booked.netbooked.net booked.net  

Qarşıdan gələn Həcc ziyarəti ilə bağlı bir saytda araşdırma aparılıb ki, görək şou əhli arasında kimlər Həcc ziyarətinə gedib. Məlum olub ki, Nüşabə Ələsgərli, Mətanət İsgəndərli və digərləri Həcc ziyarətində, Tünzalə Ağayeva, Mina Hüseyn isə Ümrə (kiçik Həcc ziyarəti) ziyarətində olublar.

P.S. Mən də deyirəm bu Tünzalə Ağayeva və Mina Hüseyn axır vaxtlar niyə belə açıq-saçıq geyinirlər? Bunlar hələ Ümrə ziyarətində olandan sonra belə soyunurlar, yəqin Həcc ziyarətində olandan sonra səhnəyə, efirə dünyaya gəldikləri kimi çıxacaqlar.

***

"O-kişi" filmindən və "Saç lakı" serialından tanınan Hollivud ulduzu Amanda Bayns  ötən bazar günü Los-Ancelles küçələrinin birində tamamilə lüt gəzməyə çıxıb. Bu zaman polis onu həbs edərək bölməyə aparıb və sonradan psixatirik xəstəxanaya yerləşdirilib.

P.S. Bu da sizə açıq-saçıq saydığınız, şəxsiyyətin azadlığı olan Amerika. Amma maraqlıdır, bizim şou əhli olan ulduz xanımlar, nəinki küçədə, hətta milyonların izlədiyi televizorlarda, sosial şəbəkələrdə, soyunub lütlənərək çıxırlar. Bəs görəsən, bizim polislər niyə onları tutub psixatirik xəstəxanaya yerləşdirmirlər? Axı ağlı başında olan Azərbaycanlı xanım efirlərə soyunub bütün əzalarını çöldə qoymaqla çıxmaz. Çıxırsa, deməli, psixi problemi var. Ona görə də polislərdən xahiş edirik bu xanımları lazım olduqları yerə, yəni müalicə üçün psixatirik xəstəxanaya göndərsinlər.

***

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin 70 yaşı tamam olur. Mediada 29 ildir işlədiyi vəzifədən gedəcəyi ilə bağlı söz-söhbət dolaşır.

P.S. 29 il bir vəzifədə işləməyə adamda səbr, həvəs, enerji lazımdır. Görünür Məleykə xanımın səbri tükənib, həvəsi ölüb, enerjisi də daha bəs eləmir. Ay başınıza dönüm, eləməz də. 29 il bir vəzifədə işləmək olar? Adi su da bir yerdə çox qalanda… o söz! İndi biz demirik ki, Məleykə xanım da 29 il bir yerdə qaldığına görə vəzifədən getməlidir. Ətövbə, adamın ağzı əyilər, qələmi... üzr istəyirəm, klaviaturası qırılar, komputeri "error" verər. İnanmıram dünyada elə bir vəzifə sahibi olsun ki, 29 il bir yerdə işləsin. 29 il bir yerdə, özü də neçə-neçə prezidentlə işləmək hər adamın hünəri deyil. Bu, artıq "Ginnesin Rekordlar kitabı"na düşmək deməkdir. Görürsünüzmü, dünyada bizim də öyünəsi nəyimizsə var.

***

Son vaxtlar İranın molla rejiminin qarnına sançılar dolub. Məsciddə donuz saxlayan erməni ilə qardaş olan İranın indi də Zəngəzur sancısı tutub. "Dəhliz açılmayacaq" deyən molla rejimi Azərbaycan-İran sərhəddinə qoşun yığır, təlimlər keçirir, Xankəndinə terrorçu dəstələr göndərir.

P.S. Bu yerdə o məşhur lətifədə tutuquşunun təzə sahibi Qasım adlı şəxsə dediyi sözlər yada düşür: "Nədi Qasım, arxan qaşınır?". İndi bu İranın molla rejiminin dalı da, buynuzu da əməlli-başlı qaşınır. Ona görə də bizim sərhəd dirəyimizə və əsgərlərimizin avtomatının lüləsinə sürtünür...

***

Xankəndi erməniləri ilə növbəti dialoq hələ ki, alınmır. Ermənilər min bir bəhanə ilə dialoqdan qaçırlar.

P.S. Eybi yox, ermənilər indi dialoqdan qaçırlar, bir azdan sonra Xankəndindən qaçacaqlar.

***

Məlumatlara görə Kreml SSRİ-ni bərpa etmək xülyasındadır.

P.S. Mən başa düşə bilmirəm, məgər qəbristanlığa gedən ölü geri qayıda bilərmi?

***

Xəbər verilir ki, Azərbaycanda bir necə universitet ləğv ediləcək.

P.S. Əgər indiyə qədər dünya universitetlərinin reytinq sırasında heç 100-cü yerdə olan bircə universitetimiz yoxdursa, onda o universitetlər ləğv olunsa yaxşıdır.

***

Xalq artisti Brilliant Dadaşova "Xəzər axşamı" verilişində fonoqramla toy oxuyan müğənnilərdən danışarkən belə deyib: "Hərə bir fonoqram oxuyub gedir, yaxşı deyil. Deyirdim ki, ya biz tamaşaçı üstünə getməliyik, ya da onlar gəlib bizi tapdalayacaqlar. Ona görə gedib tamaşaçılarla oxuyurdum".

P.S. Eh, ay Brilliant xanım, bu şou əhli arasında bilirsən nə qədər tapdalanmalı müğənni var? Səsi, sənəti olmasa da, soyunmağın, kompüterin köməyi, fonoqramın və sponsorun sayəsində müğənni olanları nəinki tapdalamaq, hətta Məşədi İbad demiş, mürtət uşağı, mürtədi yıxıb yerə, ağzına-ağzına vurmaq lazımdır. Bunları efirdən yığışdırmağın başqa yolu yoxdur.

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

elcin-mmmdli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN