booked.netbooked.net booked.net  

  …Öz isti nəfəsi ilə çağdaş ədəbiyyatımıza yeni ruh gətirən şair-publisist Yusif Millətoğlunun (Məmmədov) bu günə qədər

“Qərib duyğuların məngənəsində”, “Mərzili – o kənd bizim kəndimizdir...”,  “Kiçik ürəklərin böyük duyğuları”,  “Bir ömrün nağılı”, “Haqqın dar ağacı”, “Mərzilinin söz bağçası”, “Müəllimliyin Bayram müəllim zirvəsi”, “Beş qardaşın nağılı”, “İşıqlı yollara açılan cığır”, “Dərdimiz yetim qalsa”, “Müəllimlikdən qaziliyə”, “Qərib – Şəhid qəhrəman” və  “Mərzili elat-tərəkəmə həyatı” kitabları işıq üzü görmüşdür.

  Qarşımda Yusif Millətoğlunu yenicə çapdan çıxmış “Qələndər Xıdırov: Bilinməyən həqiqətlər” (Bakı, ADPU-nun nəşriyyat, 2022) kitabı durur.  Kitab “Ön söz əvəzi”, iki hissə və “Son söz”lə bitir.

  Müəllif kitabın “Ön söz əvəzi”ndə deyir: “…Mənə elə gəlir ki, həyatda iki cür insan var. Biri həyatı, yaşamı duyan, dərk edərək yaşayan. O biri isə, necə deyərlər, elə- belə yaşayanlar...” (səh. 3). Bəli, bu bir həqiqətdir ki, xoşməramlı insanlar el üçün yararlı, ziyanlılar isə el üçün yararsızlardır. Xeyirxah insanlar elinin, xalqının təəssübünü çəkən, qayğısına qalanlardır.  Belə insanlar hər an xeyirli işlər görür və gənc nəsl onların əməllərindən yetərincə bəhrələnərək işıqlı sabaha doğru inamla gedirlər. Qələndər müəllim də belələrindəndir».

 Kitabda SSRİ idman ustası, “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” kimi fəxri adlara layiq görülmüş, eləcə də müxtəlif mükafat və fəxri fərmanlar almış, 1988-ci ildən erməni cəlladlarına qarşı mübarizə aparmaq üçün yaradılmış yerli özünümüdafiə dəstəsinə qoşularaq şərəfli döyüş yolu keçən Qələndər Əkbər oğlu Xıdırovdan söhbət açılır.

  Birinci hissəni müəllif canlı və maraqlı etmək üçün mövzu ilə bağlı Məhəmməd peyğəmbərdən, görkəmli alim Xudu Məmmədovdan, naməlum şəxsdən, Hötedən, A.Mossodan, B.Franklindən, A.Şopenhauerdən və A.Farizdən misal gətirdiyi müdrik kəlamlarla, sanki öz fikirlərini əvvəlcədən oxuculara bəyan edir. Onların diqqərini Qələndər müəllimin keçdiyi həyat yoluna nəzər salmağa yönəldir. “Ömürə yaraşıq olan mənalı həyat” məqaləsində Şair- publisist insan həyatının dəyərindən danışır: “Qaranlığa işıq olmaq, yaşadığın ömrə dəyər qatmaq, başqaları üçün gərəkli olmaqdır yaşamaq”(səh.8).

 Müəllif belə bir deyimi əsas sayır ki, “…insan ömrünün mənası içinin təmizliyi ilə ölçülür” (səh. 8).

Bundan əlavə, o, başqa yolu da haqlı sayaraq deyir: “Amma hər bir anda vicdanlı, hamıya qarşı mərhəmətli, halal, ədalətli, ləyaqətli, qürurlu,  başqaları üzərində xoşbəxtliyini axtarmamaqla yaşamaq əsl yaşamaqdır, əsl insanlıqdır.” (səh 8).  Bu deyimlərin hər birini yazar Qələndər Xıdırov barəsində söyləyir. Bildirir ki, Qələndər müəllim kimi şəxslər bütün keyfiyyətlərlə xalqı, Vətən üçün lazımlı insandır. O, əlavə edir: “…nümunəvi ailə sahibi olmaq, cəmiyyət üçün yararlı övladlar böyüdüb tərbiyə etmək xoşbəxtliyi var Qələndər müəllimin. Həmişə hər yerdə başqaları üçün insani gərəkli və dəyərli edən ədalətə malikdir Qələndər müəllim” (səh .9).

