Sabiq ABŞ prezidenti Donald Trampa aid “Trump Organization”a daxil olan iki şirkət vergidən yayındığı üçün

1,6 milyon dollar məbləğində cərimələnib. Rusiyanın “Kommersant” qəzeti yazır ki, bu, belə hallar üçün nəzərdə tutulan ən yüksək cərimədir və şirkətlərin ödəmədikləri vergilərin məbləğindən iki dəfə çoxdur.

Məhkəmənin qərarı ilə “Trump Corp.” şirkətinə 810 min dollar, “Trump Payroll Corp.” şirkətinə isə 800 min dollar cərimə kəsilib. Qərarla bağlı “Trump Organization”un açıqlamasında bildirilib ki, şirkətlərin qanunazidd fəaliyyətləri olmayıb və ona görə də apelyasiya şikayəti edəcəklər.

Qeyd edək ki, “Trump Organization” strukturlarına və onun keçmiş maliyyə direktoru Allen Vayselberqə qarşı ittihamlar ötən ilin iyulunda irəli sürülüb. İddia hökmündə vergi fırıldaqçılığı, biznes sənədlərinin saxtalaşdırılması, bank və sığorta əməliyyatlarında fırıldaqçılıq, mənfəət əldə etmək üçün daşınmaz əmlakın dəyərinin yüksək və ya aşağı qiymətləndirilməsi daxil olmaqla 17 maddə var. Bu il yanvarın 11-də keçmiş maliyyə dirüktoru A.Vayselberq vergi fırıldaqçılığına görə 5 ay müddətinə azadlıqdan məhrum edilib.