booked.net booked.net  

«Azərbaycan» qəzetinin baş redaktoru haqda inanılmaz faktlar...

Əslində, onu mətbuat aləmində tanımayan yoxdur. Çoxları onu «Azərbaycan» qəzetinin baş redaktoru kimi tanıyır, bir çoxu millət vəkili kimi, bir çoxu isə... Əlqərəz, söhbətin kimdən getdiyi yəqin ki, sizə məlum oldu. O, seçiciləri tərəfindən illərdir ki, axtarışda olan və tapılmayan Bəxtiyar Sadıqovdur. Kimdir Bəxtiyar Sadıqov? Olduğu kimi görünəndir, yoxsa?.. Onda gəlin bizlər Bəxtiyar Sadıqov personası ilə yaxından tanış olaq.
İlk əvvəl qeyd edək ki, o, «Azərbaycan» qəzetinə baş redaktor keçən kimi Yeni Azərbaycan Partiyasının təşkilat sədrini heç bir əsas olmadan işdən çıxarıb. Bunu da belə izah edib ki, YAP «Səs» və «Yeni Azərbaycan» qəzetinlərinə lazımdır «Azərbaycan» qəzetinə yox. «Bakı xəbər» qəzetində prezidentin əleyhinə kəskin məqalələr yazan bir müxalifətçini «Azərbaycan» qəzetinə işə götürən də Bəxtiyar Sadıqovdur. Qeyd edək ki, həmin müxalif yazar məhz «Azərbaycan» qəzetində Özbəkistan prezidentini təhqir etmişdi. Bu yazı ilə bağlı iki ölkə arasında münasibətlər pozulmuşdu. Bundan sonra Bəxtiyar Sadıqova şiddətli töhmət verilmiş, həmin müxalif isə işdən çıxarılmışdır.
Bakı meri Hacıbala Abutalıbov haqqında çıxan yazıları da o, müxalif qəzetlərdən birinin baş redaktorunun sifarişi ilə verirdi. Fəaliyyəti dövründə daima ikibaşlı oyun oynayan B.Sadıqov 2000-ci ildə YAP-a daxil olub. Maraqlıdır ki, görəsən ümummilli lider Heydər Əliyevə öz «sədaqətini» nümayiş etdirmək istəyən B.Sadıqov 1992-ci ildə təsis olunmuş YAP-a niyə 8 il sonra daxil olmuşdur? Özü də çox qəribə bir şəkildə. İndi deyəcəksiniz ki, bunda qəribəlik nədir? Belə ki, YAP-ın nizamnaməsinə görə, hər bir insan yaşadığı və ya işlədiyi rayondan YAP-a üzv keçə bilər. Lakin daim düzlükdən danışıb «həqiqət axtarışında» olan B.Sadıqov Yasamal rayonunda yaşayıb işləməsinə baxmayaraq, nədənsə Abşeron rayonunda YAP-a üzv yazılıb.
27 fevral 2003-cu il tarixində isə o, qəzetlərin birində ölkə rəhbəri haqqında yersiz ifadələr işlətməklə ermənilərə və ermənipərəst qüvvələrə sanki dəstək olub. 11 oktyabr 2003-cü il tarixində B.Sadıqov «Azərbaycan» qəzetində «Müsavat» başqanı İsa Qəmbəri təbliğ edərək qəzetin bir səhifəsi boyu onun şəklini vermişdir. Həmin səhifədə prezidentliyə namizəd İsa Qəmbərin platforması əvəzinə, şəklin üzərində onun «Qələbəyə üç gün qalıb» ifadələri və yaxud 12 oktyabr 2003-cü il tarixində mitinqdə çağırışları əks olunub. O zamanlar B.Sadıqov elə zənn edirdi ki, İsa Qəmbər prezident olacaq. B.Sadıqov o zaman bilərəkdən Azərbaycan Respublikasının Seçki Məcəlləsinin üç - 83, 83.6 və 88-ci maddələrini kobud şəkildə pozmuşdur.


«Azərbaycan» qəzetinin 2002-ci il 27 noyabr tarixli sayında isə 2003-cu ildə keçiriləcək prezident seçkilərində ABŞ-ın müxalifəti dəstəklədiyi və müxalifətə 10 milyon dollar göndərildiyi bildirilmişdir. Ermənistan rəhbərlərinin qondarma erməni soyqırımının tanınması barədə dünya ölkələrinə etdiyi müraciətlər demək olar ki, rədd edilir. Amma təəssüflər olsun ki, Milli Məclisin orqanı olan «Azərbaycan» qəzetində guya ölkəmizdə erməni soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi barədə yalan, təxribat xarakterli məlumat dərc olunmuşdu. Özü də bu yanlış məlumat ermənilərin qondarma erməni soyqırımının 90 illiyini qeyd etmək istədikləri ərəfədə yayılmışdı.
Rəsmi dövlət qəzetinin 22 aprel 2005-ci il tarixli sayının 4-cü səhifəsindəki «Türkə qarşı erməni soyqırımları beynəlxalq elmi konfrans öz işinə başlamışdır» sərlövhəli məqaləsinin 1-ci sütunun 3-cü abzasında yazılıb: «Konfrans iştirakçıları erməni soyqırımı və terror aktları qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər». Həmin məqalədə qeyd olunur ki, aprelin 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin akt salonunda A.Bakıxanov adına Tarix İnstitutunun və Türk Dünyası Araşdırmalar Vəqfinin «Türkə qarşı erməni soyqırımı» mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfrans ermənilərin türklərə qarşı törətdikləri soyqırımdan bəhs olunurdu. Konfrans iştirakçıları ermənilərin türklərə qarşı törətdikləri soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişdilər. Lakin «Azərbaycan» qəzeti yazır ki, erməni soyqırımının xatirəsi yad edilmişdir. Əslində, tarixdə erməni soyqırımı olmayıb. Maraqlıdır ki, dövlət qəzeti, Milli Məclisin orqanı «Azərbaycan» qəzeti niyə qondarma erməni soyqırımını təbliğ edir və ermənilərin əlinə şans verir? Axı o vaxt Milli Məclisin sədri Murtuz Ələsgərovun rəhbərlik etdiyi parlament qondarma erməni soyqırımını tanıyan parlamentlərə etiraz bəyanatları göndərib.

İndi Milli Məclisin orqanının yazdıqlarına nə ad verək?
Hazırda Bəxtiyar Sadıqov millət vəkilidir. Onun səlahiyyəti çatır ki, bu gün beynəlxalq tribunalardan ermənilərin əleyhinə mübarizə aparsın. Amma o, bunu etmir. Sadəcə, öz varidatını artırır. Bu gün «Azərbaycan» qəzetində bir başsağlığı 20 manata başa gəlir. Başsağlığı verənlərin adlarının sayı artdıqca, qiymət də artır. Necə deyərlər, «Azərbaycan» qəzeti başsağlığı biznesi ilə məşğul olur. Müsahibələrinin birində B.Sadıqov belə bir müsahibə verib: «Baş komandan əmr etsə, o saat Qarabağa gedib vuruşmağa hazıram». Maraqlıdır, məgər Qarabağa vuruşa getmək üçün mütləq ali baş komandan deməlidir? Nədən 42 yaşı olanda B.Sadıqovun ağlından belə keçməyib ki, gedib Vətəni müdafiə etsin, amma yaş 50-ni keçəndə yalnız ali baş komandanın əmri ilə o, vuruşa hazırdır. Bir də zənnimcə, onun Vətəni qorumağa, vuruşa getməyə ehtiyacı yoxdur. Bunu onun oğlu edə bilər. Özü isə seçicilərinin problemlərini həll etsə, onların qayğısına qalsa, zənnimcə yetərlidir. Oğlundan söz düşmüşkən, aldığımız məlumata görə, B.Sadıqovun oğlu 2003-cü ildə İqtisad Universitetinin ödənişli fakültəsinə daxil olub. Millət vəkilimiz oğlu üçün saxta kağız alıb ki, guya övladı məcburi köçkündür. Bununla da o, dövləti aldadıb. Bu arayışı B.Sadıqov Ağdamdan alıb. Qeyd edək ki, millət vəkilinin oğlu Bakıda doğulub, burada informatika və riyaziyyat təmayüllü liseyi bitirib. Beləcə, millət vəkili bu saxta sənədlə oğlunu ödənişsiz şöbəyə keçirib.

Qeyd edək ki, B.Sadıqov «Azərbaycan» qəzetində baş redaktor təyin edildikdən sonra həmin qəzetdə 9 nəfər ürək çatışmazlığı xəstəliyindən ölüb, 4 nəfər isə işdən azad edilib. 1990-cı ildə «Kommunist» qəzetində müxbir işləyərkən B.Sadıqov ümummilli liderimiz H.Əliyevin ünvanına: «Durğunluq adlandırdığımız dövrdə pambıq müəyyən mənada ideallaşdırılmış, pambıqçılıqda rəqəmlər şişirdilmiş, artıq sahələr əkilmiş, torpaq-mühit korlanmışdır. Bu gün biz keçmişin səhvlərini düzəltməyə çalışarkən gərək yeni səhvlərə yol verməyək» - deyə yazmışdı. (Bax: «Kommunist» qəzeti, 2 noyabr 1990). Əlbəttə ki, o zamanlar bu məqaləni yazanda B.Sadıqov ağlına belə gətirə bilməzdi ki, bu gün bu məqalə ələ düşəcək. Milli Məclisin orqanı olan rəsmi dövlət qəzeti «Azərbaycan»ın 20 aprel 2004-cü il tarixli sayında isə yazılıb: «Azərbaycanda əhalinin 97 faizi səfalət içində yaşayır, yoxsulluqdan əziyyət çəkir». Maraqlıdır ki, bu yazılar bir məqsədə xidmət edir: Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna zərbə vurmaq. 2 aprel 2003-cü il «Azərbaycan» qəzetində belə bir fikir işlədilib: «Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın su ehtiyatlarının ekoloji təhlükəsizliyini dəfələrlə artırıb».
01 fevral 2003-cü il tarixli «Azərbaycan» qəzetində isə rabitə nazirimiz Əli Abbasov Heydər Əliyev və İlham Əliyevə həsr etdiyi «Milli düşüncə örnəyimiz» kitabını yazdığı üçün B.Sadıqov onu məddah və yaltaq adlandırıb. Əslində, mən yazılarımda heç kimi qurşaqdan aşağı vurmağı sevmirəm. Lakin bu gün mən deyəsən öz prinsiplərimdən uzaq olacam. Aldığımız məlumata görə, «Azərbaycan» qəzetinə islehsalat təcrübəsinə gəlmiş bir gənc qız B.Sadıqovun toruna düşüb. Sonradan həmin xanım qəzetlərdə bu hadisə ilə bağlı müsahibələr verdi. Bildirdi ki, onun B.Sadıqovdan bir oğlu da dünyaya gəlib. Lakin B.Sadıqov onu hədələyib. Bu barədə «Xural» qəzetinin 10 oktyabr 2011-ci il sayında hörmətli qələm yoldaşım, «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili müsahibəsində demişdir: «Mən Bəxtiyar Sadıqovun bədbəxt etdiyi qadını güclə sakitləşdirmişdim ki, qəzetlərə belə müsahibələr verməsin. Nə qədər olmasa B.Sadıqov millət vəkilidir, ayıbdır. Mən Elbar Şirinovu həmin qadınla B.Sadıqovun yanına göndərdim ki, o qadını qəbul edib dinləsin. Lakin B.Sadıqov onu nə qəbul etdi, nə də dinlədi».
Qeyd edək ki, Konstitusiyanın 85-ci maddəsinə görə, deputat seçilən şəxs dərhal əvvəl tutduğu vəzifədən istefa verməlidir. Lakin B.Sadıqov istefa verməyib, hələ də bu vəzifədə işləyir və dövlət qəzeti olan «Azərbaycan»ı öz ata malı kimi işlədir. Bu gün «Respublika» qəzetində başsağlığı verən zaman ödənilən m?bl?g ucun xüsusi qaimə verilsə də, «Azərbaycan» qəzetində heç nə verilmir. Əksinə, qəzetdə işləyənlərin böyük əksəriyyətini ağdamlılar təşkil edir. Yazımın sonunu yenə də «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin cənab Ramiz Mehdiyevə bir vaxt ünvanladığı müraciətilə bitirmək istəyirəm: «Hörmətli Ramiz müəllim. Tabeçiliyinizdə olan belə bir adama dövlətin rəsmi carçısı olan «Azərbaycan» qəzeti kimi bir tribunanı etibar etməyə dəyərmi? Axı bu qəzetə bilavasitə tanınmış ictimai xadim səviyyəsində olan şəxsiyyətlər rəhbərlik ediblər».
Cinarə VUQAR

Tarix: 21-11-2013 (

Pin It

Tezadlar Arxiv

İDMAN