İqtisadi böhran boşanmalara necə təsir edir-ARAŞDIRMA

İşsizlik və inflyasiya kimi iqtisadi amillər yalnız dolayı yolla təsir göstərir və onları boşanmanın “əsas səbəbi” hesab etmək düzgün deyil

…Müasir dövrdə iqtisadi böhranların ailə dəyərlərinə, xüsusilə də boşanma hallarına təsiri həm Azərbaycanda, həm də dünya miqyasında geniş müzakirə olunan sosial–iqtisadi problemlərdən biridir. Sosial sorğular göstərir ki, insanların böyük hissəsi boşanmanın əsas səbəbi kimi maddi çatışmazlığı, işsizliyi və ümumi iqtisadi qeyri-sabitliyi qeyd edir. Bu isə iqtisadi böhranların cəmiyyətdə hazır izah çərçivəsinə çevrildiyini göstərir: ailədaxili psixoloji və sosial uyğunsuzluqlar belə çox vaxt avtomatik olaraq “maddi problemlər”lə əlaqələndirilir. Lakin beynəlxalq təcrübə göstərir ki, iqtisadi rifahın yüksək olması boşanma hallarını avtomatik azaldan amil deyil. ABŞ və Avropa ölkələrində sosial təminat və həyat standartları yüksək olsa da, boşanma səviyyələri bəzən daha yüksək olur. Bu fakt onu deməyə əsas verir ki, iqtisadi amillər boşanmanın yaranmasında tək səbəb deyil.

***

Azərbaycanda isə son illərdə baş verən iqtisadi  dəyişikliklər zamanı boşanmaların artması müşahidə edilsə də, bəzi dövrlərdə iqtisadi çətinliklərin boşanmanı, əksinə, ləngitdiyi hallara da rast gəlinir. Bu isə problemin daha kompleks olduğunu, iqtisadi, sosial və psixoloji amillərin qarşılıqlı şəkildə təsir etdiyini göstərir.

Təqdim etdiyim məqalədə iqtisadi böhranların boşanmalara təkan verən səbəbləri araşdırılacaq, sosial və psixoloji amillərlə qarşılıqlı əlaqəsi təhlil ediləcək və həmçinin dövlətin əsas etməli olduğu tədbirlər təyin ediləcək, hal-hazırkı sistem tənqid ediləcəkdır. Mənim söyləyəcəklərimi aşağıda təqdim etdiyim cədvəl də açıq-aydın göstərir.

 

 

Il

 

2024

 

2023

 

2022

 

2021

 

2020

 

2019

 

Nikahların sayı

 

49508

 

54200

 

61939

 

56314

 

35348

 

63869

 

Boşanmaların sayı

 

21384

 

21688

 

15983

 

17191

 

14628

 

17148

Cədvəldən görünür ki, 2020-ci ildə nikahların və boşanmaların sayı ciddi şəkildə azalıb ki, bu isə pandemiya və iqtisadi qeyri-sabitliklə bağlıdır. 2021–2022-ci illərdə nikahlar artıb, lakin boşanmaların artım tempi daha sürətli olub. Bu, müharibədən sonrakı iqtisadi çətinliklərin ailələrə dolayı yolla təsirini göstərir.

İqtisadi amillər

İqtisadi böhranlar və işsizlik birbaşa boşanma səbəbi kimi qəbul edilə bilməz. Məsələn, işsizlik yüksək olsa belə, bu, avtomatik olaraq boşanma hallarının artması demək deyil. ABŞ və Avropa təcrübəsi bunu təsdiqləyir: işçi tələbi yüksək olmasına baxmayaraq, gənclər evlənməyə meylli deyil. Bunun əsas səbəbi isə uşaq və yaşayış xərclərinin yüksək olmasıdır. Başqa sözlə, iqtisadi imkanlar yaxşı olsa da, insanların qərar verməsində yalnız maliyyə faktoru deyil, sosial və psixoloji amillər də önəmli rol oynayır.

Azərbaycan kontekstində də oxşar müşahidələr mövcuddur. İşsizliklə bağlı mediada və gündəlik söhbətlərdə çoxlu məlumat verilsə də, statistika göstərir ki, müəyyən dövrlərdə işsizlik səviyyəsi aşağı düşərkən də boşanma halları artıb və ya azalıb. Bu isə onu göstərir ki, işsizlik və inflyasiya kimi iqtisadi amillər yalnız dolayı yolla təsir göstərir və onları boşanmanın “əsas səbəbi” hesab etmək düzgün deyil. Bununla belə, maliyyə çatışmazlığı ən çox qeyd olunan iqtisadi amillər sırasındadir. 2021-ci ildə respondentlərlə keçirilmiş sorğular göstərir ki, əksər hallarda ailələr maliyyə problemlərini boşanmanın əsas səbəbi kimi göstəriblər.

Məntiqi olaraq, maaşın azalması və ya gəlirin qeyri-kafi olması ailədaxili narazılıq və gərginliyi artırır. Məsələn, əvvəl 10 manat olan gəlir 5 manata düşdükdə, ərzaq və diğər məhsulların qymətləri də günü-gündən artdıqda ailə daxilində münaqişələr və narazılıqlar əmələ gələ bilər. İqtisadi çətinliklər həm də psixoloji təsirləri gücləndirir. Ailələrdə ünsiyyət problemləri, əsəbilik, güvən çatışmazlığı, stress, depressiya və aqressivlik halları baş qaldırır. Bu isə boşanma qərarlarını birbaşa formalaşdırmasa da, digər sosial və psixoloji səbəbləri pik nöqtəyə çatdırır. Nəticədə, iqtisadi böhranlar həm boşanma hallarını artıra, həm də azalda bilər, lakin ən əsas rol digər amillərin yaranmasına şərait yaratmaqdır. Beləliklə, oxuduğum məqalələr və apardığım müşahidələr göstərir ki, iqtisadi təsirlər birbaşa səbəb olmasa da, psixoloji və sosial gərginliyi artırmaqla boşanma riskini dolayısı ilə gücləndirir. Maliyyə çatışmazlığı isə, bu amillər arasında ən çox vurğulanan göstəricidir və maaş azalması, xərclərin artması kimi konkret hallar ailə münasibətlərinə ciddi təsir göstərir.

Sosial və psixoloji amillər

Müasir dövrdə boşanmanın artması yalnız iqtisadi amillərlə izah edilə bilməz; sosial və psixoloji amiilər də mühüm rol oynayır. Ailələrdə stress, əsəbilik və ünsiyyət problemləri, gündəlik həyatın bir parçası kimi müşahidə olunur. Kiçik konfliktlər, məntiqsiz mübahisələr və mənasız anlaşılmazlıqlar tez-tez boşanma qərarlarına yol açır. Əvvəllər boşanma cəmiyyət tərəfindən ayıb və qəbuledilməz hesab edilirdi; bu gün isə boşanma bir çox hallarda normal və qəbul olunan hadisəyə çevrilib. Nəticədə, ailə münasibətlərində dəyişikliklər və boşanmaya qarşı sosial münasibət də köklü şəkildə dəyişmişdir. Sosial medianın geniş yayılması və fərdiləşmənin artması da boşanma hallarına təsir edən əsas amillərdəndir. 2020-ci ildən etibarən sosial şəbəkə istifadəsi ailədaxili ünsiyyəti zəiflədib, valideyn–övlad münasibətlərinə mənfi təsir göstərib. Yeni həyat tərzi və fərdiləşmə anlayışı valideynlərdə yanlış düşüncələr formalaşdırır: “Evləndik, artıq azadıq”- kimi yanaşmalar ailə dəyərlərinin əsas prinsiplərini pozur. Bu isə uşaqların inkişafına, davranış və ünsiyyət qabiliyyətlərinə mənfi təsir edir; son nəticədə, gənclər arasında sosial problemlər və zərərli vərdişlər daha geniş yayılır.

Ailə daxilində qohumların müdaxiləsi də konfliktləri artıran digər bir sosial amildir. Xüsusilə baldız, qayınana və qaynata məsələləri, Azərbaycan ailələrində boşanmaya təsir edən əlavə faktorlar sırasındadır. Bu səbəbdən də ailə yalnız evdə yaşayan şəxslərin məsuliyyətinə və qərarlarına məxsus olmalıdır; xarici müdaxilə minimuma endirilməli, evdə qayda və nizam təyin edilməlidir. Dövlət də sosial siyasət və maliyyə dəstəyi ilə boşanma hallarının qarşısını almaqda rol oynaya bilər. Məsələn, ailənin aylıq gəlirinin bir hissəsini sosial dəstək şəklində təmin etmək, psixoloji məsləhət xidmətlərini inkişaf etdirmək, eləcə də ailədaxili ədalət və bərabərlik prinsiplərini təşviq etmək, ailə münaqişələrini azalda və boşanma riskini minimuma endirə bilər. Əsas isə odur ki, dəstək yalnız bir tərəfə yönəlməməli, hər iki tərəf ailə daxilində bir-birinə həm maliyyə, həm də psixoloji baxımdan dəstək olmalıdır. Beləliklə, sosial və psixoloji amillər boşanma hallarının formalaşmasında iqtisadi amillərlə birlikdə güclü təsir göstərir. Ailədaxili ünsiyyətin zəifləməsi, sosial medianın yanlış istifadəsi, fərdiləşmə, qohum müdaxiləsi və psixoloji gərginliklərin artması birbaşa olaraq boşanma riskini artırır. Bu isə göstərir ki, boşanmanın qarşısının alınması yalnız iqtisadi dəstək deyil, həm də sosial və psixoloji strategiyalarla mümkündür.

 Boşanmalarda iqtisadi səbəblər prosesı sürətləndirən vasitədir, amma köklü səbəb deyil

 Boşanmanın artmasının köklü səbəbi sosial münasibətlərin dəyişməsi, sosial-psixoloji amillər və ailə dəyərlərinin əvvəlki, yəni ən azı ötən əsrin 50-60-cı illərdəki gücünü itirməsidir. Boşanmanın səbəbləri sırasında tez-tez sonsuzluq amili də qeyd olunur, lakin real həyat müşahidələri göstərir ki, ailədə uşağın olmaması hər zaman boşanmaya gətirib çıxarmır və bunu birbaşa səbəb kimi də qəbul etmək olmaz.

 Dövlətin rolu və gözlənilən sosial siyasətlər

Azərbaycan qanunvericiliyində ailə institutu ilə bağlı müxtəlif qurumlar mövcud olsa da, onların fəaliyyətinin real təsiri çox cüzidir. Rəsmi sənədlərdə ailələrin sosial müdafiəsini və psixoloji dəstəyini həyata keçirməli olan qurumların adları hallansa da, əhali arasında aparılan sorğular göstərir ki, bu qurumların fəaliyyəti barədə məlumatlılıq çox aşağıdır. Məsələn, 2021-ci ildə respondentlərlə keçirilən sorğuda insanların böyük hissəsi bu qurumların mövcudluğundan belə xəbərsiz olduqlarını bildirmişdir ki, bu da dövlət qurumlarının faktiki fəaliyyətinin zəif olduğunu göstərir.Azərbaycan sosial təminat sistemində bəzi müsbət addımlar atsa da, onların təsir dairəsi məhduddur. Hazırda ehtiyacı olan ailələrə sosial yardım göstərilir, lakin uşaq pulu sistemi tətbiq olunmur. Son illərdə müəyyən dəyişikliklərə əsasən, uşaq sayı artdıqca daha çox yardım almaq imkanı yaradılsa da, bu siyasət ailələrin real ehtiyaclarını tam qarşılamır. Sosial müavinətlərin əldə olunması prosesi də olduqca çətindir: ailə üzvlərinin gəlirləri dəqiqliklə araşdırılır, bir neçə dəfə ev yoxlaması aparılır və təsdiq mərhələsi uzun çəkə bilir. Bu isə köməyə ehtiyacı olan ailələrin prosesdən çətinliklə keçməsinə səbəb olur. Ayrı-ayrı qurumların ailələrə psixoloji dəstək sahəsində fəaliyyəti də çox zəifdir. Azərbaycanda psixoloji xidmət mərkəzləri formal mövcud olsa da, onların effektivliyi aşağıdır. Cəmiyyətdə psixoloqa müraciətin “dəbdə olması” müşahidə edilsə də, bu proses çox vaxt məqsədsiz baş verir və ailələrin psixoloji ehtiyacları peşəkar şəkildəaraşdırılmır. Həqiqi psixoloji yardım yalnız şəxsin özünü dəyişməyə hazır olması ilə effekt verir, lakin hökumət tərəfindən bu sahədə ciddi və sistemli proqramlar həyata keçirilmir.

Ailə siyasəti sahəsində əsas problemlərdən biri maarifləndirmə işinin zəifliyidir. Gənclərin böyük hissəsi ailənin sosial vəzifələri, ailədaxili rolları, öhdəlikləri və psixoloji amilləri anlamadan evlənir. Bu isə ailə qurulduqdan sonra gözləntilərin qarşılanmaması, məsuliyyətin dərk edilməməsi və nəticədə konfliktlərin yaranmasına gətirib çıxarır. Ailə qurmağa hazırlaşan şəxslər üçün pulsuz maarifləndirici seminarlar, psixoloq görüşləri, ailə sosiologiyası və psixologiyası barədə təlimlərin keçirilməsi boşanmaların qarşısını almaqda mühüm rol oynaya bilər. Bəzi ölkələrdə tətbiq olunan sosial siyasətlər Azərbaycanın da istifadə edə biləcəyi uğurlu nümunələrdir.

Məsələn, Rusiyada uşaqların adına 18 yaşına qədər yığılan vəsait sistemi ailələrə əlavə maddi təminat yaradır. Belə mexanizmlər Azərbaycanda da tətbiq edilsə, ailələrin uzunmüddətli rifahını artıraraq boşanma riskini azalda bilər. Lakin ölkəmizdə sosial sahələrə ayrılan maliyyə resursları məhdud olduğundan və dövlət daha çox iqtisadi inkişafı neft strategiyası üzərindən qurduğundan, sosial təminat sahəsi inkişaf baxımından geri qalır. Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 11 mindən çox şəxsə sosial dəstək göstərilsə də, bu rəqəm ölkə əhalisinin miqyası ilə müqayisədə kifayət qədər aşağıdır. Daha genişmiqyaslı sosial proqramlar, məktəblərdə ailə dəyərlərinə dair maarifləndirici layihələr və gənclər üçün ailəyə hazırlıq proqramları həyata keçirilmədikcə, boşanma hallarının azaldılması istiqamətində ciddi nəticə əldə etmək çətin olacaq.

 Nəticə

Burada birbaşa səbəb yoxdur. Boşanma tək bir amildən yaranmır, bir amillə izah olunmayan, çoxşaxəli problemdir. Bəs problemin köklü səbəbi nədir? Səbəb çoxdur:

-sosial münasibətlərin dəyişməsi;

-ailə dəyərlərimizin zəifləməsi;

– sosial media münasibətləri dəyişdirib;

– gənclər ailə nədir, məsələlər necə həll olunur,bilmirlər;

– dözümlülük və anlayış qabiliyyətimiz zəifləyib;

-qarşılıqlı hörmət və qarşılıqlı güzəşt demək olar yoxa çıxıb;

-real-gündəlik həyatla, gözləntilərimiz eyni deyil və s.

***

İqtisadi çatışmazlıq stress yaradır, stress aqressiya doğurur, aqressiya mübahisəni artırır,  mübahisə də boşanmanı sürətləndirir. Amma yenə də iqtisadi çətinlik olan ailələrin hamısı boşanmır. Deməli, iqtisadi böhran, maddi çətinlik boşanmaların köklü səbəbi deyil.

Psixoloji səbəblər müasir dövrdə boşanmaya ən güclü təsir edən amildir

Aqressivlik, öz hisslərini idarə edə bilməmək, empatiyanın zəifləməsi, dürüst olmayan ünsiyyət, psixoloqa getməkdə məqsədsizlik (sadəcə dəb xətrinə getmək), dövlətin bu sahədə kifayət qədər tədbir görməməsi, sosial dəstək sistemlərinin real işləməməsi, gənclərin ailə və ailə dəyərləri haqqında maarifləndirilməməsi, psixoloji mərkəzlər qeyri-aktiv olması, uşaq pulunun verilməməsi, ciddi ailə siyasətinin aparılmaması boşanmaya təsir edən faktorlardır.

Araşdırmamın nəticəsində belə qənaətə gəldim ki, boşanmanın artmasının köklü səbəbi sosial münasibətlərin dəyişməsi və ailə dəyərlərinin əvvəlki, yəni ən azı ötən əsrin 50-60-cı illərdəki gücünü itirməsidir. Digər bütün amillər isə, bu əsas səbəbi gücləndirən və onun nəticələrini ağırlaşdıran ikinci dərəcəli təsirlərdir.

 REAL HƏYAT NÜMUNƏLƏRİ

Boşanmanın ailə üzvlərinə, xüsusilə uşaqlara psixoloji təsirini göstərən real nümunələr kifayət qədərdir. Sinif yoldaşlarımdan birinin ailə vəziyyəti buna açıq nümunədir. Həmin ailədə ata tez- tez evə gəlib çox adi və əhəmiyyətsiz səbəblərdən mübahisələr yaradırdı. Məsələn, bacısının ad gününün sosial şəbəkədə paylaşılmamasını bəhanə edərək həyat yoldaşı ilə dava salırdı. Bu cür xırda məsələlər zamanla ciddi konfliktlərə çevrilirdi. Ata hərbçi idi və evdə ən kiçik irada belə aqressiv reaksiya verirdi. Üstəlik, tez-tez spirtli içki qəbul edərək, evə gəlirdi. Ana bu davranışlara etiraz etsə də, ata heç vaxt bunu qəbul etmirdi. Nəticədə ana övladlarının psixoloji sağlamlığını düşünərək boşanma qərarı verdi. Boşanma prosesi zamanı da təzyiqlər davam etmişdi. Məhkəmə günü sinif yoldaşımın anası qızına zəng edərək atasının onu ev məsələsi ilə bağlı təhdid etdiyini bildirmişdir. Halbuki söhbət atasına məxsus olmayan, babaya aid olan evdən gedirdi. Ata ailəni evsiz qoymaqla hədələyirdi. Bu vəziyyət uşağın psixologiyasına çox ciddi təsir etmişdi və həmin gün məktəbdə xeyli ağlamışdı. Məhkəmədə ana və uşaqlar haqlarını qoruya bildilər. Bununla belə, boşanmanın psixoloji zədəsi illər keçsə də qalıcı oldu.

Sınıf yoldaşım bu gün də ailə mövzusundan söhbət düşəndə emosional reaksiya verir. Xaricdən güclü və gülümsəyən görünsə də, daxilində bu gərginliyi daşıdığı hiss olunur.

Maraqlıdır ki, həmin qız 600 baldan çox nəticə ilə Hüquq fakültəsinin ingilis bölməsinə qəbul olmasına baxmayaraq, atası və ata tərəfdən qohumları buna heç bir reaksiya verməmiş, boşanmadan sonra əlaqələri tam kəsmişdilər. Bu da onu göstərir ki, boşanma təkcə valideynlərin ailəsini deyil, uşağın sosial mühitini də dağıdır.

 İkinci boşanma nümunəsində səbəb fərqli idi. Tanıdığım bu ailədə maddi problem yox idi, lakin qohumların, xüsusilə qayınana, qaynata və baldızın ailə işlərinə müdaxiləsi çox güclü idi.

Həyat yoldaşı ailəsi tərəfindən qəbul edilmirdi və bu təzyiqlər birbaşa evlilik münasibətlərinə təsir edirdi. Nəticədə davamlı müdaxilə və psixoloji basqı boşanmaya gətirib çıxarmışdı. Bu nümunə göstərir ki, bəzən ailə daxilində problem olmasa belə, kənar sosial faktorlar nikahın pozulmasına səbəb ola bilir.

Üçüncü nümunədə isə, bir şəxs bildirirdi ki, ilk evliliyində maddi çatışmazlıq yaşadığı üçün boşanıb, lakin ikinci evliliyində eyni işdə, eyni maaşla işləməsinə baxmayaraq, xoşbəxtdir. Bu fakt açıq şəkildə göstərir ki, boşanmanın əsas səbəbi təkcə iqtisadi faktorlar deyil. Əsas problem tərəflərin bir-birini anlamaması, psixoloji uyğunluğun olmaması və ailədaxili münasibətlərin düzgün qurulmamasıdır.

***

Boşanmanın səbəbləri sırasında tez-tez sonsuzluq amili də qeyd olunur. Lakin real həyat müşahidələri göstərir ki, ailədə uşağın olmaması hər zaman boşanmaya gətirib çıxarmır və bunu birbaşa səbəb kimi də qəbul etmək düzgün deyil. Buna nümunə olaraq, anamın xalası gəlinlərinin ailə vəziyyətini qeyd edə bilərəm. Həmin ailədə üç gəlin var və hər üçü uzun müddətdir ailəlidir.

Onlardan ikisinin sağlamlığında olan problemə görə, birinin isə heç problemi olmamasına baxmayaraq uşaqları olmur. Buna baxmayaraq, bu ailələrdə boşanma baş verməyib və evliliklər davam edir.

Bu ailələrin boşanmamasının əsas səbəbi onların ailə daxilində xoşbəxt olmaları və uşağın olmamasını evliliyin sonu kimi görməmələridir. Onlar sonsuzluğu boşanma üçün əsas səbəb hesab etmirlər və münasibətlərini qarşılıqlı anlayış üzərində qururlar. Hətta bu ailələrdən biri övladlığa uşaq götürmüş və həmin uşağa böyük sevgi, məsuliyyətlə yanaşırlar. Hazırda bioloji övladları olmasa da, ailə daxilində xoşbəxtlik açıq şəkildə hiss olunur.

Bu nümunə onu göstərir ki, cəmiyyətdə tez-tez səsləndirilən “sonsuzluq varsa, boşanma qaçılmazdır”- fikri hər zaman həqiqəti əks etdirmir. Eyni vəziyyət iqtisadi çətinliklərə də aiddir.

Maddi problemlərin mövcudluğu avtomatik olaraq boşanmaya səbəb olmur. Əsas məsələ ailə üzvlərinin bu çətinliklərə necə yanaşması və bir-birinə göstərdiyi psixoloji dəstəkdir.

Digər bir nümunədə isə, tanıdığım ailəyə kənar müdaxilələrə baxmayaraq, evliliyin davam etdiyini görürük.

Bu ailədə qaynana və digər qohumların münasibətə təsiri olsa da, həyat yoldaşları bir-birinə qarşı anlayışlı və qayğıkeş davranırlar. Maddi vəziyyət yüksək olmasa da, ailə üzvləri bir-birinə göstərdikləri anlayışlı münasibət sayəsində xoşbəxt həyat sürür, birlikdə səyahət edir və həyatlarından zövq alırlar. Bu da sübut edir ki, kənar müdaxilələr belə, əgər ailədaxili münasibətlər sağlamdırsa, boşanma ilə nəticələnməyə bilər.

 

Şəkildəki 1-ci diagram 2021-ci ildə Sosial Tədqiqatlar Mərkəzinin tədqiqatının nəticəsidir. 2-ci isə mənim 33 nəfərdən ibarət insanlar arasında apardığım sorğumun nəticələridir. Əgər diqqətlə baxsaq hər iki sorğunun nəticələrində boşanma səbəbi kimi psixoloji və sosioloji amil üstünlük təşkil edir. İqtisadi amillər seçimi isə az olub. Beləliklə, araşdırma və tədqiqat işini sonlandıraraq, sorğunun nəticələrinə əsaslansam, demək olar ki, hər ikisində psixoloji səbəblər liderdir. Bu, o deməkdir ki, müasir dövrdə insanlar boşanma üçün əsas səbəbi psixoloji amildə görürlər. Sorğu keçirməkdə məqsədim isə, az da olsa, bu mövzuda müəyyən sayda bir kütlənin düşüncələrini sizlə bölüşməkdir. Sonda apardığım sorğuda iştirak edən Xəzər Universitetinin “Nefçilər” kampusunda kitabxanaya üzvlük qeydiyyatını aparan iki müəllimə, Tibb dərsini tədris edən Şəhanə müəllimə, Foundation 1 qrup yoldaşlarıma və digər dərslər üçün qrup yoldaşım Mirsadiqə, Sevil müəllimə, «Khazarland» qrupu heyətindən 9 tələbəyə və adminə göstərdilkəri dəstək  üçün təşəkkür edirəm.

Şəhanə Məmmədzadə,

Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakültəsinin A qrupunun 1-ci kurs tələbəsi

 

 

Xəbəri paylaş