Həkimlər insanların ölməsinin qarşısını almalıdır, çünki onlar insanlara görə həkimdir və insan olmasa, kimə həkimlik edəcəklər?!

Son illər Bakıda özəl tibb klinikalarının sayının artmasına baxmayaraq, İrana, Rusiyaya, Avropaya xəstəliklərinin çarəsi üçün üz tutan vətəndaşlarımız az deyildi, ta o zamana qədər ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkə sərhədləri bağlandı. Məsələ ondadır ki, hər il minlərlə insanımız xaricə üz tutmasının səbəblərindən biri Azərbaycan səhiyyəsinə, həkimlərə etibar etməmələri idisə, digər səbəb özəl klinikalarda qiymətlərin çox baha olması idi. Zaman-zaman ölkə mediasının toxunduğu bu problemin həlli, görünür, hələ çox vaxt aparacaq. O vaxta qədər ki, həkimlərimiz peşə fəaliyyətinə başlayarkən içdikləri Hippokrat andına sadiq qalacaqlar.

Məlumdur ki, həkimlik olduqca çətin, həssas, həm də bütün bunlarla bərabər, çox məsuliyyət, bilik və bacarıq tələb edən peşədir. Çünki bu peşənin sahibləri birbaşa insan sağlamlığının qarantı rolunda çıxış edirlər. Ona görə də insan taleyinin asılı olduğu bu sahənin adamlarının vicdanlı olması birmənalıdır və müzakirə mövzusu ola bilməz. Vicdan anlayışı əhatəli olduğundan, bu peşə adamlarına bu konteksdə daha çox lazım olan keyfiyyətləri sadalamaqda fayda var: savad, bacarıq, insanlıq, ümumilikdə, peşəkarlıq… Hətta həkimlər ta qədimdən sadaladığımız bu keyfiyyətlərə sahib və sadiq olacaqlarına and içirlər. Özü də ailə üzvlərinin, doğmalarının, yaxınlarının canına yox, çox-çox uzaqdakı Hippokrata… Qeyd edək ki, həkimlərə bu qədər yaxın olan Hippokrat antik dövrün məşhur yunan həkimidir. Dövrünün antik olmasına baxmayaraq, müasir texnologiyanın tərəqqi etdiyi bir zamanın həkimlərinin atası hesab olunur. O ata ki, hər bir davamçısı peşə fəaliyyətinə başlayarkən başına and içir.

…Hələ eramızdan üç min il əvvəlki tarix və ədəbiyyat materiallarına görə, Hippokrat ilk həkim andını hazırlayıb və orada bir neçə məsələyə toxunub. Andda o dövr coxallahlılıq olduğu üçün bütun Allahlara and içməklə nələrə riayət ediləcəyi həkimlər qarşısında qoyulub.

Hippokrat andında deyilir ki, ancaq xəstənin xeyrini düşünəcəm və s. Andın sonunda həkimlər bu anda sadiq qalmayacaqları təqdirdə Allahdan özlərinə bədbəxtlik arzu edirlər. Andın tam mətni ilə tanış olduqda görürük ki, Hippokrat öz peşəsini necə də müqəddəs sayırmış. Buna baxmayaraq, zaman keçdikcə dünyada baş verən iqtisadi-siyası formasiyaların nəticəsi kimi bir çox ölkələr bu andı öz mənafelərinə uyğun dəyişiblər. Halbuki insan həyatı bu dünyada hər şeydan daha üstün və vacibdir. Ona görə də həkimlərin öz peşələrinin məsuliyyətini daşımaqdan başqa alternativ fikri ola bilməz və olmamalıdır. Çünki digər peşələrdən fərqli olaraq həkimin səhvi bir insan ömrünün sonu deməkdir. Bir də ki, vicdanlı adam bütün sahələrdə peşəkar olur. İstər Hipokrata and içsin, istərsə də doğmalarının canına…

Hippokrat andı, vicdan və məsuliyyət hissi

Mətləbə keçmədən əvvəl toxunacağımız məsələləri nəzərə alaraq Hippokrat andının nədən ibarət olduğunu orijinal mətndən oxumağınız şərtdir: "Apollona – loğman Asklep, Higeya və Panakeya və bütün tanrıların şahidliyində and içirəm ki, verdiyim sözə, götürdüyüm öhdəliklərə gücüm və dərrakəm çatdığı qədər əməl edəcəyəm; bu sənətdə müəllimimi valideynlərim kimi tanıyacağam, qazandığımı onunla bölüşəcək və ehtiyaclarında ona köməkçi olacağam; onun övladlarını özümə qardaş bilib, öyrənmək istədikləri təqdirdə onlara bu sənəti bir ödəniş və ya sənəd almadan öyrədəcəyəm; şifahi dərsləri və təbabət biliklərini öz və müəllimimim övladlarına və ancaq təbabət qaydalarına sadiq və həkim andı içən şagirdlərimə öyrədəcəyəm. Bunlardan başqa bir kimsəyə öyrətməyəcəyəm. Gücüm çatdığı qədər müalicəmi heç bir vaxt pislik üçün deyil, kömək üçün istifadə edəcəyəm. Məndən istifadə üçün zəhər istəyənə onu verməyəcəyəm, belə bir hərəkət tərzini belə tövsiyə etməyəcəyəm. Bunun kimi bir hamilə qadına uşaq salması üçün kömək etməyəcəyəm. Həyatımı, sənətimi tərtəmiz bir şəkildə istifadə edəcəyəm. Sidik kisəsi daşından əziyyət çəkənləri yarmayacaq və onları bu işlə məşğul olanlara həvalə edəcəyəm. Hansı evə daxil olaramsa, ancaq xəstənin xeyrini düşünəcəyəm, qəsdli olan bütün pisliklərdən qaçacağam, istər azad, istər kölə olsun, kişi və qadınların bədənini sui-istifadə etməkdən çəkinəcəyəm. İstər sənətimin icrası, istərsə də sənətim xaricində insanlarla münasibətdə baş verənləri, görüb eşitdiklərimi bir sirr olaraq saxlayacağam və kimsəyə açmayacağam. Andıma sadiq olaramsa qoy həyatımda və sənətimdə nəsibim xoşbəxtlik və insanların rəğbəti, olmaramsa bunun əksi olsun".

Gördündüyü kimi, Hippokrat andında bir sıra önəmli məqamlar öz əksini tapıb. Və hər il dünyada, eləcə də Azərbaycanda həkim olmaq istəyən yüz minlərlə tələbə Hippokrat andı içir. Ancaq görünür ki, ölkəmizin səhiyyə sistemində çalışan bəzi həkimlər Hippokrat andını unudublar. Nəticədə, istər bir sıra özəl, istərsə də dövlət xəstəxanalarında acınacaqlı vəziyyət hökm sürməkdədir. Bəzi həkimlər üçün xəstələrin səhhəti deyil, onlardan pul qopartmaq məsələsi öndə gəlir. Çox təəssüf ki, müxtəlif ştammlar adı altında pandemiyanın dünyada tüğyan etdiyi, birlik və həmrəyliyin çox vacib olduğu indiki vaxtda belə, özəl tibb müəssisələri nəinki ölkə əhalisinin sağlamlığının qorunmasını, yalnız öz şəxsi mənafelərini düşünürlər. Bu, azmış kimi, hər şəraitdən yararlanmağa çalışan bəzi tibb müəssisələrinin onlara müraciət edən vətəndaşlarla davranışı heç bir məntiqə sığmır. Görünən odur ki, bir çox tibb müəssisələrində çalışan həkimlər öz düşüncələrində tamaha yoluxublar. Çünki qeyd etdiyimiz kimi, bütün dünyanın koronavirus pandemiyasına qarşı mübarizəyə səfərbər olunduğu bir vaxtda, ölkəmizdə bəzi tibb işçilərinin məlum mövqeyini başqa cür dəyərləndirmək mümkün deyil. Çünki bu həkimlər pasiyentlərini lazım oldu-olmadı müayinə və çeşidli analizlər üçün özəl klinikalara göndərirlər. Analiz və müayinələrin cavabı çıxdıqdan sonra isə həkimlər reseptə ən bahalı firma dərmanlarını yazaraq, pasiyentlərini öz tanıdıqları apteklərə yönləndirirlər.

Antireklam olar deyə, həmin həkimlərin və tibb müəssisələrinin adını çəkmirik, amma fakt ortadadır. Müəyyən zamandır cəmiyyətdə belə bir fikir dolaşır ki, bahalı dərman mütləq firma məhsuludur. Əslində, bu, heç də əsassız deyil. Nədən ki, eyni dərmanın alternativini 5 manata almaq mümkün olduğu halda, həkim 50-100 manatlığını yazır. Çünki bizim əksər həkimlər öz ciblərini doldurmaq hesabına ən bahalı dərman firmaları ilə əməkdaşlıq edirlər. Firmalar qarşısında götürdükləri öhdəliyi yerinə yetirmək üçün resept blanklarını yazıb doldururlar.

Həkimlərlə dərman firmalarının işbirliyi…

Məsələ ilə bağlı jurnalist araşdırması aparakən həkimlərlə sıx işbirliyi quran dərman firmalarından birinin adının çəkilməsini istəməyən əməkdaşı bizimlə söhbətində tərəflərlə əlaqələrin necə qurulması barədə bəzi məqamları açıqladı. Hazırda ölkədə 300-dən artıq dərman firmasının olduğunu deyən həmsöhbətimiz hər bir firmanın həkimlərlə işləmək prinsipinin, ödənişin edilməsi qaydalarının fərqli olduğunu bildirdi. Onun sözlərinə görə, ilk növbədə, firmalar həkimlərə müraciət edir. Əgər qarşı tərəf işbirliyinə razılıq verirsə, bundan sonra qiymətlər və dərmanlar təklif edilir. Və şərtlərlə razı olan həkimlərlə əməkdaşlıq başlayır. Firma əməkdaşı qeyd etdi ki, xəstəyə yazılan dərmanın müqabilində həkimə faiz çatır. Ona görə də həkimlər daha çox bahalı dərmanlar yazır. Müsahibimiz dedi ki, dərmanların qiymətinin yüksək olması və həkimlərin bu dərmanları yazması da daha çox qazanmaq istəyinin nəticəsidir. Bu baxımdan, həkimlər bahalı dərmanlar təklif edən firmalarla işləməyə çalışırlar. Çünki dərmanın qiyməti yüksək olanda həkimə çatacaq faiz də artır. Bir daha təkrar edirik, axı həkim yazdığı hər reseptə görə faiz alır. Elə həkimlərin xəstəyə palaz-palaz reseptlər yazması da məhz gəlir əldə etməklə əlaqədardır.

Hippokrat andına sadiq qalmayan həkimlərimiz…

Redaksiyamıza müraciət edən vətəndaş T.Əliyevanın toxunduğu məsələlər, demək olar ki, firma əməkdaşının söylədiklərini tam təsdiqləyir. Xeyli müddətdir baş və boyun ağrısından əziyyət çəkən, Masazır Poliklinikası, 5 Saylı Şəhər Klinik Xəstəxanası, Mərkəzi Neftçilər Xəstəxanası, Aysmed Klinikası və s. tibb müəssisələrinin həkimlərinin müalicəsini alan T.Əliyevanın bildirdiyinə görə, hətta Aysmed Klinikasının həkiminin ona yazdığı bahalı dərmanların reseptini görən aptek işçisi dəhşətə gəlib. T.Əliyeva deyir ki, Mərkəzi Neftçilər Xəstəxanasındakı məhşur həkimlərdən birinin ona yazdığı bahalı «Dyukast» kremini və eyni adda daxilə qəbulu üçün flakonlarda (şüşə qablarda) məhlulla birgə kapsul olan dərman nəinki Azərbaycanda, Rusiyada belə tapılmadı: "Birdən xatırladım ki, həkim resept yazarkən mənə bir vizit kart vermişdi. Axtarıb həmin kartı tapdım. Bir aptekə aid idi. Bakıda "Aptek Rus" adı idə yalnız Təhsil Nazirliyinin qarşısında fəaliyyət göstərən həmin arteklə əlaqə saxladım, sözügedən krem və dərmanın olub-olmadığını soruşdum. Həmin dərmanların olduğunu bildirdilər. Qiyməti olduqca baha olan həmin dərmanları almaq üçün aptekə yollandım. Aptekin satıcısı resepti nəzərdən keçirərkən onu hansı həkimin yazdığını soruşdu (Halbuki reseptdə həkimin ad və soyadı vardı). Sonra da telefonu ilə reseptin şəklini çəkdi. Yeri gəlmişkən qeyd edim ki, bahalı iynə və dərmanları alarkən əksər apteklərdə də resepti hansı həkimin yazdığını soruşur və şəklini çəkirlər. Maraqlıdır ki, aprtek satıcıları həkimlərin soyadını belə əzbərdən bilirlər. Ancaq çox təəssüflə bildirmək istəyirəm ki, müaəlicə müddətində qeyd etdiyim xəstəxanaların həkimlərinin yazdığı bahalı iynə və dərmanların heç birinin xeyri olmadı və nəticədə, istər müayinələrə, istər analizlərə, istərsə də dava-dərmanlara neçə min manat xərcim çıxdı… Hələ bu dərmanların allergiya, ürəkbulanma, mədə ağrısı kimi narahatlığıma səbəb olduğunu, bir çox hallarda isə xeyrindən çox ziyanını gördüyümü demirəm. Vallah, bu həkimlərin gözünü pul elə tutub ki, yazdıqları reseptlərdəki dərmanların eyni müalicə dövründə qəbul edilməsinin qadağan olunduğunu belə unudurlar. Qəbul etməzdən əvvəl dərmanların içlik vərəqlərini oxuyarkən həkimin belə bir yanlışlığını gördüm. Görəsən, bunu həkimin savadsızlığına, yoxsa pula artıq tamahlığına yozaq? Üstəlik də, bəzi həkimlərin kobud davranışı əlavə bir əzabdır".

T.Əliyeva Aysmed Klinikasının həkiminin bahalı müalicəsindən də sonra səhhətindəki problemlərdən qurtulmadığını, eyni zamanda onun kobud davranışından təsirləndiyini, stress vəziyyətinə düşdüyündən qan təzyiqinin yüksəldiyini bildirdi: "Həkimə zəng vurub yazdığı resept üzrə müalicəmin bitdiyini, lakin səhhətimdə heç bir irəliləyiş olmadığını söylədim. Bunu deyəndən sonra xanım həkimə elə bil ki, od vurdun. Elə bil yazdığı dərmanların xeyri olmadığını deməyim toxundu ona. Çünki o dəqiqə özündən çıxdı: "Sən mənim müalicəmi şübhə altına alırsan? Bu müalicə olmasaydı, sən çoxdan insult keçirmişdin. Mən bacardığımı elədim. Əlimdə sehrli çubuğum yoxdur ki, səni sağaldım. Müalicənin ikinci mərhələsinə başlamalı idik. İstəyirsən gəl, istəyirsən gəlmə. Bundan sonrası özünə qalıb" - deyib, telefonu qapatdı.

Həkimin belə davranışından sonra düşündüm ki, görəsən, iki ilə yaxındır əksər tibb işçilərimizin öz həyatlarını, öz sağlamlıqlarını risk altına ataraq "COVID-19" xəstəliyinə düçar olmuş xəstələrin yanında olduğu, gecə-gündüz, fasiləsiz xəstələrə qulluq etdikləri bir zamanda niyə bəzi özəl klinikaların və onun həkimlərinin əsas məqsədi ancaq öz şəxsi mənafelərini güdmək, çoxlu pul qazanmaqdır? Yaxud, dövlətin, xeyriyyəçilərin, iş adamlarının işsizlərə, xüsusi karantin rejimi dövründə işini itirən şəxslərə, aztəminatlı ailələrə vəsait ayırdığı, yardım etdiyi bir vaxtda həkimin pasiyentinə göstərdiyi tibbi yardımın keyfiyyətinə cavabdehlik daşıdığı halda, əksinə, bahalı dərmanlarla məni xərcə salaraq, həmçinin də "Həkimlərin etik davranış qaydaları"na zidd olaraq bilik və bacarığını qeyri-humanist məqsədlər üçün istifadə etmək məqsədilə vəziyyətimin yaxşılaşdırılmasına yönəlik tədbirlər görməməsi, "mən bacardığımı elədim. Əlimdə sehrli çubuğum yoxdur ki, səni sağaldım" deyərək stress vəziyyətinə düşməyimə, qan təzyiqimin yüksəlməsinə səbəb oldu".

Səhiyyə Nazirliyinin həkimlərlə dərman firmalarının əməkdaşlığından xəbəri var imiş…

Məsələ ondadır ki, Səhiyyə Nazirliyinin rəsmisi mətbuata açıqlamasında həkimlərlə dərman firmalarının əməkdaşlığının inkaredilməz fakt olduğunu təəssüflə qeyd etsə də, bununla mübarizə aparıldığını bildirib: "Bu məsələ Səhiyyə Nazirliyinin nəzarətindədir. Bununla bağlı vahid resept kağızlarından istifadə edilməsinə başlanılıb. Monitorinq apararkən hansı aptekdə fərqli blanklar aşkarlanırsa, ona qarşı cəza tədbirləri görülür. Bu, həm profilaktik, həm də əsas mübarizə üsullarından biridir. Vahid resept blanklarının tərtibi həkimlərlə firmaların əməkdaşlığına böyük zərbə idi və effektini verdi, həmin faktların sayı azaldı. Bu problemlə bağlı insanlar da ayıq olmalıdır, firma blanklarına yazılmış reseptlərlə bağlı nazirliyə məlumat verməlidir".

Nazirlik rəsmisi onu da bildirib ki, həkimlə firma arasında yalnız sağlam əməkdaşlıq olmalıdır ki, yeni dərmanlar barədə məlumatlı olsunlar: "Həkim firmadan müəyyən məbləğ alaraq xəstəyə dərman yaza bilməz. Xəstəyə lazım olmayan 200-300 manatlıq dərmanların yazılması faktları ilə qarşılaşmışıq. Başqa bir həkimə müraciət edəndə məlum olur ki, bunların çoxu oxşar dərmanlardır və həkim məqsədli şəkildə yazıb. Bu, həm maliyyə qaydalarını pozur, həm də həkimə inamı azaldır".

Sonda bir məqamı da qeyd edək ki, həkimlərin dərman firmaları ilə əməkdaşlığı yalnız Azərbaycanda müşahidə edilmir. Ancaq fərq ondadır ki, xarici ölkələrdə tərəflərin əməkdaşlığında əsas məqsəd tibb sahəsində elmi tədqiqatlara dəstək verməkdir. Bizdə isə həkimlər bəzən elmi kəşflər üçün deyil, daha yaxşı, daha firavan yaşamaq üçün dərman firmaları ilə əməkdaşlığa və daha çox baha dərman satılmasında maraqlıdırlar.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin və adı çəkilən tibb müəssisələrinin mövqeyini dərc etməyə hazırıq.

Elbar ŞİRİNOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.6.3.4)


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA