İki gün əvvəl Kəlbəcərdə baş verən avtoqəzada hərbi qulluqçumuz İlahə Şahverdiyeva həlak olub. Lakin onun haqqında çoxlarımızın bilmədikləri vardır və bu barədə jurnalist Zahid Nurəliyev maraqlı paylaşım edib. Tezadlar.az həmin paylaşımı təqdim edir:
“…Kəlbəcərdə baş verən avtoqəzada hərbi qulluqçumuz İlahə Şahverdiyeva həlak olub. Bir il əvvəl cavan oğlunu itirmişdi… Bu gün də özü həlak oldu… Səhifəsində oğlu və şəhid atası ilə bağlı ürəkparçalayan paylaşımları var. Görüşünə tələsdiyi doğmalarına qovuşdu… Yeri gəlmişkən, İlahə xanım Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı qızıdır. Atası Rəsul Şahverdiyev də 1995-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olub…
Bayaq xəbəri dəqiqləşdirmək üçün Laçın ağsaqqallarından Qəzənfər müəllimlə danışdım. İsrafil Şahverdiyev haqqında maraqlı bir hadisə danışdı. Bir dəfə İsrafil polis rəisindən icazəsiz ermənilərlə döyüşə gedib. Gələndə rəis onu danlayıb, deyib niyə icazəsiz döyüşə getmisən. İsrafil Şahverdiyev deyib ki, komandir, məni nənəm böyüdüb, uşaq vaxtı başıma sinəsinə qoyurdum, boşluğa düşürdü, bir döşü yox idi, bir dəfə soruşdum bu haqda, nənəm dedi ki, o, vaxt ermənilər kəsib. Deyir, komandir, nənəmin qisasın almağa getmişdim… Şəhid jurnalist Salatın Əsgərovanın qisasının alınmasında da İsrafil Şahverdiyevin böyük rolu olub.
Allah bu qəhərman ailənin bütün dünyadan köçənlərinə rəhmət eləsin!”.
A.Məmmədli