Xüsusən yay aylarında bəzi insanlar havanın temperaturunu gizlətdiyimizi, reallıqda daha yüksək olduğunu deyirlər… 

Bu fikirləri iyunun 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə jurnalistlərin “Hirkan Milli Park”ına mediaturu zamanı ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru  Umayra Tağıyeva bildirdi.

 Umayra Tağıyeva qeyd etdi ki, insanlar üçün komfort temperatur dərəcəsi var - yay fəslində bu, 28-30 dərəcədi.

Onun sözlərinə görə, bu il iyun ayında havanın temperaturu ötən illərin eyni ayı ilə müqayisədə aşağı olub,  hava nisbətən  daha sərin keçir.

”Havanın temperaturu yalnız bir neçə gün gün ərzində 3-4 dərəcə normadan artıq olub. Ümumiyyətlə, bu günlər ərzində temperatur 34 dərəcədən yuxarı qalxmayıb”, -dedi.

Departament rəhbəri vurğuladı ki, havanın temperaturu təlimatlara uyğun olaraq kölgədə ölçülür.

“Bu, xüsusi köşklərdi və biz də Hidrometeorologiyanın həyətində  hidrometoroloji stansiyanın maketini qurmuşuq. Bu da ondan ötrüdür ki, tələbələr, uşaqlar… gəlir və baxır. Media nümayəndələri üçün də maraqlıdırsa, buyurub gələ bilərlər”.

Umayra Tağıyeva əhali arasında “havanın temperaturu barədə proqnozun reallıqdan uzaq olması” barədə düşüncələrə diqqət çəkərək bildirdi ki, temperaturla bağlı məsələ, xüsusilə yay aylarında çox qabarır. “ Bildirirlər ki, sinoptiklər havanın temperaturunu gizlədirlər, düzgün demirlər, temperatur çox yüksəkdir, amma aşağı dərəcədə olduğunu deyirlər...

Lakin bəyan edirəm ki, uzun illər çalışdığım bu sahədə heç bir zaman havanın temperaturu ilə bağlı məhdudiyyət qoyulmayıb. Yəni heç bir orqan tərəfindən tövsiyələrlə üzləşməmişik. Havanın temperaturu, küləyin sürəti … ilə bağlı məlumatlar necə varsa, obyektiv olaraq əhaliyə çatdırılır.

Məsələn, Bakı şəhəri üzrə müxtəlif ərazilərdə havanın temperaturunu ölçsək, çox müxtəlif  göstəricilər olacaq. Hətta 4- 5 dərəcə fərq yaranacaq. Biz deyəndə ki, havanın temperatur  tutaq ki, 35 dərəcədir, nəzərə alın ki, digər ərazilərdə ki,  binalar, asfalt örtüyü var və günəşin birbaşa şüaları altında olan obyektlər qızır, hansı ki, bu da obyektiv temperatura öz təsirini göstərir. Bu fon temperaturu deyil,  biz isə ümumi fon temperaturu haqqında məlumat veririk.  Biz havanın temperaturunun 35 dərəcə olacağını deyiriksə, paytaxtın müxtəlif yerlərində 37 -38 dərəcəyədək yüksələ bilər”. - qeyd etdi.

Departament rəhbəri havanın temperaturunu ölçərkən temperatura təsir edən  müxtəlif  amillərin  (nisbi rütubət, küləyin sürəti, istiqaməti…) toplanıldığını bildirdi. O, qeyd etdi ki, təqdim edilən obyektiv temperaturla hiss etdiyimiz temperatur fərqli ola bilər.

“Biz  təqdim etdiyimiz temperatur isə sırf havanın temperaturudur”, - deyə vurğuladı.

 Y.MƏMMƏDLİ


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA