booked.net booked.net  

Müdafiə nazirliyinin işğaldan azad olunmuş ərazilərimizdən hər gün yaydığı video süjetləri izlədikcə, insan dəhşətə gəlir. İnsan nə qədər vəhşi, barbar,  insanlara,insanlığa qarşı bu qədər qəddar ola bilər. Daşı daş üstdə qoymayıblar. Dünyada belə vəhşi, barbar və başqa xalqa kin-kidurət bəsləyən bir millət olmayıb.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə Ermənistanın işğalı nəticəsində Azərbaycana dəymiş ziyanın ödənilməsilə bağlı hüquqi addımalrın atılacağını bildirib:

 “Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər”. 

  Vaxtılə azərbaycanlıların yaşadığı doğma ata-baba yurdlarının ermənilər tərəfindən tamamilə dağıdılıb viranə qoyulmasını gördükcə, belə bir təsəvvür yaranır ki, belə bir vəhşiliyi törədən zümrənin yer üzərində yaşamaq haqqı yoxdur. Bu zümrə yer üzündən silinməlidir, bu zümrə cəzlandırılmalıdır, təbiətə, insanlara vurduğu ziyanın əvəzini ödəməlidir. Bu vəhşiliyi ermənilərə bağışlamaq, ya da güzəştə getmək insanlığa xəyanət olardı.

 Ermənilərin 30 il işğal altında saxladıqları əraziləridə törətdikləri talançılıq, soyğunçuluq, vandalizm qəsdən edilən faktlardır. Bir dövlətin digər bir dövlətin ərazisinə,əhalisinə vurulan maddi- mənəvi ziyanların üstündən keçməkmi olar? Heç vaxt!

 30 illik işğal nəticəsində Azərbaycana, onun vətəndaşlarına milyardlarla manat ziyan dəyib. Müstəqil iqtisadçılar qrupu da araşdırmalar aparıb və Azərbaycana dəymiş ziyanın ilkin məbləğini bəyan ediblər. Onların fikrincə, ermənilər Azərbaycana 350 milyard dollardan çox ziyan vurublar. Dünya mətbuatı yazır ki, heç II Dünya savaşında Stalinqrad ermənilərin Azərbaycan torpaqlarını viran qoyduğu qədər dağıntıya məruz qalmayıb”:

 Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və Xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları da dağıdılmış və talan olunmuş, müqəddəs məbəd və məscidlər təhqir edilmiş, kitabxanalar yandırılmış, misilsiz əlyazma nümunələri məhv edilmişdir.

 Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri qalmışdır. Bunlarla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitafon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion məhv edilmişdir.

 Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi şəhərin bombardmanı zamanı yerlə-yeksan edilmiş, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir eksponatı Ermənistana daşınmışdır.
Şuşanın işğal edilməsi nəticəsinda 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılmış, viran edilmişdir. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək eksponatı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək eksponatı, Azərbaycan professional musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), Azərbaycan vokal sənətinin əsasını qoymuş böyük müğənni BüIbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Navabın (100-dən çox əşya) xatirə muzeylərinin, Ağdam tarix-diyarşünaslıq muzeyinin (2 mindən çox əşya), Qubadlı tarix-diyarşünaslıq muzeyinin (3 mindən çox əşya), Zəngilan tarix-diyarşünaslıq muzeyinin (6 minədək əşya) fondları qarət edilmişdir.

 Ermənistanın işğal olunmuş ərazilərdə törətdiyi ağır cinayətlərdən biri də ekoloji cinayətlərdir. Silahlı təcavüzün başlanmasından keçən müddət ərzində işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın cinayətkar fəaliyyəti nəticəsində regionun təbii sərvətləri də talan edilmiş, bu ərazilərdə mütəmadi olaraq yanğınlar törədilmiş, regionun flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilə bilməyəcək zərər vurulmuşdur.

 Beləliklə, Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər çox böyükdür. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı ölkədə ağır humanitar böhran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurulması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər vurulmuşdur. Əfsuslar olsun ki, bu abidələrin dağıdılaraq məhv edilməsi nəticəsində Azərbaycan xalqına dəymiş mənəvi zərərin miqyasını təyin etmək praktiki olaraq mümkün deyildir. Belə ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələri idi.

Belə ki, beynəlxalq hüquqa görə məsuliyyət daşıyan dövlət özünün hüquqazidd əməli ilə digər dövlətə vurmuş olduğu ziyanı tam həcmdə ödəməlidir.

 Müasir beynəlxalq hüquqda zərərin ödənilməsinin müəyyən formaları mövcuddur. Bu formalar bir tərəfdən zərərin tam ödənilməsi vəzifəsini, digər tərəfdən isə belə ödəmənin həyata keçirilməsi üsullarını əks etdirir. Bu məsələlər tam aydınlığı ilə BMT Baş Assambleyasının 12 dekabr 2001-ci ildə qəbul etdiyi 56/83 saylı "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" adlı qətnaməsində  göstərilmişdir. Sənədin 28-ci maddəsində qeyd edilir ki, beynəlxalq hüquqazidd əməllər dövlətin beynəlxalq məsuliyyətinə səbəb olur ki, bu da hüquqi nəticələr doğurur. "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" adlı qətnamənin 31-ci maddəsinə əsasən, məsuliyyət daşıyan dövlət beynəlxalq hüquqazidd əməllər nəticəsində vurduğu zərəri ödəməlidir. Sənədin 34-cü maddəsində beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş zərərin ödəmə formaları müəyyən edilib. Bu maddədə göstərilir ki, "beynəlxalq hüquqazidd əmələ görə vurulmuş zərərə görə tam ödəmə formaları restitusiya, kompensasiya və satisfaksiya formalarında ola bilər. Bu formalar həm ayrı-ayrılıqda, həm də bir-biri ilə bağlı istifadə edilə bilər".

 Bütün bu sadalanan cinayətlər siyasi, hüquqi qiymət alacaqmı? Ermənilər təzminat ödəyəcəklərmi və hansı məbləğdən söhbət gedir? 

 Təzminat davası mütləq açılmalıdır. Nazirlər Kabinetinin yaratdığı xüsusi komissiya çalışır və dəymiş ziyanın məbləği müəyyənləşdirilir. Beynəlxalq ekspertlər də dəvət olunub.  
 Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki,30 il ərzində ermənilər Azərbaycanın təbii sərvətlərini talayıblar. Bunların hamısı hesablanmalıdır. Artıq ilkin hesablamalar var ki, bunlar beynəlxalq məhkəmələrdə araşdırma obyekti olacaq. Bununla yanaşı, 27 sentyabrdan bu günədək mülki əhaliyə, cəbhə bölgəsindən kənarda yerləşən ərazilərə çox ciddi ziyan dəyib. Bununla bağlı Baş prokuror Kamran Əliyevin rəhbərliyi yaradılan Komissiya tərəfindən iş gedir. Söhbət böyük məbləğdə təzminatdan gedir. Məsələyə necə, hansı məhkəmələrdə baxılacaq, bu, sonrakı mərhələdə müəyyənləşəcək. Amma söhbət  5-10 milyarddan yox, 100 milyardlardan gedir. Bu təzminatı Ermənistandan mütləq və qəti surətdə tələb edəcəyik. 

 Hüquqşünas Çingiz Qənizadə qeyd edir ki, Prezidentin qaldırdığı məsələ ilə bağlı yaradılan xüsusi Komissiya öz işinə başlayıb:

“Komissiya Ermənistan işğalı nəticəsində ayrı-ayrı fiziki şəxslərə, sahibkarlıq subyektlərinə, infrasturuktura vurulmuş ziyanın məbləğinin hesablanması ilə məşğuldur. Müharibə bitsə də, Azərbaycanın işğal olunmuş ərazilərində barbar və vandalizm hərəkətlərini həyata keçirən erməni hakimiyyətinə qarşı iddia qaldırmalı və dəqiq zərərin əvəzini tələb etməlidir. Vaxtilə İraqın Küveytə hücumu nəticəsində dəymiş zərərlə bağlı İraq təzminat ödədi. Eləcə də, İkinci Dünya Müharibəsi dövründə Almaniya bir çox dövlətlərə təzminat ödəyib. Amma İkinci Dünya Müharibəsindən sonra bu cür vandalizmlə ilk dəfə rastlaşırıq və vəhşiliyin şahidi oluruq. Odur ki, Azərbaycan dövləti haqlı olaraq, bu vandalizmin Ermənistanın işğalı nəticəsində baş verdiyini əsas götürərək, hesablamların və dəymiş zərərin qiymətləndirilməsilə məşğuldur. Gələcəkdə bu qiymətləndirmələr öz həllini tapdıqdan sonra bir çox beynəlxalq təşkilatların mütəxəssslərini, ayrı-ayrı qurumları dəvət edəcəyik ki, onlar baş verənləri gözlərilə görsünlər.

 Ümid edirik ki, Ermənistanın havadarları onun arxasında dayanmaqdan əl çəkdikdən sonra gələcəkdə bu cür çəkişmələrdə onu müdafiə etməkdən kənar olacaq”. 

Ç.Qənizadənin sözlərinə Ermənistan tərəfi o qədər alçaq, mənfur, ikiüzlü dövlətdir ki, bu məsələdə də vəziyyətdən də sui-istifadə etməyə, ayrı-ayrı qapılarda ağlamağa çalışacaq:

“Azərbaycan öz ərazisində niyə hansısa təxribatı həyata keçirsin? Azərbaycan işğala məruz qalıb və 30 ildir ki, bizim nəzarətimizdə olmayan vandalizmi görürük. Bunu beynəlxalq ictimaiyyət, ora dəvət olunan beynəlxalq təşkilatların nümayəndələri görəcək. Zərərin dəyməsilə bağlı dəqiq vaxtın müəyyən olunması ekspertiza ilə müəyyənləşəcək. Təbii ki, onlar müəyyən həyasızlıq edəcəklər, amma beynəlxalq məhkəmələrin qəbul etdiyi qərarlar məcburidir və dövlətlər tərəfindən icra olunur”.

 Sevindirici haldır ki, araşdırmalar müxtəlif istiqamətlərdə, müxtəlif komissiyalar tərəfindən  aparılır və ümid edirik ki, nəticələrlə və yekun qərarla tez bir zamnda tanış ola biləcəyik.

Şakir QURBANOV 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN