Azərbaycan mediası Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağı barədə məlumat yaymaqdadır. Rusiya mediası da rəsmi qaynaqlara istinadla faktı təsdiqləməkdədir.
Beləliklə, sosial mediada bu barədə fərqli səbəblər göstərilir. Lakin Azərbaycan hakimiyyətinin məsələyə təmkinli cavabı da bəllidir.
Tezadlar.az dünənki buraxılışında bu məsləyə dair özəl ehtimal və qənaətini paylaşıb. Amma faktdır ki, AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasından neçə aylar ötsə də Rusiyanın siyasi rəhbərliyi aparılan əməliyyat- istintaq tədbirləri barədə susur və günahkarların cəzalandırılması barədə də danışmır. Sanki bu belə də olmalı imiş, yaxud da, Rusiya bölgədə istədiyini edə bilər, kimsə ona söz deyə bilməz. Bu hikkəli mövqeyi isə Ukrayna üzərinə şığımaqda görməkdəyik. Eyni zamanda, bir müddət əvvəl Azərbaycanın bir sıra media resurslarına kiberhücumların Rusiyadan edildiyi də təsdiqini tapıb. Moskva bu məsələdə də susur.
Nəhayət, bu yaxınlarda deputat Azər Badamovun Rusiyadan deport edilməsi də ortadadır. Moskva yenə susur.
Moskva, necə deyərlər, Ukraynadakı göz yaşlarına inanmaya bilər, amma Azərbaycana qarşı edilənlərin haqsız və ədalətsiz olduğunu isə bilməmiş də deyil… Belə olan halda, sözün böyük mənasında, Azırbaycan rəhbərinin Qızıl Meydanda nə işi ola bilər ki?!
SONDA: Allah min rəhmət eləsin Üzeyir bəyə, “Məşədi İbad”da yaxşı deyir ki, “Mürtəd oğlu mürtəd, mənə meymun deməyin bəs deyil, hələ bir əl də uzadırsan?!”.
Əl uzatmaq üçün isə əl də, niyyət də gərəkdir ki, tər-təmiz olsun!
Asif MƏRZİLİ