 Yusif Millətoğlu Qələndər müəllimin idman sahəsində göstərdiyi bütün uğurlarından və uğurları qazanarkən qarşısına çıxan çətinliklərindən real faktlar əsasında söz açır.   Onun “cəsarət sahibi” olduğunu müəllif belə izah edir: “…Qələndər müəllim hər kəsdən ədalət gözləyən, yeri gələndə tələb edən cəsarət sahibidir. Heç vaxt heç kim onu ədalətsiz güclünün yanında görmüşəm deyə bilməz.  O, həmişə çalışıb ki, gücsüz haqlının yanında olsun” (səh.11). Müəllifin sonda gəldiyi nəticə belədir:

“Bir sözlə Qələndər Əkbər oğlu tanıdığım, dost dediyim insanların qüsursuz üzvlərindən biridir” (səh 12).

***

    Şair – publisist “ Həyatın mənası nədir?” məqaləsində söyləyir ki, “Deməli hər bir insanın genetik yaddaşına əlavə olunur onun böyüdüyü sosial mühit, təbii-coğrafi şərait və ünsiyyətdə olduğu insanlarla olan qarşılıqlı münasibətlər” (səh. 13).

Müəllifə görə “ həyat özü də bir müəllimdir və öyrənənləri öyrədir” (səh.13). Qələndər Xıdırov həyat yolunda “O, yaxşı əməl sahibi olan yaxşı insan kimi tanınır. Çünki onun sözünü həmişə işi, əməli təsdiq edir” (səh.13).

    “Yaxşı insan kimlərə deyilir?” yazısında müəllif “Dahi Lütfizadənin ideyasına əsaslanaraq deyə bilərik ki, mütləq yaxşı, mütləq pis yoxdur” (səh 14).

  1. Millətoğlu Qələndər Xıdırovun “yaxşı insan”, “yaxşı əməl sahibi” olduğunu faktlar əsasında söyləməyə çalışmışdır.  Onu aşağıdakı cəhətlərinə görə yaxşı insan kimi dəyərləndirir:
  • Xalqı, dövləti üçün vətəndaşlıq borcunu yerinə yetirməyə hazır olan;
  • Kökünə bağlı olmaqla müasirliyi olan;
  • Səhv edərkən onu etiraf etməyi bacaran;
  • Pisliyə yaxşılıqla qarşılıq verməyi bacaran;
  • Yeri gələndə cəsarət və şücaət sahibi olmağı bacaran;
  • Mərhəmətli. Ürək qırmayan, könül sındırmayan;
  • Hər kəsin xoş gününü arzulayan və ona çalışan;
  • Cəmiyyət içində özünü də, sözünü də tutmağı bacaran;
  • Təmkinli, qəzəbinə hakim olmağə bacaran;
  • Nəfsinə hakim olmağı bacaran – əkmədiyini yeməyən, tikmədiyini geyməyən;
  • Geyiminə, oturuşuna, duruşuna fikir verib özünü cilalamağı bacaran;
  • Hərəkəti, danışığı, jestləri ilə insanlara xoş ovqat bəxş edənlər və s. (səh. 14-15).

  Müəllifin yozumunca “yaxşı insanların mütləq gələcəkdə gələcəyi olur. Bu da xoşbəxtliyə ən böyük və işıqlı ümiddir. Bu fikrin gerçəkliyinə də Qələndər müəllimin həyatının nümunəsində inana bilərik» (səh. 15).

   “Ot kökü üstə bitər”də Y.Millətoğlu Qələndər Əkbər oğlu Xıdırovun “şəcərə”sindən danışır. Onun “böyük Mərzili elinin Hacımanlı tirəsindən” olduğunu tarixi mənbələrə əsaslanaraq şərh edir. Bunda əlavə, ulu babası, babası, onların övladları xatırlanır və Qələndər müəllimin babası Abdullaya oxşadığı anılır. Bütün cəhətləri ilə Qələndər müəllim babalarının şərəfli yolunu davam etdirir və kökünə bağlılığını əməli ilə təsdiqləyir.

   “Kişiyanə xarakterli xanım” məqaləsində Qələndər müəllimin anası Əhmədova Şahnisə Salman qızı yad edilir. Onun kənddə ilk ali təhsilli qadın olduğu, cəsarətli, işinin öhdəsindən bacarıqla gələn bir insan olduğundan danışılır. Şahnisə xanim Mərzili Kənd Sovet sədri olarkən kəndə bir dəfə də olsun rayon polis şöbəsindən polis əməkdaşının hansısa problemə görə gəlməməsi onun işinin öhdəsindən bacarıqla gəldiyindən və kənd camaatının qeydinə yaxından qaldığında xəbər verir. Burada Yusif Millətoğlu Hacı Cəlil İbrahimli müəllimə müraciətilə yazdığı bir şeir də yer almışdır:

        Hacı Cəlil, xatirələr oyandı,

        Uşaqlığım göz önündə dayandı.

        Həsrətdən ürəyim alışdı,yandı,

        Duyğularım sığammadı bu sətrə:

        “Uşaqlıqdan yadda qalan xatirə...” (səh 22).

      Qələndər müəllimin ana babası Salman kişi və onun bacııs Yetər nənə, Qələndər müəllimin həyat yoldaşı Nərgiz xanımın atası Şirin kişi, “sevimli yeznəsi” Aydın Qaraş oğlu, Yusif müəllimin əmisi Rəşid, Yetər nənənin oğlu Qasım,  Xudu Məmmədov və atası Surxay kişinin adı çəkilir. Hər biri haqqında yadda qalan səhifələr vərəqlənir.

    Yusif  Millətoğlu Qələndər müəllimin şəxsi keyfiyyətlərini sərgiləyərkən onun təəssübkeş bir insan olduğunu “Təəssübkeşlik” yazısında bütün cəhətləri ilə xarakterizə edərək söyləyir: “Mən  Qələndər müəllimin el-oba, xalq, millət, haqq və ədalət təəssübkeşi kimi tanıyıram. Dilimizdə deyildiyi kimi, Qələndər müəllim qəzəbli olanda belə haqqı danmayandır” (səh. 27).

    “Kəndimizdə idman və idmana münasibət” yazısında  Mərzili kəndində idmanın inkişafından və idmana qayğı şərh edilir. 1960 –ci ildə Mərzili kəndində orta məktəbin fəaliyyətə başlaması Bayramov Bayram Məhəmməd oğlunun adı ilə bağlıdır. Bayram müəllimin direktor olduğu dövrü  Əməkdar müəllim Allahverdi Nəsiboğlu təhsil sahəsində “intibah dövrü” adlandırır. Mərzili kəndində orta məktəbinin ilk ali təhsilli idman müəllimi Məmmədov Qələndər İsgəndər oğlu və ikincisi isə Bayramov Yusif İbrahim oğlu olmuşdur. Məktəbdə idmanın dirçəlməsində onların müstəsna xidmətləri var. Orta ixtisas təhsilli idman müəllimi Qədimov Məhəmməd  İxtiyar oğlu idi. Qələndər Əkbər oğlu Xıdırov və daha sonra isə Hacıyev Ramiz Cavad oğlu da ali təhsilli idman müəllimləri kimi Mərzili kənd orta məktəbində çalışmışlar. Ramiz müəllim Mərzili kənd orta məktəbində futbol komandasını yaradır və komandanın kapitanı Qələndər Xıdırov olur. Onlar dörd dəfə Ağdam rayonununda məktəblər arasında keçirilən futbol yarışında çempion olmuşdur.  Bu futbolçulardan Cəfərli Pənah Barat oğlunun adını iftixarla çəkmək olar. Sonralar o peşəkar futbolçu olmuşdur. 70-ci illərdə Xıdırov Qələndər Əkbər oğlu ağır atletika sahəsində böyük uğurlara imza atıb, hətta idman İnstitutunda oxuduğu illərdə yarışlarda çıxış edərək “SSRİ idman ustası” kimi ada layiq görülür. 80-ci illərdə Mərzili kənd orta məktəbinin futbol komandasının oyunçusu olmuş Vahid Hüseynov hazırda AFFA –da hakim- inspektor kimi fəaliyyət göstərir.  Yazıda adı xatırlanan futbolçulardan biri də tarix üzrə fəlsəfə doktoru, yazıçı Şahlar Həsən oğlu Kərimovdur. Onun da Mərzili futbol komandasında  xüsusi izi qalmışdır.

***

   Qələndər Məmmədovun rəhbərliyi altında (1973) Yusif  Məmmədov, Fikrət Əliyev və Miriş Qara oğlu da bacarıqlı futbolçu kimi fəaliyyət göstəriblər. Yazıda bu futbolçulara da diqqət  yetirilmişdir.

   “Zəngin bioqrafiya - mənalı yaşanmış ömür”  Qələndər Xıdırovun mənalı və zəngin həyat yoluna işıq salınmışdır. Yusif Millətoğlu  Qələndər müəllimin tərcümeyi-halını verərək fərqli bir üsul seçmişdir. Hadisəni daha canlı göstərmək üçün Qələndərin tərcümeyi-halını özünə danışdırır.  Daha sonra müəllif Qələndər müəllimi yaxından tanıyan “Tərəqqi” medallı müəllim Allahverdi Nəsiboğlunun Qələndər haqqında söylədiyi fikirləri verir: “...Mən Qələndəri görəndə mütləq Mərzilini xatırlayıram. Hər görüşümüzdə o, tipik Mərzili kişisinin obrazı kimi durur gözlərimin önündə. Qələndər olduqca zəhmətkeş, işgüzar, çalışmaqdan bezməyən insandır” (səh.38).

   Dostunun Qələndər müəllim haqqında dediyi fikirləri səsləndirməklə Y.Millətoğlu onun necə  dəyərli bir insan olduğunu göstərməyə çalışmışdır.

  Qələndər Xıdırovun ağır atletika sahəsində qazandığı uğurlarından “İdman Akademiyasının ulduzları”ndan biri – Qələndər Xıdırov“ məqaləsində Qələndər Xıdırovdan xüsusi rəğbətlə danışılır. Şair – publisist kitaba Qələndər Xıdırov haqqında ayrı-ayrı vaxtlarda mətbuat sahifələrdə yer almış məqalələri də daxil etmişdir.  Çalışmışdır ki, onun barəsində yazılmış xoşməramlı məqalələrlə də Xıdırovu oxucularla yaxından tanış etsin. Onun haqqında xoş ovqat yaratsın.

“Qələndər Xıdırov və Qarabağ müharibəsi” yazısında birinci Qarabağ savaşında (1988-1994) Ağdam rayonundan “6000 nəfərdən çox hərbi və mülki şəhid”, 44 günlük İkinci Qarabağ – Vətən müharibəsində isə Ağdam rayonundan 57 nəfər hərbi şəhid olduğunu göstərmişdir. Ağdam rayonundan Birinci Qarabağ müharibəsi zamanı 16 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür. Bu müharibələr dövründə Mərzillilərdən 41 nəfər hərbi, 16 nəfər isə mülki şəxs şəhid olmuşdur. Mərzili kəndindən ilk 30 nəfər könüllü olmuşdur ki, müəllif onların adını kitaba daxil etmişdir.

   Bunla bahəm Y.Millətoğlu “Mərzili kəndinin şəhid qəhrəmanları” adlı yazısında şəhid olmuş 38 nəfərin adı kitabda yer almışdır. Ümumiyyətlə, Y.Millətoğlu Vətən – Qarabağ yolunda şəhid olmuş bütün şəxslərə xüsusi məhəbbətlə yanaşaraq onları qürur hissi ilə yad etmişdir.

  “Kiçilməyən böyüklük” başlığında Qələndər Xıdırovun  Sovet ordusunda xidmət etdiyi dövr və həmin vaxt nəhəng bir çeçenlə döyüşməsi və ona qalib gəlməsi xatırlanır. Bu hadisə Qələndər müəllimin gənclik illərindən bir xatirə kimi yad edilir. Yazının sonunda Y.Millətoğlunun “Gəlin, qapılara papaq atmayaq” şeiri verilmişdir. Şeir 2017-ci ildə qəmli notlar üzərində köklənmişdir.

Düşünək keçmişin ərənlərini,

Gəlin, qapılara papaq atmayaq!

Qoruyaq kişilik dəyərlərini,

Torpaqlar işğalda-gəlin yatmayaq!

 Şükürlər olsun ki, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu 2020-ci ildə Qarabağı 44 günə yağı düşməndən azad etdi.

“Həmişə zirvədə olan müəllim” yazısında Yusif  Millətoğlu Mərzili kənd orta məktəbinin direktoru olmuş  Bayram müəllimin misilsiz əməyindən danışır. Onun “zirvədə olan müəllim” olduğunu heç vaxt yaddaşlardan silinməyəcəyi qənaətinə gəlir. Belə pedaqoqlar gənc nəsli işıqlı sabaha doğru aparan mayak olduqları üçün onların yeri hər zaman “zirvə”dir.  Müəllif  bu fikirlərini əminliklə söyləyir. Xalq üçün yanan ürək həmişə Günəş kimi işıq saçır. Y.Millətoğluya görə belə ziyalı işığı ədəbi sönməyən günəşə bənzəyir.

   “Dost itkisi ağır olur” yazısında müəllif  Qələndər müəllimin dostu, Birinci Qarabağ müharibəsində əlil olmuş Firdovsi Əsgər oğlu Qasımovun vəfatı anılır. Qələndər müəllim dostlarının vəfatından dərin kədərləndiyini bildirilir. “Qərib Balacayev Vətən müharibəsi qəhrəmanıdır” məqaləsində Qələndər müəllimin   şəhid Qərib Balacayevi qəmli notlarla yad etdiyini Y.Millətoğlu səmimi hisslərlə göstərmişdir.

    Müəllif “Vətən həsrətli, Mərzili yanğısı”  məqaləsində Qələndər Xıdırovun uzun illər erməni cəlladlarının işğalı altında olan Mərzili kəndi üçün odsuz-ocaqsız yandığını qəmli duyğularla təsvir etmişdir. Hazırda isə işğalda azad olmuş kəndinə sərbəst gedib-gələ bilmədiyinə görə dərd çəkdiyi göstərilir. Qələndər müəllim dərdini izah etmək üçün “Məni Mərzilimə yetir, İlahi! ” şeirini yazır və yurda qayıdış həsrəti ilə alovlanıb yanır:

    Nə olar arzumu çin eylə bir gün

    Məni Mərzilimə yetir, İlahi!

    Məni Mərzilinin öz qucağında

    Bir məzar eyləyib bitir, İlahi! (səh 93)

  Beləliklə, “Qələndər Xıdırov: Bilinməyən həqiqətlər “ kitabının birinci hissəsində 24 məqalə yer almışdır. Bu məqalələr ayrı-ayrı adlar altında yazılmasına baxmayaraq, onların hamısını ideya birləşdirir -  Qələndər Ələkbər oğlu Xıdırovun həyatının bütün özəlliklərini açıb sərgiləmək. Oxucularla onu daha dərindən tanış etmək.

   Kitabın ikinici hissəsi Yusif  Millətoğlunun “Ayrılığın həsrət nağılı” romanı ilə açılır. Romana başlamamışdan əvvəl müəllif giriş xarakteri daşıyan mövzu ilə bağlı müdrik şəxsiyyətlərin fikirlərinə yer ayırmışdır. O, C.Ruminin, naməlum şəxslərin, V.Belinskinin, V.Şekspirin, Hötenin, Q.Leybnistin, Balzakın, A.Kamyunun, C.Bayronun, Əbu Turxanın və H.Heynenin məhəbbət haqqında kəlamlarını önə çəkmişdir.

  Roman belə başlayır: “Sözümə payızda başladım.  Fəsillər içərisində özəlliyi, özünəməxsusluğu,  gözəlliyi olan payızda. Təki insanın əhvalında, içində, ruhunda payız olmasın, qış olmasın...” (səh.96.). Müəllifin romanın məzmununa uyğun fikir söyləməsi hadisənin “payız” və “qış” havası kimi tutqun olmasını öncədən xəbər verir. Əhvalatın sonunun soyuq-bədbin olacağına işarə vurur. «…Biz Qələndər müəllimlə “payız sərinliyində sakit bir yerdə görüşdük. Qələndər bir neçə gənclik dostundan başqa heç kəsin bilmədiyi sirrini mənimlə bölüşdü.” (səh.96.)

   «…Qələndər müəllim böyük şairimiz M.Füzulinin “Mən sevirəm bəlanı, çün sevir bəla məni” (səh.96) misrası ilə sözə başladı. Bədbin sonluqla bitən həyat hekayəsini həyəcanlı, bir növ alovlu dillə danışdı. İçində qövr edən kədərli anları, nakam məhəbbətinin uğursuz sonluğunu küskün deyimlərlə başa çatdırdı. Sara ilə olan məhəbbət yoluna sipər olan Saranın böyük qardaşı İlhamı kədərli şəkildə yad etdi. Məhəbbətin sevincli-kədərli anlarını Qələndər müəllim böyük şövqlə danışdı… Ona kədər gətirən ilk sevgi hekayəsinin ürəyinə qara xal saldığının şahidi oluruq…».

    Yusif Millətoğlu romanı olduqca maraqlı bir həyati və sənədli hadisə üzərində quraraq nəql edir. Hadisə real faktlardan qaynaqlanaraq açıqlanır. Əhvalat Ağdam rayonunun Mərzili kəndində baş vermişdir. Yazıçı heç bir şeyi özündən uydurmamış və hadisəyə yeni və canlı ruh verərək təbii boyalarla canlandırmışdır.  Hadisə SSRİ idman ustası və  “Azərbaycan  Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” Qələndər Əkbər oğlu Xıdırovun həyat salnaməsidir. Qələndər müəllimin gənclik illərində baş vermiş hadisələr romanın ana xəttini təşkil edir. Orta məktəbdə oxuduğu illər, dostları, sinif yoldaşları, qohumları, müəllimləri, kəndləri, idman sahəsindəki uğurları, əsgərliyə getməsi, ali məktəbdə oxuduğu illər, ağırlıqqaldırma üzrə yarışlarda istirak etməsi və ilk sevgi hekayəsi xatırlanır. Saraya olan sonsuz məhəbbəti, bu məhəbbətin ilk başlama səbəbləri, Ağdamda xəstəxanada yatarkən Saranın Bakıdan onun yanına gəlməsi, dəlicəsinə Saranı sevməsi Q.Xıdırovun həyat nağılının bir hissəsi kimi verilmişdir.  Mərzili kəndinin füsunkar təbiəti, təbii gözəlliyi, onun qoynunda yaşayan kənd camaatı, onların yaşayış tərzi, anası Şahnisə xanımın Kənd Sovet sədri işləməsi, kəndin xeyir-şərində öndə durması, sözü bütöv qadın olması, haqqı-ədaləti müdafiə etməsi, mənəvi paklığı, hər bir kənd sakininə qayğı ilə yanaşması romanda səhifə-səhifə vərəqlənir, onun xeyirxah əməllərinə görə kənd camaatı tərəfindən sevilməsi hər an yad edilir. Bundan əlavə, romanda adları çəkilən Aydın, Əhəd kişi, Sabir, Tahir Əliyev, Tüllab, Alıqulu, İdris, Musa, Loğman, Ələsgər, İlham, Fizzə xanım, Nərgiz, Nazlı, Təbriz, Şəmsi, Laura, Zenfira, Dilşad, Şəmdil və Qələndər müəllimin həyat yoldaşı Nərgiz və övladları: İsmixan, Elvin və Gülarə və s. adları çəkilir. Bu obrazlar Mərzili kənd sakinlərinin toponimik yaddaş kimi gələcəkdə xatırlanacaq və kənd haqqında təsəvvür yaradacaqdır.

***

  Bu gün də Qələndər müəllimin mürgülü sevgi, nisgilli məhəbbət nağılı dillərdə dastan kimi yaşayır. Bu əhvalatdan 43 il ötməsinə baxmayaraq, məhəbbət nisgili Q.Xıdırovun ürəyində hələ də davam edir. “Ayrılıq həsrəti nağılı” bir silinməz duyğu kimi hələ də onun ürəyində qövr edir, öz naləsi ilə göylərdə haray çəkir:

 Tez-tez xatirələr dil açıb dinir,

 Xəyalla qol-boyun olur həmişə.

Şirin xatirələr tutur əlindən,

 Xəyal qanadında dönür keçmişə... (səh.107).

   Ötüb keçən illərə boylananda yada düşən mürgülü xatirələr baş qaldırıb deyir: mən keçmişdə qaldım, amma izlərim ürəklərdə yaşayır, gələcəyə salam göndərir. Bu insan ömrünün yeni bir təcəssümüdür.

 Qələndər Əkbər oğlu Xıdırovun keçmiş illərinə boylananda bu ömrün bütün anları göz önündə bir kino lenti kimi gəlib keçir. Gənc nəsl bu ömrün işığından ilham alaraq irəliyə doğru gedəcəyinə inamını hər an artırır, bu əbədi yaşam yolu gəclərin həyatında yeni bir səhifə açır. Onların həyata baxış bucağını daha da mübariz və inamlı edir.

“Qələndər Xıdırov: Bilinməyən həqiqətlər” romanında xatırlanan insanlrın hər birinin öz əməlinə görə yad edilməsi canlı həyat lövhəsidir.  Bunların içərisində yaxşı-xeyirxah insanlar çoxluq təşkil edir. Bədxah insanlar isə öz mənafeyi üçün hər kəsə pislik etmək yolunu tuturlar. Müəllif bu insanların daxili aləmini təbii boyalarla bəzək-düzəksiz canlandırmışdır. Belə bir qayə əsəri daha da gözəlləşdirərək maraqlı etmişdir.  Romanın dilinin şirinliyi, lakonikliyi, yığcamlığı, xalq ruhuna yaxın olması onun təravətli olmasını əsaslandırır.

 Ümumiyyətlə, Yusif Millətoğlu yaradıcılığındakı milli ruh, sonsuz Vətən sevgisi, xalqına, elinə, kəndinə bitib tükənməyən məhəbbət hissi oxucunu ona daha yaxından bağlayır, ruhuna sanki yeni qida, mənəvi paklıq, ədəbi sönməz gələcək bəxş edir. İnsanlara geriyə boylanaraq irəliyə doğru mətin addımlarla getmək ruhu verir. Bunda əlavə hadisənin şirin duyğularla danışılması əsərin milli kolaritini daha da zənginləşdiri.

 Mən şair-publisist Yusif Millətoğluna bitib tükənməyən yeni-yeni yaradıcılıq uğurları və  eləcə də tez-tez yeni əsərləri ilə oxucularını sevindirməyi arzulayıram. Qoy onun uğurları bol, yaradıcılıq yolu həmişə işıqlı olsun!

Sabir Rüstəmoğlu (Məmmədov),

ADPU-nun Ağcabədi filialının dosenti,

AYB və AJB-nın üzvü

                                                                                    

 

 

 

 

   

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN