booked.netbooked.net booked.net  

 Razi Nurullayev: “Vallah, o qədər sözlər və bilgilər var ki, deməyə də daha üzüm gəlmir və yaxud mən də daha müqavimətin sonuna gəlmişəm deyəsən...”

  79 saylı İmişli seçki dairəsində deputat seçilmiş Razi Nurullayev ağır vəziyyətdə yaşayan və sosial yardımdan məhrum olan seçicisi ilə görüşüb.

...Gördüyü ağır mənzərədən dəhşətə gələn deputat məsələni ictimailəşdirib.

O, qeyd edib ki, ağır vəziyyətdə yaşayan Səma Kazımova dörd uşaq anasıdır.

“Onu ziyarət edib ağır vəziyyətini də çəkib göstəmıyimin səbəbi sosial sahədə yanaşmanı dəyişməyə kömək etməkdir. Bu qadın elə bir vəziyyətdə yaşayır ki, onun sosial yardım almaq üçün yoxlanmaya məruz qalması belə gülüncdür. Çünki onu görən zaman hər şey aydın olur... Onu İmişli şəhərində qonşular da, o zonaya xidmət edən məsul şəxslər də tanıyır”, - deputat bildirib.

O, vurğulayıb ki, Səmanın böyük oğlunun sağlamlıq problemi var, həmçinin o biri oğlunun da xəstəliyi olduğu üçün xüsusi məktəbə gedir:

“2 saylı Şüvəlan internat məktəbinə aparmaq üçün də imkanı yoxdur. Kömək etdim, aparacaq, amma axı dövlətin sosial yardımı bu kimi adamlar üçündür. Qızını məktəbə göndərmək üçün də imkanı yoxdur. Yaşadığı yer isə mal pəncərəsindən də betərdir. Oturmağa bir stulu da yoxdur.

Bu xanımın anası var, pis-yaxşı dolanır, amma qızına baxmır, ümumiilikdə isə daha qocalıb və onun özünə baxan lazımdır. Atası 1997-ci ildə rəhmətə gedib. Axı bu ailə niyə sosial yardım almasın? İcra hakimiyyəti, deputat davamlı olaraq kömək edə bilməz axı. Bir deyil, iki deyil, üç deyil. Çoxdur. Elə ona görə də dövlət tərəfindən ünvanlı sosial yardım müəyyən edilib ki, bu tip ailələr dolansınlar.

Problem bundadır ki, qızlar ya tələsib ərə gedir, ya zorla evləndirilir, ya da götürülüb qaçılır və sonra da bədbəxt edilərək taleyin ümidinə buraxılır. Bu qadının da əri olub, amma normal kişinin ailəsi bu vəziyyətə qalarmı?

Gərək Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi çox diqqətli olsun”, - deyə nazirliyə mesaj verib.

Deputat belə vəziyyətdə yaşayan yüzlərlə ailə tanıdığını və onların da ağır vəziyyətdə yaşamasına baxmayaraq, sosial yardımlardan yararlana bilmədiklərini açıqlayıb.

“Mən bu cür yüzlərlə ailə tanıyıram. Bəs belə yanaşma olarmı? Bir var kömək etmək üçün çalışmaq, bir də var yardım verməmək üçün əsaslar axtarışına çıxmaq. Vallah, o qədər sözlər və bilgilər var ki, deməyə də daha üzüm gəlmir və yaxud mən də daha müqavimətin sonuna gəlmişəm deyəsən. Amma geri çəkilmək yox. Nə olursa-olsun, bu ölkədə normal cəmiyyət quruculuğunu təmin etmək üçün mübarizəyə davam etməliyik.

Mən videoda geniş danışmışam. Baxın, zir-zibil toplayıb balalarını dolandırır. Faciə. Kimin imkanı varsa, az da olsa kömək eləsin”, - deyə Razi Nurullayev insanlara səslənib.

***

Qeyd edək ki, xarabalığı xatırladan evdə deputatın əyləşməsi və qeydlər aparması üçün stul omadığı üçün qonşudan stul gətirilir. Lakin Razi Nurullayev bu ağır mənzərədən təsirlənərək həmin stulda əyləşməkdən belə imtina edir...

Xatırladaq ki,  Razi Nurullayev Milli Cəbhə Partiyasının və "Region Beynəlxalq Analitik Mərkəzi"nin (RBAM) sədridir. Parlamentin "Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr" ilə "İnsan Hüquqları" komitəsinin üzvüdür.

 P.S. Arzu edirik ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları da deputat Razi Nurullayevin gördüyü problemli ailələri görsün və dövlət səviyyəsində onlara yardım edilsin ki, sabah vətənimizi müdafiə etməyə sağlam oğullar böyüsün.

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN