarabağ müharibəsində, istərsə də ikinci Qarabağ müharibəsində Şəhid olmuş şəxslərin ailələrinə, qazilərə və müharibə veteranlarına öz aqressivliyi ilə fərqlənən Siraqəddin Cabbarov buna görə  həmişə gündəmdə olmuşdur. Bir sözlə, Siraqəddin Cabbarov xalqı iqtidardan və dövlətdən narazı salmaqda böyük rol oynamışdır. Bu yaxınlarda 10-larla Sabirabad rayon sakininin Siraqəddin Cabbarovdan ardı-arası kəsilməyən şikayətlərindən onun etik davranış kodeksini pozmasından sonra şəxsən mən (Mürşüd Mirzəyev) Siraqəddin Cabbarova rəsmən vətəndaş sorğusu ünvanladım, lakin sorğuya cavab vermək əvəzinə Siraqəddin Cabbarov respublika prokorluğunda, DTX-da və DİN-də olan yüksək vəzifə tutan qohum və tanışlarının vasitəsi ilə mənə hədə-qorxu ismarıcı verdirdi, bundan sonra mən aidiyyatı orqanlara Siraqəddin Cabbarovun hədə-qorxuları dövləti və iqtidarı gözdən salan hərəkətləri barədə şikayətlər etdim. Dövlət orqanları Siraqəddin Cabbarovun 2015-ci ildən bəri Saatlı rayon İH-də başçı postunda təmsil olunduğu son illərin araşdırmasını aparmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə 212026142 nömrəli cinayət işinin istintaqının aparılmasını bəyan edərək onun barəsində olan şikayətlərimizin həmin işə əlavə edildiyini rəsmi qaydada bildirmişlər. Siraqəddin Cabbarov Alimpaşa Məmmədovdan və Vilyam Hacıyevdən öncə həbsə alınmalı başçı olsa da, onun yuxarı dairələrdə havadarlarının kifayət qədər olması onun həbsini bu günə kimi gecikdirmişdir. İnanıram ki, şikayətimiz ölkəmizin nüfuzlu media orqanı kimi "Təzadlar" vasitəsi ilə cənab Prezidentə çatdırılacaq və sərt tədbirlər görüləcək.

Siraqəddin Cabbarovun Saatlı rayon İH-də başçı vəzifəsində işlədiyi dövrdə 650 milyon manata yaxın qanunsuz yollarla pul ələ keçirməsi Saatlılar tərəfindən dillər əzbərinə çevrilib. Əfsuslar olsun ki, Siraqəddin Cabbarov Sabirabad rayonunda da eyni hərəkətləri daha geniş miqyasla həyata keçirməkdə davam etdirməkdədir. Məsələn, Saatlı Suvarma sistemləri İdarəsinin rəisi Tahir Rzayev və Kənd Təsərrüfatı Nazirliyinin meşəsalma departamentinin rəisi Xanhüseyn Hüseynov Siraqəddin Cabbarovun qanunsuz hərəkətlərinə  yaxından köməklik göstərmişlər. Saatlı rayon Mərkəzi Xəstəxanasının müdiri Səidə Şahpələngova Siraqəddin Cabarovla əlbir olmuş,  onun barəsində AR CM-nin 179-cu maddəsi ilə cinayət təqibi aparılmış, Səidə Şahpələngovaya və onun tabeçiliyində olan bir neçə məntəqə rəhbərinə qarşı elan edilən itdiham üzrə iş Saatlı rayon Məhkəməsinə göndərilmişdir. Lakin vurulan maddi ziyanın ödənilməsi ilə bağlı cinayət törətmiş şəxslər barəsində həbslə bağlı olmayan cəza tətbiq edilmişdir... Ən maraqlısı isə bundan ibarətdir ki, dövlət itdihamçısı həmin hökmə protest verməmişdir.

Biz şikayətçilər bir daha bəyan edirik ki, Siraqəddin Cabbarov qaldırılan problemi həll etməlidir, problemi qaldıranları təqib etməməlidir. Belə qanunsuz əməllərə imza atan məmurlar düşünməlidirlər ki, Azərbycan Respublikasının İlham Heydər oğlu Əliyev kimi qüdrətli və uzaqgörən, rüşvətə və korrupsiyaya müharibə elan etmiş Prezidenti, Əli Nağıyev kimi Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Kamran Əliyev kimi Baş Prokroru və Vilayət Eyvazov kimi daxili işlər naziri vardır.

Hörmətlə, şikayətçilər: Mürşüd Mirzəyev, Mirzəyev Yengibar Astan oğlu və başqaları".

 

Bəs Baş Prokurorluqdan şikayətçilərə hansı cavab verilib? 

Xatırladırıq ki, bütün təzyiq və təqiblərə baxmayaraq, şikayətçilər mövcud problemlərin vəzifəli məmurlar tərəfindən həllində israrlıdırlar. Onların Baş Prokurorluğa göndərilmiş şikayətləri (bu yazıda qeyd olunan faktlar da daxil) araşdırılmışdır. Şikayətçilərə verilən rəsmi cavab məktubu isə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun vəziyyətin heç də ürəkaçan olmadığına bir işarədir. Bu da həmin cavab məktubu:

 "Saatlı rayon İcra Hakimiyyətinin sabiq başçısı və hazırda Sabirabad İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Siraqəddin Cabbarov tərəfindən hər iki rayon ərazisində törədilmiş qanunsuzluqlar barədə 08 iyul 2021-ci il tarixli müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Saatlı rayon İcra Hakimiyyətində aparılan maliyyə yoxlamasının nəticəsi üzrə Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə 212026142 saylı cinayət işinin istintaqı aparılır. Bu səbəbdən müraciətiniz əsasında toplanmış material həmin cinayət işinə əlavə edilməklə, hüquqi qiymət verilməsi üçün Baş İdarənin İstintaq İdarəsinə göndərilmişdir.

Səbuhi Alıyev,

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Preventiv tədbirlər və təhqiqat İdarəsinin rəisi"

Mövzuya qayıdılacaq... Çünki kənd icra nümayəndəsi və İcra başçısının müavini iki gün əvvəl şikayətçilərin yaşadığı problemli kəndə gəliblər, adı keçən şikayətçilərdən redaksiyaya teleqram vurub guya onların adından başqalarının məktub yazdığını, bu şikayətlərdən onların xəbərinin olmadığını yazsınlar...

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.İstiqamət: 6.3.4).

A.Məmmədli 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN