Şəhidlər vurulanda yox, unudulanda ölür...

Bir ara onları seçmək, digər analardan fərqləndirmək üçün, qəhrəman oğul anaları olduğunu bildirmək, cəmiyyətdə tanıtmaq məqsədilə medal vermək, orden vermək, xüsusi dö. nişanları vermək haqda bir çox təkliflər verildi. Lakin hamısı vərəq üzərində təklif olaraq qaldı. Bu analar isə hər kəsdən ağıllı tərpənərək oğullarının-Şəhidlərimizin şəkli olan döş nişanları çıxartdıraraq onları ürəklərinin başında daşıdılar. Şəhid məclislərimizdə bu analarla görüşəndə qəribə hisslər keçirirəm. Mən oöul itirmiş çox ana görmüşəm- dostda, qohumlarda, qonşularda. Lakin Şəhid anaları oğul itirən digər analardan fərqlənir. Gözlərinə baxmaq olmur. Sanki dünya daşılıb gözlərinin dərinliyində. Bir başqadır Şəhid anaları... Fərqlidir... Ağlayanda göz yaşları, dərdinin ağırlığı, həsrətinin ünvanı, oğullarının sevgisi, yaraşığı, Şəhidlər Xiyabanında Şəhidlərinə dedikləri ağılar da fərqlıdır. Şəhid anaları ancaq özləri bir-birlərinə bənzəyirlər. Eynidir Şəhid Anaları... Dünya durduqca müqəddəs ana adlarının qarşısına əbədi olaraq ŞƏHİD ANASI kimi müqəddəs, ali bir titul əlavə olunub Haqqdan- ŞƏHİD ANASI...

Şəhidlərimizin məclislərində tez-tez iştirak edirəm. Bu analara çalışıram ki, ürəklərini almaq üçün dünyanın ən həlim, ən kövrək təsəlli verə biləcək sözlərini deyim... Demək olar ki, çoxusunu da tanıyıram. Amma inanın heç birinin adını bilmirəm. Çünki onların oğulları öz ölümləri ilə analarına ömürlük ŞƏHİD ANASI kimi müqəddəs bir ad qoyub gediblər. Məhz bu səbəbdən mən analarımızı Şəhidlərimizin adı ilə yadımda saxlamışam. Şəhid Anaları bizim üçün müqəddəsdir. Biz bu anaların oğullarının qanı-canı bahasına qalib məmləkətin qalib vətəndaşı olduq. Əslində bizim dediyimiz bu gəlişi sözlər o analara ancaq təsəllidir... Bir saatlıq,bir dəqiqəlik, bir anlıq təsəlli... Doğrudan da yer üzündə bir insanın bir insana verə biləcəyi ən asan, mənasız bir şey təsəllidir...

 SÖZARDI...Günlərin birində bir kişinin oğlu ölür. eşidən bilən dost-tanlşlar ataya başsağlığı vermək üçün gəlirlər. Onlar hamısı atanı bir az ürəkləndirmək üçün ona təsəlli verib gedirlər. Günlər keçdikcə oğul dərdindən qaməti bükülüb gözlərinin nuru itmi. ata yatağa düşür. Günü-gündən vəziyyəti pisləşən ata ağır vəziyyətə düşdüyündən qohum-əqrəba onu yoxlamağa gəlir. atanın bu durumuna üzülüb ona təsəlli verib bir az toxtamağı məsləhət görürlər. Artıq verilən təsəllilərdən bezən ata sonunda dilə gəlib deyir:"Əzizlərim, mənim cavan oğlum, gözümün ağı-qarası bir balam ölüb. Bu dərdin nə qədər ağır olduğunu ancaq mən dərk edirəm. Sizin heç biriniz məni anlaya bilməzsiz. Mənim dərdimin necə ağır bir dərd olduğunu hiss etmək üçün hərəniz bir oğul itirməlisiz, bəlkə onda məni başa düşəsiz."

 Vaqona mindim, cavan oğlan qalxıb öz yerini mənə verdi əyləşdim. Yanımda ağ saşlı bir ana telefonda şəkillərə baxırdı. Təsadüfən gözüm ananın telefonuna sataşdı. Ananən yaxasında isə Şəhid şəkli olan döş nişanı var idi. Ana oğlunun-Şəhidimizin şəklinə dönə-dönə baxır, ekranda şəkilləri böyüdərək diqqətlə balasına baxırdı. Əlindən tutub ona tərəf əyilib, ay ana, Allah Şəhidimizə rəhmət eləsin dedim.  Sanki ana himə bənd imiş ki, ağlasın. Bir anda göz yaşları yanaqlarından süzülərək telefon ekranından məğrur baxışlarla anasına baxan Şəhidimizin şəklini islatdı... Şəhid oğlum Quliyev Rəşad Rəşid oğludur bu oğlan, dedi. Rəşad evimin böyük uşağı idi. Ondan başqa iki qızım da var. Mən Rəşadı 6 yaşından tək saxlamışam. Evimin həm oğlu, həm kişisi, bacılarına ata əvəzi olub. Cavan yaşda yüksək rütbə sahibi idi. Müharibə başlayanda dedim, oğul, 20 ildən artıqdır xidmət edirsən, təqaüdə çıx, biz də üzünü doyunca görək.  Etiraz elədi ki, ana, bir də mənə belə söz demə, mən polkovnik-leytenant  rütbəsinə çatıb, sonra Vətənin dar günündə qaçıb gizlənə bilmərəm. Mən də gözləyirdim ki, təqaüdə çıxacaq, balamı doyunca görəcəm. Qismət elə gətirdi ki, indi balamın şəkillərinə baxıb onunla dərdləşirəm, məsləhətləşirəm, ağlayıram.  Vaxt var idi bacılarına atalıq edirdi, indi özünün 2 qız balası atasız, ailəsi başsız qaldı. Rəşaddan başqa ümid, pənah yerim yox idi, elə bil qolum-qanadım sınıb, ay qızım... Ana danışdıqca göz yaşları Şəhidin şəklinin üstündə cığır açırdı, güc- bəlayla özümü toplayıb, Şəhidimizin ruhunu narahat eləmə, ay ana deyə bildim. Tərslikdən çantamda salfet də yox idi. Ana danışdıqca mən də kövrəlmiişdim, Əlimlə ananın göz yaşını silib, haqqını halal elə bizə, ana, dedim. Mən anaya məclislərdə təsəlli dolu sözlərimdən tapıb deyə bilmədim...Sözün bitdiyi yerdəydim o anda...

Növbəti dayanacaqda düşməliyəm. Artıq ana da sözünü bitirib yenə də telefonunda oölunun şəkillərinə baxmağa davam edirdi. Anayla sağollaşıb, səbirli ol, ay ana deyərək vaqondan düşdüm. Yolboyu bir neçə dəfə Quliyev Rəşad deyərək Şəhidimizin adını təkrarlaya-təkrarlaya evə gəldim. Hələ də Şəhid anası ilə olan təsadüfi görüşün təsiri altında idim. Fikirləşdim ki, bu Şəhidimiz haqda araşdırma aparım...

Əziz oxucum, Şəhidimizi sən də tanı və ətrafında olanlara tanıt... Çünki Şəhidlər vurulanda yox, unudulanda ölür...

Quliyev Rəşad Rəşid oğlu 1983-cü ildə sentyabrın 23-də Bakı şəhəri Xətai rayonunda anadan olub. Orta təhsilini 1990-1998-ci illərdə Xətai rayonu 263 saylı orta məktəbdə alıb. 1998-2000-ci illərdə təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib. Bundan sonra 2000-2004-cü illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərbi təhsil alıb. Ailəli idi, özündən aonra Vətənə əmanət Dərya və İnci adında 2 qız övladı qalıb. Rəşad Quliyev 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsində savaşa qatılıb. Döyüş yoldaşları arasında CANAVAR ləqəbi ilə tanınıb. Oktyabr ayının 7-də Cəbrayıl uğrunda gedən döyüşlərdə Şəhid olub. Şəhidimiz 2-ci Fəxri Xiyabanda dəfn olunub. 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamına əsasən, Rəşad Quliyev ölümündən sonra " Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Fizulinin azad olunmasına görə" medalı, "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub..

HAQQINI MİLLƏTƏ HALAL ELƏ, ŞƏHİDİM... Bizdən ötrü bir ananı ağlar qoymusan...

 Şəhidin ruhuna dərin hörmət və ehtiramla

Sevinc MURADXANLI


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA