booked.netbooked.net booked.net  

“Bütün xəstələr, onların hekayələri və əməliyyatlar ayri-ayrılıqda maraqlıdır”

Müsahibimiz Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., səhiyyə əlaçısı doktor Mircəlal Kazımidir.

- Mircəlal həkim, bilirik ki, Azərbaycan Respublikası, Cənubu Qafqaz, Orta Asiya və Qazaxıstanda qaraciyər transplantasiyasını ilk dəfə siz icra etmisiniz. Bu uğura necə çatmısınız?

- Bilirsiniz, bizim həyatımızda nə baş verirsə, bizi yaradan Allahın qüdrəti və istəyi sayəsində olur. Allah-təala bizi yaradaraq, bizə ağıl və fiziki imkanlar verərək çalışmağı, elm dalınca getməyi, əzmkar olmağı əmr edib. Yəni insan çalışmalı, əziyyətlərə qatlanmalıdır ki, nəticəsini alsın. Təbii ki, təhsil almaq, təhsil dalınca getmək mütləqdir. Orta məktəb, universitet və ondan sonrakı təhsili də nəzərə alsaq, təqribən 25 ilimi təhsilə sərf etmişəm, yəni bu, statistik olaraq ortalama bir insan ömrünün 40%-ini təşkil edir. Bunun yanında da fiziki əziyyət. İnsan qarşısına qoyduğu məqsədə doğru getməlidir. Mən həkim ailəsində doğulmuşam və xəyalım da həkim olmaq olub. Sıradan həkim deyil, - özünə, ailəsinə, cəmiyyətinə, vətəninə və dövlətinə faydalı və sadiq bir həkim. Bu amalla da yaşamışam. Düşünürəm ki, arzuma çatmışam və öz işimi də sevirəm.

-Mircəlal həkim, Azərbaycanda neçənci ildən orqan transplantasiyası əməliyyatı icra olunur?

-Azərbaycanda ilk dəfə orqan transplantasiyası əməliyyatı akademik Mirməmməd Cavadzadə tərəfindən 1971-ci ildə böyrək transplantasiyası ilə başlamışdır. Təəssüf ki, bu iş davamlı olmamışdır. Lakin, ölkəmizdə orqan transplantasıyasının intibah dövrü 12.12.2008-ci ildə başladı. 2008-ci ilin sentyabr ayında, mən hələ Türkiyə Respublikasında təhsil alarkən Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi, səhiyyə təşkilatçısı, ictimai xadim, xarizmatik şəxsiyyət olan doktor Fəxrəddin Cavadov tərəfindən Bakıya işə dəvət olundum. Təbii ki, doktor Fəxrəddin Cavadov kimi insanın məni işə dəvət etməsi mənim üçün böyük şərəf idi. Düşünmədən qəbul etdim və Bakıya döndüm. Nəhayət, 12.12.2008-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında səhiyyə tariximizə imzamızı ataraq ölkəmiz və regionda ilk dəfə olaraq qaraciyər transplantasiyası əməliyyatını həyata keçirdik. Bu sahədə də ölkəmiz regionda ilkə imza atdı. Milli komandanın yaradılması, tibb personalının hazırlanması işinə başladım. Bütün bu işlərdə dövlətimizin dəstəyi hər an yanımızda oldu. Həkim və tibb bacıları Türkiyə Respublikasına təhsil üçün gondərildi. Komanda formalaşdı. Böyrək transplantasiyasına da start verdik. O gündən etibaran aktiv şəkildə bu əməliyyatları icra edirik.

-Doktor, ən çox hansı orqan çatışmazlığından əziyyət çəkən xəstələr var?

-Bilirsiniz, bütün orqan çatışmazlığından yetərli qədər əziyyət çəkən xəstə var. Təəssüf ki, biz hal-hazırda yalnız canlı donorlu orqan transplantasiyası etdiyimizdən, qaraciyər və böyrək transplantasiyası ilə kifayətlənirik. Bizim də digər dövlətlərdəki kimi meyid orqanının istifadəsinə ehtiyacımız var. Bu məsələ də öz həlli yoluna girsə, canlı donor şansı olmayan xəstələr də bundan faydalanıb sağlamlıqlarına qovuşacaqlar. Düşünürəm ki, meyid orqanlarından istifadə edəcəyimiz günlər yaxındadır. Mən buna şəxsən inanıram, çünki cənab prezident Ilham Əliyev tərəfindən yenilənmiş qanun qüvvəyə minib və bu iş üzrə fəaliyyət planı var. Nəticəsi tezliklə olacaq.

-Həyata keçirdiyiniz ən maraqlı yadda qalan əməliyyat var?

-Bütün xəstələr, onların hekayələri və əməliyyatlar ayri-ayrılıqda maraqlıdır. İlk dəfə olaraq 7 aylıq (6 kq) körpəyə qaraciyər transplantasiyası, eyni seansda bir xəstəyə həm qaraciyər, həm də böyrək transplantasiyası, bir xəstəyə qaraciyərin iki payı transplantasiyasını, bir xəstəyə eyni seansda açıq ürək və qaraciyər transplantasiyası, bir xəstəyə eyni seansda açıq ürək və böyrək transplantasiyası, çarpaz qaraciyər və böyrək transplantasiyası əməliyyatları məhz bizim tərəfimizdən icra olunub.

-Mircəlal həkim, təhsiliniz barədə nə deyə bilırsiniz? İlk dəfə işə harada başlamısınız?

-Mən 1994-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsinə qəbul olunmuşam. 2000-ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 2000-2001-ci ildə M.Nağıyev adına TTYX-da ümumi cərrahiyyə ixtisası üzrə internatura keçərək ümumi cərrah ixtisasını almışam. 2004-2009-cu illərdə Türkiyə Respublikası, İzmir şəhəri, Ege Universitetinin Tibb Fakültəsi, Ümumi Cərrahiyyə və Orqan Transplantasiyası kafedrasında təhsil almışam. 2007-2009-cu illərdə Ege Universitetinin Tibb Fakültəsi, Ümumi Cərrahiyyə və Orqan Transplantasiyası kafedrasında orqan transplantasiyası üzrə qaraciyər və böyrək sahəsində təkmilləşmiş, bu illər ərzində Orqan transplantasiyası və Hepatobiliyar cərrahiyyə bölməsinin məsul şəxsi kimi fəaliyyət göstərmişəm. Eyni zamanda ölümündən sonra orqanlarını bağışlamış şəxslərdən orqanların götürülməsini həyata keçirən Ege Universiteti, Tibb Fakultəsi, Ümumi Cərrahiyyə və Orqan Transplantasiyası kafedrasındakı cərrahi briqadaya rəhbərlik etmişəm. 2009-2010-cu illərdə İzmir şəhərinin “Kent” xəstəxanasında qaraciyər transplantasiyası, 2012-ci ildə Cənubi Koreyanın Seul şəhəri, “Asan Medical Center”-də, hepatobiliyar cərrahiyyə və qaraciyər transplantasiyası proqramı üzrə təlimlərdə olmuşam. 2008-ci ildə Mərkəzi Neftçilər Xəstəxanası Endoskopik cərrahiyyə şöbəsində həkim-cərrah kimi fəaliyyətə başlamışam. Qısa müddət ərzində Orqan Transplantasiyası bölməsini yaratmış və Cərrahiyyə və Orqan transplantasiyası şöbəsini qurmuşam.

-Sizcə, iş həyatındakı ən böyük uğurunuz nədir?

-12.12.2008-ci ildə hələ 31 yaşımda Azərbaycan Respublikasında, Cənubi Qafqazda, Orta Asiya və Qazaxıstanda ilk dəfə olaraq qaraciyər transplantasiyası əməliyyatını icra etməyim və bu işi davamlı hala gətirərək bu sahədə kadrların yetişmısinə nail olmağım mənim ən böyük uğurumdur. Qeyd etmək istəyirəm ki, dünyada nadir həkimlər var ki, bu yaşda qaraciyər transplantasiyası edərək ilk dəfə orqan transplantasiyası proqramını başlasın.

-Bu günə qədər neçə transplantasiya əməliyyatı edibsiniz?

-Fəaliyyətim ərzində 1000-dən çox insana orqan transplantasiyası əməliyyatı etmişik.

-Mircəlal həkim, ciddi və riskli sahədə işləyirsiniz. Nəticələriniz barəsində nə deyə bilərsiniz?

-Lazımi və zamanında müayinələrə getmək çox vacibdir. Profilaktik müalicələri almayan xəstələr əməliyyat üçün son anda, tükənmiş vəziyyətdə gəlirlər. Təbii ki, bu bilavasitə əməliyyat nəticəsinə təsir edir. Lakin buna baxmayaraq istər böyrək, istərsə də qaraciyər transplantasiyası nəticələrimiz dünya mərkəzlərinin nəticəsi kimidir. Məhz buna görə də European Liver Transplant Registry Mərkəzinə (http://www.eltr.org/-AZERBAIDJAN-.html) qəbul olunmuşuq.

-Oxuculara nə tövsiyə edərdiniz?

-Tovsiyə dedikdə, əslində hamınız bunları bilirik: zərərli adətlərdən uzaq olmaq, alkoqol, enerji içkiləri, siqaret, narkotik istifadəsindən uzaq durmaq. Diyetamıza ciddi mənada fikir vermək, çəki almamaq, idman etmək. Ən əsası isə xəstələnməmək.

Uğura gedən yol çətin yoldur, əzablı yoldur, keşməkeşli yoldur. Bunun üçün çalışmaq, çalışmaq, təbii ki, yaxşı təhsil almaq lazımdır. Heç zaman məqsəddən, amaldan geri dönməmək. Məqsədə aparan yol uzun olsa da, nəhayət, nəticəsi şirin olur. Sizə və hamımıza sağlam uzun ömür arzu edirəm! Çox sağ olun!

-Müsahibəyə görə təşəkkür edirik.

Müsahibəni apardı:

Dilara Zamanova,

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi

(Xüsusi olaraq “Təzadlar” üçün)

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN