Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünən Cənubi Amerika ölkəsi olan Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 132-yə çatıb.
Tezadlar.az xəbər verir ki, Kolumbiya Paytaxtları Assosiasiyası (Asocapitales) ölkəni vuran 7,4 bal gücündə zəlzələdən sonrakı son vəziyyətlə bağlı açıqlama yayıb.
Açıqlamada ölənlərin sayının 132-yə çatdığı, 700-dən çox insanın yaralandığı bildirilir.
Milli medianın məlumatına görə, ən çox itki və maddi ziyanın baş verdiyi Pereira, Cali, Quibdo, Manisales və Armeniada qırmızı həyəcan elan edilib və təhlükəsizlik səbəbi ilə bu şəhərlərdə komendant saatı tətbiq edilib.
Təsirə məruz qalan şəhərlərdə axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam edir, ən çox ölüm halı 60 nəfərin həyatını itirdiyi Pereira şəhərində qeydə alınıb.
Mətbuata görə, 188 nəfərin itkin düşdüyü bildirilir və ölənlərin sayının daha da arta biləcəyi ilə bağlı narahatlıqlar var.
Ölkənin üçüncü ən böyük şəhəri olan Kalidə bəzi yollar dağılıb və 10 xəstəxana zəlzələ səbəbindən fəaliyyət göstərə bilmir. Paytaxt Boqota və Medellindən axtarış-xilasetmə qrupları dəstək göstərmək üçün bölgəyə göndərilib.
Kibdo və Manizalesdə zəlzələ su, elektrik enerjisi, telekommunikasiya və nəqliyyat xidmətlərində fasilələrə səbəb olub.
Kalidə komendant saatı elan edilib
Kali meri Alejandro Eder mətbuata açıqlamasında talançılığın qarşısını almaq və təhlükəsizliyi təmin etmək üçün komendant saatı elan edildiyini bildirib və əlavə edib ki, bu qərar təcili yardım və xilasetmə qruplarının daha təhlükəsiz və sürətli işləməsinə imkan yaratmaq üçün verilib.
ABŞ Geoloji Xidməti (USGS) 7,4 bal gücündə zəlzələnin Kolumbiyanın qərbindəki San Jose del Palmar şəhərindən təxminən 5 kilometr şərqdə baş verdiyini açıqlayıb.
Venesuela, Ekvador və Panamada hiss olunub
Zəlzələ Venesuela, Ekvador və Panamanın müxtəlif bölgələrində, eləcə də Kolumbiyada hiss olunub.
Venesuelada yerləşən Telesur veb saytının məlumatına görə, Kolumbiyadakı zəlzələ Venesuelada bəzi binaların fasadlarının qismən uçmasına, kafedrala və hava limanına ziyan vurmasına səbəb olub.
ELBAR