Müdafiə Nazirliyinin (MN) mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi,

polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin (HDQ) maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Tezadlar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Məhkəmə iclasında şahid qismində ifadə verən İlqar Naftalıyev bildirib ki, sözügedən vaxtda şirkət rəhbəri işləyib. İşlədiyi şirkət qol və yaxa nişanlarının hazırlanması ilə məşğul olub. Onun sözlərinə görə, Müdafiə Nazirliyinin sifarişi ilə qol və yaxa nişanları istehsal edərək təhvil veriblər.

"Təhvil verdiyimiz sifarişlərin pulunu vaxtında ala bilmədiyimiz üçün Müdafiə Nazirliyi ilə əlaqə yaratmağa çalışırdıq. Nazirlik ilə 1 milyon 31 min manatlıq müqaviləmiz olub", - o bildirib.

İ.Naftalıyev əvvəl müttəhim Nizami Məmmədovu tanıdığını bildirsə də, sonradan həyəcanlandığını və onu Akif Umudovla səhv saldığını deyib. O, Nizami Məmmədovdan üzr istəyib.

Şahid əlavə edib ki, nazirlikdən aldığı pulun 3 faizini, yəni 52 min manatını Akif Umudova "otkat" olaraq qaytarıb.

Məhkəmədə şahid qismində dindirilən Elnur Məmmədov deyib ki, qazanxanaların təmiri ilə məşğul olan şirkətin rəhbəri olub:

"Şirkəti 2011-ci ildə yaratmışıq. Müdafiə Nazirliyi ilə başqa şirkət rəhbəri olan Əlövsət Orucov vasitəsi ilə əlaqə yaratmışam. Əlövsət müəllim dedi ki, pulun müəyyən miqdarını idarəyə qaytarmalısan. Nazirliyə 8-10 faiz "otkat" qaytarırdıq. Müəyyən xərclərə görə, faiz verməli olduğumuzu bildirirdilər, biz də verirdik".

Onun sözlərinə görə, müqaviləni MN-in Mənzil-İstismar idarəsi ilə bağlayıblar. Aldığı pulun 236 min manatını "otkat" olaraq qaytarıb.

İclasda bir neçə nəfər şahidin məcburi gətirilməsi ilə bağlı qərar qəbul olunub.

Məhkəmənin növbəti iclası mayın 17-nə təyin olunub.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə dövlətə dəymiş ziyan ümumilikdə 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.

İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı artıq ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN