Anadolu Agentliyinin mərkəzi qərargahı Türkiyədə, Ankara şəhərində yerləşən dövlətə məxsus bir xəbər agentiliyidir. Bildirək ki, agentlik Mustafa Kamal Atatürkün göstərişi ilə 6 aprel 1920-ci ildə Ankarada Xalidə Ədib Adivar və Yunus Nadi tərəfindən Türkiyənin İstiqlaliyyət müharibəsi xəbərlərini çatdırmaq üçün yaradılmışdır.
Agentliyin yaradılmasında və inkişafinda Azərbaycanın böyük ictimai-siyasi mütəfəkkiri Əhməd bəy Ağaoğlunun da əməyi az deyil. Ağaoğlu 20-ci illərdə bir müddət agentliyin idarə heyətinin sədri vəzifəsini də icra edib.
Qeyd edək ki, Anadolu Agentliyində hal-hazırda 13 dildə - türk, ingilis, ərəb, bosniya, rus, fransız, kürd, fars, alban, makedon, indoneziya və ispan dilərində xəbər yayımlanır. Agentliyin ümumilikdə 124 müxtəlif millətdən olan 3000-dən çox əməkdaşı var. Agentlik gündəlik orta hesabla 2000 xəbər, 2500-dən çox fotoşəkil və 400-dən çox video dərc edir. Həmçinin gündəlik 20-yə yaxın canlı yayım edir. Hal-hazırda agentliyin xarici ölkədə 100 nümayəndəliyi və 41 ofisi fəaliyyət göstərir.
Qeyd edək ki, daha qərəzsiz və avtonom hesabat verə bilmək üçün 1925-ci ildə səhmdar cəmiyyətə çevrilən Anadolu Agentliyinin dövlətlə əlaqəsi hələ də kəsilməyib. Anadolu Agentliyinə dövlət yardımı bu gün də davam etməkdədir.
Bu məlumatdan sonra Azərbaycan mətbuatı, öz jurnalistikamız bir anlıq gözümdə canlandı.
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdır. “Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdur.1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdür. “Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.
Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdır. Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinci"dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdur. XIX əsrin sonlarında “Ziya" (1879), “Kəşkül” (1880), "Kaspi" (80-90-cı illər) qazetləri nəşrə başlamışdır. XX əsrin əvvəllərində C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacibəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini vermişdir. Belə ki, “Şərgi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915)Ə “Azərbaycan" (1918) kimi demokratik və milli ruhlu qəzetlər yaranmışdır.
Bu il iyulun 22-də Azərbaycan Milli Mətbuat Gününün 149-cu ili qeyd olunacaq. Öz mətbuatımızın son vəziyyəti ilə Anadolu Agentliyini müqayisə etdikdə belə bir qənaətə gəldim. Bu gün jurnalistikamıza maddi və mənəvi dəstək yetərli və qənaətbəxşdirmi? Təəssüf ki, xeyr. Amma necə deyərlər, ümid sonda tükənir. İnanırıq ki, hər şey yaxşı olacaq.
Rövşanə XUDATQIZI