...Bu gün dünyanın baxışı bütünlüklə Rusiya-Ukrayna çəkişmələrinə bağlı görünür.

Başqa uluslararası sorunlar (beynəlxalq problemlər) sanki ikinci dərəcəli anlam daşıyır. Geneldə isə bütün uluslararası sorunlar bir-birinə bağlı şəkildə gəlişir. Belə də deyə bilərik, hər hansı bir bölgədə (regionda) olan uluslararası sorunlarla bağlı münasibətlər yeni aşamaya keçir. Məsələn, Orta Doğuda başlayan proseslər Güney Qafqaza, Orta Asiyaya, Doğu Avropa sınırlarına doğru inkişaf edir. Ona görə bu gün Ukrayna çevrəsində baş verən olaylara ayrıca baxmaq, yuxarıda adı çəkilən bölgələrdən ayırmaq mümkün deyil. Rusiya öz varlığını qorumağa çalışır. Bunun üçün güc işlətməkdən belə çəkinmir. Bu isə, çoxlarının düşündüyü kimi, SSRİ-nin bərpasına doğru göstərilən çabalar deyil. Sadəcə görünən odur. Rusiya ən böyük iddialarla davranır ki, heç olmasa ən az siyasi çıxarlarını təmin edə bilsin. Eyni halda, Rusiya içsəl sorunlarını dış sorunlarının arxasına keçirib pərdələməyə çalışır. Çinin güclənməsi qarşısında dalana dirənən Batı gücləri, bu açıdan, Rusiyanın keçmiş sovet respublikalarına qarşı güc sərgiləməsinə göz yumurlar. Rusiya da bu durumdan (fürsətdən) yararlanıb  strateji bölgələrdə siyasi yerini möhkəmlətməyə çalışır. Batı Rusiyanın bu çabalarına əngəl olarsa, yaxın gələcəkdə Çin dünyanın super gücünə çevriləcək. Artıq bu durumu analitik olmayanlar da anlayır. Çinin bu inkişaf perspektivinin qarşısını almaq mümkündürmü – demək olduqca çətindir. Ancaq ən azı gecikdirməyə çalışırlar. Bunun da iki yolu var: Birinci yol – Türklərin aktiv Birliyinin yaranmasıdır. Bu Birliyin Çinin hərbi, siyasi sınırlarının genişlənməsinə sipər olması. Bu yol Batının istəklərinə uyğun gəlmir. Dönə-dönə vurğulamışıq, yeni bir hərbi-siyasi güc birliyinin ortaya çıxması (Türk Birliyi biçimində) Batı üçün öncəkilərdən, daha doğrusu, mövcud olanlardan daha qorxunc bir görsənişdir.

İkinci yol – Türk dövlətlərini basqı altında tutub Çinin qarşısında duran Rusiya faktorudur. Bu yol Batının istəklərinə daha uyğundur. Bununla Rusiya aşırı güclənərsə, onu öz içində islah eləmək (çoxsaylı türk subyektlərinin əli ilə) Batı üçün daha mümkün görünür. Bununla belə, Ukraynaya münasibətdə Batı Rusiyaya özbaşınalıq olanağı tanımaq istəmir. Çünkü Ukraynanı basqı altına almaq – birbaşa Avropa sınırlarına qorxu yaratmaqdır (AB sınırlarını təhdid eləməkdir). Ancaq dediyimiz kimi, Rusiya Batının Çindən çəkinməsindən yararlanıb daha çox şey əldə etməyə çalışır. Bütün bunlar Rusiyanın öz mövcudluğunu qoruması yönündə çabalarıdır – üzdə SSRİ-ni bərpa eləmək çabaları kimi görünsə də. Bu günkü proseslər, şərtlər SSRİ kimi bir imperiyanın yenidən səhnəyə çıxmasını olumsuz edir. Doğrudur, Rusiya imperiya kimi düşünülüb, yalnız imperiya kimi mövcud ola bilər. Bağımsız bir respublika quruluşu Rusiya üçün keçərli deyil. Hətta SSRİ yıxılanda belə, Rusiyanın taleyinin necə olacağını bəlirləmək olduqca çətin idi. Rusiyanın birgə qonşuluq, barış (sülh) ortamında varlığını sürdürməsi alınacaqmı, yoxsa o imperiyasını başqa şəkləmi salmalıdır?! Axı Rusiya kiminlə dinc, barış ortamında yaşayacaq?! Quzey Qafqaz xalqları iləmi, yoxsa işğal elədiyi türk xalqları iləmi?! Dinc, barış ortamı odur, heç kimin torpağını işğal etməməli, haqqını tanımalısan. Rusiya hər kəsin torpağını özünə qaytarsa, haqqını tanısa özü harada olacaq?! SSRİ-ni çökdürən Batı gücləri bu durumu düşünməmiş deyillər. Rusiya bir dövlət kimi necə olmalıdır?! Olması nə deməkdir, olmasa nə baş verər?! Olmasa, yerində ən azı 16 türk dövləti yaranır. Ya da Tək bir Türküstan. Başqa variant isə indiki federasiya biçimi idi – Türklərin Birliyinə əngəl olan, gələcəkdə isə Batı güclərinin istəklərinə uyğun biçimdə yönətilən bir Rusiya. Bu məsələləri bir neçə yol vurğuladığımız üçün bu yazıda genişləndirmirik.

Rusiyanın SSRİ-ni bərpa istəklərini olumsuz edən başqa bir cəhət də var. Ötən yüzilin başlanğıcında əzilən xalqları, kəndli-fəhlə birliyi ilə qurulan, proletariat dövlətinin ortaya çıxmasına inandırmaq mümkün idi. Çünkü çağırışlar, ideyalar çəkici (cazibədar) idi. Ancaq SSRİ-nin qurulması ilə milli özgürlüyünü itirən, 37-ci il tarixini unutmayan toplumlara vəd verməyə Rusiyanın əlində bu gün heç nə yoxdur. SSRİ-nin, milli sorunları gizləməklə, manqurtlaşdırma siyasəti ilə yaratdığı firavanlıq şirnisi özgürlük, bağımsızlıq meyillərinə artıq kölgə sala bilmir. Milli kimliyin sıradan çıxarılması yönündə törədilən qanlı 37-ci il faciələrini heç bir toplum Rusiyaya bağışlamayıb. Bu gün Rusiyanın heç bir bağımsız ideologiyası yoxdur, yalnız zoru var. Zor da bir yerə qədər iş görə bilir.

Bütün bunlarla yanaşı, biz Rusiyaya yanaşmada Azərbaycan hakimiyyətinin ruporlarının dili, baxışı ilə oxşarlıq yaratmaqdan uzağıq. Rusiyanın Qarabağa ordu birləşmələri yerləşdirməsindən sonra, Azərbaycanın siyasi durumunu pərdələmək üçün, “Rusiya qabaqkı Rusiya deyil, zəifdir, çökür”  kimi təbliğatlar qurmağa başladılar. Onu deyək, Rusiya imperiyası nə vaxt parçalanacaq, çökəcək?! Parçalanacaqmı?!  - Yaxın gələcəkdə bunu demək çətindir. Dediyimiz kimi, onu təkcə özünün zoru, yarağı qorumur, Batı gücləri də, yaranması gözlənilən Türk Birliyinə qarşı, Rusiyanı parçalanma gedişlərindən qorumağa çalışırlar. Onlara parçalanan Rusiya deyil, yönətilən, ələbaxan Rusiya gərəkdir. Ona görə də “Rusiya parçalanacaq” təbliğatı quraraq, Azərbaycanda Rusiyanın oturuşmasına yol vermək xəyanətdir, bu xəyanətin bəraəti yoxdur. Rusiya Qarabağı Azərbaycanın coğrafiyası sayır ki, onun orada olması toplumumuzda böyük qıcıq doğurmasın. Ancaq bu yuridik baxımından belədir, faktiki olaraq deyil, indi bunu bilməyən yoxdur. Rusiyanın istədiyi vaxt yuridik dəyişikliklər yaratması da bizə bəllidir. İndiyə qədər torpaqlarımızla bağlı yuridik dəyişiklikləri elə də uzaq tarix deyil...

Deməli, Rusiya 2030-cu ilə qədər Qarabağda olacaq, ona kimi Azərbaycan yuridik baxımından oranın yiyəsi sayılacaq. Bu durum Azərbaycan hakimiyyətinə də yarayır. Təki onu torpaqların tam qurtarılmamasında suçlamasınlar. Söz düşdükcə də deyir, ora bizimdir, bunu Rusiya da dönə-dönə bəyan edib. Yuxarıda deyildiyi kimi, Rusiya 2030-cu ildə, ya da 2030-cu ilə qədər  yurudik durumu dəyişə bilər, əgər biz Rusiyanın davranışlarına qarşı çıxsaq, ya da onu Azərbaycanda görmək istəməsək. Çünkü hər gün Rusiya Azərbaycanda qalmaq üçün əsaslar hazırlayır. O sıradan Qarabağda rus icması yaradıb tədbirlər keçirir. Gedişlər-gəlişlər intensiv şəklə düşüb. Sabah erməni ilə döyüşüb güllə atsaq, rus icmasının rusuna “dəyəcək”. Yəni Rusiya belə deyəcək (suyu “bulandıran” quzu məsələsi).

Bütün bunlar sorunun çözülməsini uzatmaq üçündür. Rusiya həm sorun yaradır, həm də sorunun həllini uzadır. Sonra da deyəcək, siz məsələnizi yoluna qoya bilmirsiniz, mənim burada olmağım qaçılmazdır.

Rusiya daim yalan danışır, yalan tarix yazır. Dünyaya da yalan danışmaq öyrədir. Çünkü onun nə torpağı var, nə tarixi. Rusiya şərdir. Şər yalanla qidalanır, yalan üstə yaşayır. Onun yalanlarına ortam yaratmaq min illər tarixi keçmişi olan, bəşəriyyətə tarixi dəyərlər vermiş olan bir xalqa xəyanətdən başqa bir şey deyil. Şəri yaşatmaqla, onun möhkəmlənməsinə ortam yaratmaqla Şərdən qorunmaq olmaz. Şəri gücləndirmək – öz xalqının əsarətinin ömrünü uzatmaqdır. Bunun üçün heç bir bəhanə keçərli deyil.

Nə qədər ki, Rusiya  Xankəndidədir, Azərbaycanın uluslararası bağımsız siyasi ilişkilər qurması alınmayacaq. Nə qədər ki, Rusiya Xankəndidədir, Azərbaycanla erməni arasında delimitasiya, demarkasiya prosesi uğurla sonuca varmayacaq. Xankəndinin taleyi bəlli deyil, kimindir, sabah kimin olacaq. Bəs sınırlar necə bəlirlənəcək?!

 Rusiya erməninin ağzı ilə Azərbaycanın qarşısında şərtlər qoyur. Vaxtı uzadır ki, Azərbaycanda qalması üçün daha dərin əsaslar hazırlasın. Həm də başqa regionda, o sıradan Ukraynada sorunları dərinləşdirib üstünlüyünü saxlaya bilsin. İmperiyanın mövcudolma siyasətinin əsas faktoru, ona tabe olmaq istəməyənlərə, uluslararası (beynəlxalq) problemlər yaratmaqdır. Bu açıdan yanaşanda Azərbaycan hakimiyyəti, Qarabağ məsələsində, nəinki tabe olmaqdan boyun qaçırdı, problemin dərinləşməsinə könüllü qapı açdı. Ona görə deyirik, bu hərəkətin heç bir bəraəti yoxdur, açıq xəyanətdir...

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! Atamız Var olsun!

Soylu ATALI

 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA