Afət Telmanqızı haqqında yazmışdım, bu dəfə sizə onun rəfiqəsi, eyni zamanda iş ortağı Ləman Ələşrəfqızından söhbət açmaq istəyirəm. Axı bu gün onun ad günüdür...
Deyir ki,- “Məni elə jurnalistikaya gələndən Ləman Ələşrəfqızı kimi tanıyırlar. Ata familiyam Dadaşovadır, ər soyadım İsmayılova. Amma nə subaylığımda, nə indi soyaddan istifadə etməmişəm. Ata adını soyad kimi istifadə eləyənlərin bəlkə də birincilərindənəm. Düşünürəm ki, düz eləmişəm. Atam bizi - 7 övladını zəhmətlə böyüdüb. Sadə, zəhmətkeş adamın populyar olmaq imkanı nadir hallarda olur. Mən onun adını ölkə üzrə məşhur edə bildim, bunun sevincini ona yaşatdım. Bu gün atamın adının adımla yanaşı çəkilməsi əminəm ki, onun ruhunu sevindirir...”
Allah atasına rəhmət etsin! Atasının borcundan çıxmaq üçün Ləman xanımın bu niyyəti bir zərrədir. Əslində, onu ucaldan atasının adı yox, istedadıdır. Nə isə, keçək əsas mətləbə. Zirək xanımdır, qərar verdisə, sonadək yürüyəcək. Arzularını reallaşdırmağı bacarır, sanki xəyalları sonda gerçək olur. Kamera arxasında çox rahatdır, söylədiklərini tamaşaçısına çatdırmağı bacarır. Necə deyərlər, bir az “şirin” danışır, bir az da “turş”, dinləyənlər də həzm edir, sonda olur- nuş!..
Ləman xanım 1971-ci ildə Oğuz rayonunda anadan olub. Orada boy atıb, böyüyüb. Orta təhsilini alandan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinə qəbul olunub. Universiteti bitirəndən sonra "Şəfqət" qəzetində çalışıb. Bir az sonra "Olaylar" İnformasiya Agentliyinin parlament müxbiri kimi fəaliyyət göstərib. Daha sonra "Azadlıq", "Hürriyyət", yenidən "Azadlıq" qəzetlərində işləyib. 2003-cü ildə ANS televiziyasına müraciət edib və yeni layihə olan "İç xəbər"də işləməyə dəvət olunub, 8 il “ANS”-in bu layihəsində çalışıb. İlk 6 ay "İç xəbər"də müxbir, sonra verilişin redaktoru, buraxılış rəhbəri, ən sonda isə "İç xəbər"in rəhbəri olub və “ANS”-də olan bu fəaliyyəti ilə ölkədə tanınıb.
2012-ci ilin mart ayından ANS-in "Xəbərçi" proqramında işləyib və 2016-cı ildə onu ölkəyə tanıtdıran ANS- dəki işinə xitam verilərək, işdən çıxarılıb. 2018-ci ilin mart ayının 15-dən 2020-ci ilədək yenicə yaradılan "REAL Təhlil İnformasiya Mərkəzi" MMC-də işləyib. Daha sonra Afət Telmanqızı ilə birgə "LAF TV" internet televiziyasını təsis edərək, bu günədək orada çalışır. 2015-ci ildə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb...
“Kişi qeyrətli qadın”- ifadəsini onun da barəsində söyləmək olar. Xarizmatik adamdır, özünəməxsus tərslikləri və mülayim xüsusiyyətləri var. Bir anda coşa, elə bir anda da mehriban ola bilir. İstedadlıdır, teleməkanda xeyli araşdırma işləri olub. Tarixin General Mehmandarova küçə süpürməyə vadar etdiyini də onun sujetlərindən görmüşəm...
“Vaxtım olanda dövlət televiziyasında, İctimai TV-də, Mədəniyyət kanalında, CBC-də bəzi verilişləri izləyirəm. Amma ümumi mənzərə ürəkaçan deyil, əlbəttə. Televiziyanın imkanları çox genişdir, istəsələr o qədər gözəl verilişlər hazırlamaq olar ki. Təəssüf ki, maraq göstərmirlər. Televiziya rəhbərlərinin əlində bir bəhanə var. Ciddi, ağıllı verilişin tamaşaçısı olmur, hamı əyləncəyə baxmaq istəyir. Yəni günahkar keçi onların təbirincə, tamaşaçılardır. Amma unuduruq ki, tamaşaçını da televiziyalar yetişdirir. Siz siyasətinizi dəyişin, imkan verin tamaşaçı da zövqünü dəyişsin. Yox, olmaz. Ortada reklam məsələləri var, pul məsələləri var. Pul varsa, milləti-filanı boş ver. Qoy ürəyi istəyən qədər çalıb oynasın. Daha yaxşı, onlardan pul istəmir ki, çalıb oynamaq istəyir. Ona görə də, hansısa televiziya rəhbəri işdən kənarlaşdırılanda əmlakları ilə bağlı uzun bir siyahı hazırlanır. Hansı ki, dəyəri milyon manatlarla ölçülən. Hardandır bu pul? Heç bu sualı verən var? Yoxdur, hamının başı hind filmlərinə, başqa əyləncələrə qarışıb.”- söyləyir.
Yaxşı deyir, amma yaratdıqları televiziyada xəbər və müsahibələrdən başqa bir şey tapmaq olmur. Yalnız gündəm. Necə deyərlər, "Bu gün" sabah "Dünən" olur və...
Yəqin ki, gələcəkdə daha maraqlı, yaddaqalan verilişlər ilə tamaşaçıların görüşünə tələsəcəklər…
Ümumiyyətlə televiziya aparıcıları üç cür olurlar- “SÖZ”-ü çeynəyib tüpürənlər, “SÖZ”-ə ehtiramla yanaşanlar və “SÖZ”-ü sevərək ifadə edənlər. Haqqında danışdığım Ləman Ələşrəfqızı “SÖZ”-ə ehtiramla yanaşanlardandır. Elə buna görə də Tanrının “OL!” ifadəsi kimi, “SÖZ”-ü müqəddəs bilir və heç zaman “SÖZ”-ü dəyərdən salmır, onu dinləyicisinə sevə-sevə çatdırır...
Dekabrın 15-i Ləman xanımın növbəti ad günüdür. Mübarək olsun!
Elman Eldaroğlu
TEZADLAR.AZ-ın köşə yazarı
Pin It

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN