Ağdam ziyalıları bu gün görkəmli pedaqoq, el ağsaqqalı Səlim Əzimovun xatirəsini yad etdilər...

Bakıdakı Heydər Məscidində düzənlənən xatirə məclisində Ağdamın tanınmış ziyalıları, Azərbaycanın millət vəkilləri, Səlim Əzimovun yaxın dostları, ailə üzvləri iştirak edirdilər... Mərasimi aparan tanınmış islamşünas, Hacı Arif özünəməxsus ziyalı və islami söhbətləri ilə Səlim Əzimovun xatirəsinə işıq saldı, keçmiş günləri yada saldı, nəsihətləri ilə hamını birliyə səslədi.

 Sonra el ağsaqqalı Səlim Əzimovun yaxın dostları, vaxtilə dərs dediyi, şagirdi olmuş, hazırda dünyada və Azərbaycanda tanınan elm adamlarına, mədəniyyət xadimlərinə söz verdi. Səlim Əzimovun şagirdi olmuş, dünya şöhrətli alim, professor Rafiq Əliyev Səlim müəllim haqqında xatirəsini danışdı: "...Səlim müəllim əsl ziyalı, el ağsaqqalı və dostluqda bir ölçü vahidi idi. Onun nəsihətləri böyük bir ziyalının qəlbindən süzülüb gələn aforizm idi. İnsan onu xatırlayanların yaddaşı ilə yaşayır, yaşadılır. Nə qədər ki, Səlim müəllimin yetirmələri, dostları, onların davamçıları var, onlar durduqca bu böyük insan yaşayacaq, ruhu bizimlə olacaq. O, əsl müəllim idi...".
Səlim Əzimovun yaxın dostu, Ağdamın tanınmış ağsaqqallarından biri, qocaman jurnalist Bəbir Hüseynov Səlim müəllim haqqında indiki zamanda danışdı:"...İnsan xatırlanırsa, unudulmursa, onun haqqında həyatda yoxdur demək doğru deyil. Mənim dilim gəlmir deyəm ki, Səlim müəllim həyatda yoxdur, onun ruhu indi də burdadır, bizimlədir... Səlim müəllimlə iki yaş fərqimiz var idi. O, daha çox yaşayardı, əgər Ağdamsızlıq onu üzməsəydi... O, hər birimizin xatirəsində, qəlbində əbədi yer tutub və həmişə əsl ziyalı, əsl ağsaqqal kimi xatırlanacaq... Səlim müəllimin övladlarına, başda Hafiz Əzimov olmaqla, hər birinə minnətdaram ki, atalarının xatirəsini belə uca tuturlar...".
"Təzadlar" qəzetinin baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili tanınmış el ağsaqqalı Səlim Əzimov haqqında xoş xatirəsini bölüşdü:. "...Ustad Bəxtiyar Vahabzadədən eşitdiyim bir hadisəni danışmaqla Səlim müəllimin ruhuna dualarımı yetirirəm... Məmməd Araza Dövlət mükafatı verilir. Bəxtiyar müəllim Xudu Məmmədova zəng edərək muştuluqlayır: "...Gözün aydın, axır ki, dostun Məmməd Araza Dövlət mükafatı verildi...". Xudu müəllim deyir:"Bəxtiyar, hökumət düz elədi, axır ki, Məmməd Araza verməklə Dövlət mükafatını hörmətə mindirdi...". Bəli, Səlim müəllim əməlləri, həyat və fəaliyyəti, böyüklüyü ilə ziyalılığa hörmət gətirən idi... Qəzetin elə bir sayı olmazdı ki, Səlim müəllim zəng etməsin. Artıq zənginə öyrəşmişdim. Əgər qəzetdə sərt tənqidi yazı dərc edilmişdirsə, ilk sözünü gülə-gülə belə deyərdi:"Ay qağa, neyləmisən? Yaman sərt yazmısınız! Ehtiyatlı olun, qəribə zəmanədir...". Mən də yarı zarafat deyirdim: Səlim müəllim, neyləyək, sözümüzü içimizdə boğaq?! Yazı cəsarətə söykənməlidir. Biz də cəsarəti Sizdən öyrənmişik, Xudu Məmmədovdan, Bəxtiyar Vahabzadədən, Məmməd Arazdan, Rafiq Əliyevdən, Yusif Səmədovdan... öyrənmişik. Bizim nə günahımız?! Qorxaq, gözüqıpıq ola bilmərik... Səlim də özünəməxsus tərzdə nəsihətini verərdi... Səlim müəllim əsl ziyalı idi. O, bir həyat məktəbi idi, örnək idi...".

Sonra Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, millət vəkili Razi Nurullayev, tanınmış aktyor, Əməkdar mədəniyyət xadimi Azad Şükürüov, tanınmış dramaturq Əli Əmirli, ehtiyatda olan polis polkovniki, Ağdamın sabiq icra başçısı Nizami Sadıqov, Qarabağ qaziləri Ədalət Məhərrəmov, Rey Kərimoğlu, şair German və başqaları Səlim Əzimovla bağlı kövrək xatirələrini söylədilər.

XXX  ARAYIŞ: Səlim Əzimov 31 dekabr 1924-cü ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1945-49-cu illərdə Ağdam pedaqoji texnikumunda, 1949-51-ci illərdə Ağdam Dövlət 2 illik Müəllimlər İnstitutunda əyani, 1952-55-ci illərdə Bakıda qiyabi təhsil alıb. Səlim müəllim 1951-ci ildə pedaqoji fəaliyyətə başlasa da, 1952-53-cü illərdə Ağdamda "Lenin yolu" qəzetində işləyib, 1954-cü ildən 2011-ci ilə kimi pedaqoji fəaliyyətini davam etdirib. Böyük Vətən müharibəsi illərində arxa cəbhdəki fəaliyyətinə görə "Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları alıb. Səlim Əzimov həm də "Media mükafatı", "Qızıl qələm" mükafatı laureatıdır. 

XXX

 Səlim Əzimov 57 illik pedoqoji fəaliyyətindən-məktəb direktorluğundan təqaüdə çıxdıqdan sonra da ciddi ictimai fəaliyyətlə məşğul olmuş, Bədi yaradıcılıqla məşğul olmuşdur. O, nəsihət və tövsiyələrindən ibarət müxtəlif kitablar, monoqrafiya və elmi-publisistik məqalələr yazmışdır. Səlim Əzimovun "Müəllim ömrü, "Kamillik zirvəsi", "Yurd yeri", "Həyat hekayələri", "Ömür deyir yaşa hələ", "Ağdama gedən yol", "Ömrün işığı", "Ömür keçir, gün keçir", "Xatirələrdə yaşanan ömür", "Əsrə bərabər ömür" kitabları bu gün də sevilərək oxunur.
Allah rəhmət eləsin, ruhu şad olsun!
SONDA: ...Səlim müəllimin ən böyük arzusu Ağdama getmək, dünyaya göz açdığı Novruzlu kəndini ziyarət etmək idi... Təsəllisi bu oldu ki, Ağdamın, Novruzlunun 30 illik işğaldan azad edildiyini gördü, ürəyində yurd nisgili qalmadı... Şükürlər olsun, indi nəvə Səlim Əzimov babasının arzularını çin edir, o yurdlara baş çəkəcək, tezliklə baba ocağının çırağını yandıracaq... Çünki baba Səlim Əzimov da ömrünü şagirdlərinin vətənpərvər, əsl ziyalı kimi yetişməsində şam kimi əritdi, ürəyinin odunu -işığını əsirgəmədi... O şagirdlərinə ki, indi onların sırasında dünyada və ölkəmizdə tanınan alimlər, professor və mədəniyyət xadimləri, həkim və mühəndislər... var...

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA