booked.netbooked.net booked.net  

...Bu dəfəki səfərdə Ağdamın və onun torpağının nə demək olduğunu bir daha gördüm...

...Sentyabrın 12-də yeni nümayəndə heyəti ilə Ağdama yola düşdük. Bu səfərin proqramına Ağdamda aparılan son quruculuq-bərpa işləri ilə tanışlıq, Ağdamı ilk dəfə görən şəhər sakinlərinin viranə qalmış ev-eşiklərinin son qalıqları ilə 30 ildən sonrakı həyəcan dolu üzrxahlıq səhnəsi, bir də Ağdamın düz mərkəzində Prezidentin tapşırığı ilə tikiləcək Zəfər və İşğal tarixi muzeylərinin mahiyyəti ilə tanışlıq daxil idi...

370 km-lik- 5 saatlıq yolun yarım saata sığışan məsafəsi...

...Artıq üçüncü dəfədir Bakıdan Ağdama gedirəm. Təbii ki, birinci səfərim Ağdam həsrətini və 30 illik Ağdam üzrxahlığını yumaq məqsədli idisə, bu dəfəki və əvvəlki son səfərim peşə fəaliyyəti ilə bağlı idi. Dövlət səviyyəsində ən müasir texnoloji təminatı ilə səfər yolçularının ixtiyarına verilmiş avtobusda Azərbaycanın Ağdam kökənli dəyərli ziyalılarını-Xalq artisti, tarımızın sarı simini dünyanın diqqətinə Qarabağ üstündə kökləyən Ramiz Quliyevi, yeniyetmə çağında Ağdamın İmarətində “Qarabağ” futbol komandasında futbolçu geyimində oynamış, indi 30 il əvvəlki həmin geyimdə Ağdama gedən Səttar Əliyevi, QAT sədrinin müavini, 2-ci Qarabağ müharibəsində iki oğlu döyüşmüş Hacı Fərmanı, Azərbaycanın adını dünya simfonik orkest səhnələrində üçrəngli bayrağı ilə dəyərləndirən tanınmış dirijorumuz Əyyub Quliyevi, Azərbaycanın Əməkdar artisti Azad Şükürovu, tarixçi alim Boran Əzizi, AMEA-nın əməkdaşı, tarix elmləri doktoru Nazim Məmmədovu, Ağdamın Azərbaycanda seçilən həkimlərindən Azər Qasımovu, Ukrayna EA-nın akademiki Əyyub Əyyubovu, uzun illər Ağdam RİH-də rəhbər vəzifələrdə işləmiş, hazırda dövlət qulluqçusu Qəni Qasımovu, ilahiyyətçi Məhəmməd Əyyubovu, tanınmış tele-jurnalist İlqar Əlfioğlunu, Qarabağ həsrətlilər-Yusif Millətoğlunu, Allahverdi Məmmədovu... və digər dəyərlilərimizi görmək əvəzolunmaz bir məqam, yol yoldaşlığı idi.

Hacı Fərmanın bütün Ağdam yolçuluğuna könül vermiş hər birimizi mikrofona dəvət edərək Ağdamın keçmişi və 30 illik işğal günlərinin içimizi qovrultmuş həsrətinin alovunda yandıraraq hər kəsi xatirələrini söyləməyə dəvət edərək Qarabağın tarixi, ordumuzun şücaəti, Ali Baş Komandanın Zəfər qələbəsi... barədə danışdırması 370 km-lik yolumuzu yarım saata endirmiş oldu. Gözümüzü bir də onda açdıq ki, qarşımızda yol boyu o şirin xatirələrin həsrətində qovrulan baxışlar, nəmli gözlər, yanaqlardan süzülən Ağdam həsrətli göz yaşları dayanıb...Və bu həsrətində qovrulduğumuz xatirlər ağuşunda Ağdama çatdıq...

***

Deməyi özümə borc bilirəm, Hacı Fərmanın Ağdama çathaçatda dediyi bir xəbərnaməsi hər birimizi düşündürdü: “...Bu səfər müqəddəs Kəbə, Məkkə ziyarətidir- Ağdam ziyarətidir! Bakıya çatanda hər biriniz Hacı olub müqəddəs və pak insanlar kimi özünüzü hiss edəcəksiniz. Mən sizə, indidən ziyarətiniz mübarək, Ağdam Hacıları!” deyirəm...”.

Həqiqətən də, bu gün hər bir Azərbaycan sevdalısı üçün qanla yoğrulmuş, 30 ildən çox müddətdə düşmən əsarətində-işğalında qalmış Qarabağın hər bir qarış torpağı Məkkə və Kərbala kimi müqəddəs bir məkandır! Ziyarətiniz mübarək, Azərbaycan sevgililər, Qarabağ həsrətlilər!!!

“Mənə bir ovuc torpaq gətirin, rahat ölüm!”

 ...Bir neçə ay əvvəl Zəngilana ziyarətə yola düşəndə Bakıda yaşayan və uzun illərdir o yurdun həsrətindən qovrulan dostlardan biri ürəyindəki dərdini mənə etibar edib sirrini açdı: “...Anamın 87 yaşı var. Zəngilan işğal olunanda anamla Arazdan keçib Bakıya gəldim... Körpə uşaqlı ailəmiz bir ay əvvəldən Bakıda idi, amma anam son günədək gəlmək istəmirdi... Bakıda torpaq həsrəti onu ağır xəstəliyə düçar etdi. 8 ildir yataq xəstəsidir, əriyib çöpə dönüb, dünyanın dava-dərmanı da ona təsir etmir. Son iki aydır dilinə sudan başqa nəsə dəymir. Gözünü açıb pıçıldadığı bircə sözdür: “Mənə qapımızdan bir ovuc torpaq gətirin, rahat ölüm, nakam ölməyim!”. Xahiş edirəm, Zəngilana gedəndə mənə bircə ovuc torpaq gətir, anama söz vermişəm, son borcumu yerinə yetirim...”.

Zəngilanda olanda səfər yoldaşlarım bilir ki, minalanmış ərazilər olduğundan yoldan çıxıb kənara ayaq basmaq mümkünsüz idi... Bir də, açıq deyim, bir ovuc torpaq gətirmək nə çətin iş idi ki?! Sadəcə, uzun illərin ağır xəstəsi olan yurd həsrətli ananın gözünü yolda qoymaqla, ömrünü uzatmaq üçün ürəyim gəlmədi torpaq gətirəm. Lap dəqiqi, əlim və ürəyim gəlmədi... Şahidi olmuşam, belə xəstələr çox həssas olur, torpağa əli dəyən kimi keçinir... Bəlkə Tanrı ömrünü uzatdı, o yurda özü getdi, orda ölmək, orda dəfn olunmaq axı hər bir Qarabağ nisgillilərin həmişə ən böyük arzusu olub... Və Bakıya gələndə dostum dərhal zəng etdi, dedim, torpaq gətirmişəm, amma təcili dövlət tapşırığıdır, rayona ezam edildim, torpaq maşındadır, gətirib verəcəm... Əslində, Bakıda idim. Vaxtı uzatmaqla dostumun anasının ömrünü də uzatmış kimi idim... Amma dostum incik halda “Arvad bunu bilir, artıq son nəfəsidir, sən bir aya yaxındır bir ovuc torpağı gətirib çıxartmırsan, acizanə xahiş edirəm, bəlkə anam o torpağı iyləyib bağrına basanda ayağa duracaq, noolar, hardasansa gəlim ora...”.

Mən çıxılmaz vəziyyətdə idim... Və təsadüfən həmin gün mənə Prezident Administrasiyasından zəng edildi ki, Ağdama gedirəm... Artıq yalan söyləmək limitim bitməkdə idi. Tanrıma min şükürlərlə Ağdamdakı Şahbulaq qalasının ətəyindəki bulağın başından - bənövşələrin boylandığı kol dibindən bir xeyli torpaq götürdüm... “Azərbaycanın hər qarışı Vətən torpağıdır, nə fərqi Zəngilandır, Şuşadır, Şamaxıdır, Şəkidir, lənkərandır, Qusardır, Ağdamdır, Qubadır, Gəncədir...” deyib özümə təsəlli verərək rahatlaşdım...

***

Bakıya çatanda dostuma zəng vurub görüşdüm, neçə vaxtdır torpağı gec çatdırdığıma görə üzrxahlıqla ona verdim... Sevindiyindən hönkürüb ağlayan dostum dərhal evlərinə zəng vurdu, bacısı təsadüfən onlarda idi: “...Bajı, hə... Anamın qulağına pıçılda ki, kənddən, düz qapımızdan, o tut ağacı var idi eyyyy, düz onun altından götürülmüş torpağı gətirdilər...”.

Sonra üzümə baxdı: “Anamın mənə çəkdiyi əziyyətlərinin milyondan birini qaytarmaq gücüm yox... Amma bu  torpaqla o borcun bəlkə bir faizini qaytarası oldum, Allah səndən razı olsun, hər gecə “Torpaq necə oldu?” deyə pıçıldayır, inildəyir, zarıyır...”.

...Üç gün sonra dostuma zəng vurdum... Səsindəki kədəri hiss edib dərhal anasının səhhətini soruşdum. “Bu gün anamın üçüdür...”, -deyib ağladı. “Torpağı əlinə alan kimi gözünü yumdu... Vəsiyyət eləmişdi ki, o torpağı onun məzarına səpim... Dəfn edəndə 30 illik arzusunu yerinə yetirdim...”.

Özümü o ki var qınadım, danladım, söydüm... “Allah, nə böyük günaha batdım, gərək bir-iki ay da o torpağı verməyəydim, bəlkə özü...”.

Artıq gec idi. Əsas odur ki, mən bir torpaq nisgilli ananın-məcburi köçkünün-Qarabağlı xanımın-ananın gözünü torpaq həsrətindən qurtarmışdım...

“Ağdam o deməkdir ki...”

 ...Ağdama çatanda ilk dəfədir bu viranə şəhərə ayaq basan, havalanmış kimi dərhal bir vaxtlar  Ağdamda olmuş dəbdəbəli evini axtaran, səmtini tapa bilməyib qıyya çəkib “Ağdam, külünə qurban olum! Ağdam, daşına-kəsəyinə canım qurban!” deyib şivən qoparan xanımların səsi hələ də qulağımdadır... Və onların əyilib torpaqdan yanaqlarına çəkib ovcuna sıxaraq doğma övladı, ən əzizi kimi bağrına basıb öpməyini görmək həm qurürverici idi, həm də ürək dağlayanıydı! Siz torpağı öpüb-yalayanı, dodaqlarına sürtüb tamsınanı... görmüsünüz??? Mən Ağdamda gördüm... Bu mənzərə mənə Şuşada düşməni məğlub edib şəhid olmuş oğlunun qanlı paltarını bağrına basıb “Oxxay, bala, səni Vətənə qurban demişdim! Başımızı uca etdin!”, -deyib qıyya çəkən ananın göyün yeddi qatına qalxan harayını xatırladırdı...

***

...Ağdam həmin o qıyyadır, ovuclanıb öpülən torpaqdır, evdə ağır xəstəsi-ahılı olanların “Mənə torpaq gətir!” həsrətidir, 30 illik həsrətdən qovrulan və ürəyi paramparça olan insanların düşmən raketinin zərbələrindən dağılmış-viran qalmış daş-divarın duz kimi yalanmasıdır... Və sadəcə, bu səhnələrin sözlə ifadəsi, bədii təsvirlə təqdimatı gücsüz, mümkünsüzdür...

***

Bir də Ağdam bilirsiz nədir? İki ay əvvəl “Modern.az”dan olan jurnalist həmkarlarımız ilə birlikdə növbəti səfərdən Bakıya qayıdanda Ağdama giriş qapı sayılan və Bərdə-Ağdam magistral yoldakı “Dördyol” deyilən məntəqəsinə təxminən 1 km qalmış arxadan gələn bir başqa tanımadığımız maşın bizə “Saxla!” işarəsi verdi. Maşından düşdük. Məlum oldu ki, arxa təkər boşalıb... Tanımadığımız maşından düşən dörd nəfər bizə yaxınlaşdı: “Qağa, nə kömək lazımdır?”. “Ağdamdan gəlirik, görünür Aşotun mismarı hələ də yollarda var”, -deyə zarafat etdik. Onlar bizi dinləmədən dərhal “domkrat” gətirib təkəri çıxartdılar, bizi kömək etməyə belə qoymadılar... Və təkəri öz maşınları ilə təmirə aparanda bizim jurnalist- sürücü “Mən də gedim...”, -deyəndə isə qoymadılar... Təxminən 10-15 dəqiqə keçmişdi. Təsəvvür edin, bu qısa zaman içində aralarında hərbçilər olmaqla, ondan çox yol ötən maşınını saxlayıb yaxın gəlirdi, biri çay, su, çörək... təklif edirdi, digəri “Evimiz yaxındadır, gedək, dincəlin təkər gələnədək...” deyərək bizə mümkün kömək və diqqətlərini təklif edirdilər. Gedənlər 10-15 dəqiqə keçmiş qayıtdılar, təkəri üstünə bağladılar. Təmir pulunu çıxarıb vermək istəyəndə isə “Bax bu olmadı... Ağdamda yolda qalana kömək edirlər, pul almırlar!”, -deyib gülə-gülə xudahafizləşib yollarına davam etdilər... Aramızda Bakıdan olan bir jurnalist həmkarımız da var idi. Onun təəccüblə “Başa düşmədim, nə baş verir, bunlar nə deməkdir, niyə heç olmasa təkərin pulunu almadılar?!”, -deyə üzümə baxdı... Dedim: “Qardaş, bu bilirsən nə deməkdir? 30 il əvvəlki dəyişməz Ağdamlılıq deməkdir!” (Sonra “Təzadlar”ın əməkdaşı Yasəmən Məmmədli “Ağdam elə Ağdamdır...” başlıqlı məqalədə bu səhnəni gözəl təsvir etmişdi...

***

...Qısaca deyim ki, Ağdamda olanda bizi  Prezidentin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov və komandası qarşıladı, Ağdamdakı tikinti və quruculuq işlərinin son vəziyyəti barədə ətraflı bəhs etdi. Məlum oldu ki, daxil olan ictimai təkliflərə rəğmən, Ağdamın mərkəzində 15 hektarlıq ərazi dağıntıları ilə birgə olduğu kimi saxlanılacaq və burada açıq səma altında İşğal Muzeyi və qələbəmizin şərəfinə həsr olunmuş Zəfər Muzeyi yaradılacaq. Ki, gələcək nəsillər, eləcə də Ağdama səfər edən xarici və yerli ziyarətçilər erməni vəhşiliyinin əyani mənzərəsini olduğu kimi görsünlər, bu lənətlənmişləri o ki var lənətləsinlər!

***

...Səfər proqramımıza uyğun Qarabağ Xanı Pənahəli Xanın və oğlu İbrahim Xanın, həmçinin Xan qızı Natəvanın nəşinin dəfn olunduğu Ağdamdakı tarixi məkanı- İmarəti, Ağdam Çörək Muzeyini, Ağdam Cümə Məscidini, Qiyaslı Məscidini və Şahbulaq Qalasını ziyarət etdik... Hacı Fərman çətinliklə də olsa, məscidin minarəsinə qalxıb azan səsləndirdi. Hamı bu səsin 30 il əvvəlki oxşarını tapmış kimi diqqətlə dinləyirdi...

***

Prezidentin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynovun bizə xususi qonaqpərvərliyinin bir mənasını sonradan bildik. Qarağacı məzarlığındakı erməni vandallığının tarixləşdirilməsi ilə bağlı (ermənilər on minlərlə məzarı qızıl diş axtarmaq məqsədilə qazıb məhv etmiş, sonra şumlayıb yerində taxıl əkmişdir) orada memorial yaradılması, vaxtilə dəfn edilmişlərin adının xüsusi lövhədə əks olunması və s. barədə sualımı cavablandırarkən, həm də məlum oldu ki, artıq yeni tikilən Ağdamın ilk sakini də var: o, Emin Hüseynovdur!

O da bəlli oldu ki, Emin müəllim Ağdamda özünə birotaqlı mənzil də düzəldib, artıq hər gün işə-Ağdamın tikilən mərkəzinə elə oradan gəlir... Bu isə artıq o deməkdir ki, Ağdam yaşanır, yaşayır, yaşadılır...

(Davamı var)

Asif MƏRZİLİ

(Bakı-Ağdam-Bakı)

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb)

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN