Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Avqust 2026 / 22:34

Naxçıvan inkişaf etmiş tranzit məkanına çevriləcək – politoloq Azad Məsiyev

Naxçıvanda Türkiyə ilə əlaqə yaratmaq üçün Zəngəzur dəhlizinin işlək vəziyyətə gətirilməsi, yeni yolların, yeni infrastrukturun yaradılması prosesi gedir.

Bu fikirləri Tezadlar.az-a açıqlamasında politoloq Azad Məsiyev Prezident İlham Əliyevin Naxçıvana səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsidir: “Məlumdur ki, Ermənistan uzun müddət Naxçıvanı blokadada saxladı. Ancaq Azərbaycan dövləti Naxçıvana diqqəti unutmadı və bölgə ilə əlaqə yaratmaq üçün müxtəlif yollara əl atdı. Hətta İran üzərindən Naxçıvanla əlaqələri bərpa etdi”.

Naxçıvanın çox qədim tarixə malik bir bölgə olduğunu vurğulayan A.Məsiyev qeyd edib ki, Naxçıvandakı tarixi abidələrin mövcudluğu Azərbaycan xalqının, eləcə də Naxçıvanın qədim tarixi köklərə malik bir bölgə olduğunun bariz nümunəsidir: “Məlum olduğu kimi, avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfər edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində yerləşən tarixi Möminə Xatun türbəsini ziyarət etdi, burada aparılan bərpa və yenidənqurma işləri ilə tanış oldular. Bildiyiniz kimi, Möminə Xatun türbəsi Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri, Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biridir. Üzərindəki məlumata görə bu türbə 1186-cı ildə tikilib. Və bu memarlıq abidəsi Azərbaycanın tarixi mədəniyyətinin bir nümunəsidir. Naxçıvan şəhərində yerləşən Möminə Xatun türbəsi 1998-ci ildə UNESCO-nun Mədəni irs siyahısına daxil edilib. 2001-ci ildə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb. Bütün bunlar tarixi irsimizin qorunması və təbliği baxımından çox mühüm əhəmiyyət daşıyır. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığının isə incilərindən biri olan Möminə Xatun türbəsi böyük tarix və mədəniyyət yadigarımızdır. Görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin yaratdığı bu nadir və monumental sənət nümunəsi kompozisiya həlli ilə seçilir. Türbə, həmçinin Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani göstəricisidir. Prezidentin türbəyə baş çəkməsi Azərbaycan dövlətinin milli tarixə, qədim dövlətçilik ənənələrinə və mədəni irsin qorunmasına böyük diqqətin bariz nümunəsidir”.

Dövlət başçısının Naxçıvana səfərinin xüsusi önəm daşıdığını qeyd edən politoloq bildirib ki, Naxçıvan strateji bir bölgədir; üç dövlətlə – İran, Türkiyə və Ermənistanla sərhəddə yerləşir: “Bilirik ki, Naxçıvan Muxtar Respublikası 1990-cı illərin əvvəlindən, Sovet İttifaqının dağılmasından sonra Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın əsas quru hissəsindən ayrı düşərək otuz ildən artıq ağır nəqliyyat, iqtisadi və energetika blokadasında qaldı. Ancaq buna baxmayaraq, Naxçıvandakı mövcud durumu aradan qaldırmaq üçün dövlət həmişə diqqət göstərib”.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın həm de-fakto, həm də de-yuro öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini vurğulayan politoloq 30 illik işğala son qoyulduqdan, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və tarixi ədalət təmin olunduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin açılması üçün hər zaman xüsusi diqqət və ardıcıl siyasi iradə göstərdiyini qeyd edib: “Bildiyiniz kimi, bu məsələ ilə bağlı Azərbaycan həm İranla, həm də Ermənistanla danışıqlar aparır. Əgər Ermənistan Zəngəzur dəhlizin açılmasında şərtlərimizi qəbul etməsə, Azərbaycan İran üzərindən Araz dəhlizi vasitəsi ilə Naxçıvanla əlaqəni bərpa edəcək. Təbii ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan daha da inkişaf etmiş tranzit məkanına çevriləcək. Ona görə də bu bölgədə dövlətin iqtisadi sahədə siyasəti xüsusi önəm daşıyır. Bildiyiniz kimi, Naxçıvanda iqtisadi zonanın formalaşdırılması üçün dövlətin strateji siyasi kursu mövcuddur. Dediyim kimi, bu bölgə gələcəkdə dünyanın tranzit yolunun üzərində olduğuna görə burada həm iqtisadi sahədə, həm mədəni sahədə islahatlar, yenidənqurma işləri gedir. Hazırda Naxçıvanda Türkiyə ilə əlaqə yaratmaq üçün Zəngəzur dəhlizinin işlək vəziyyətə gətirilməsi, yeni yolların, yeni infrastrukturun yaradılması prosesi gedir. Hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasının inkişafı bundan sonra da davam edəcək və bu inkişaf bütövlükdə Azərbaycanın iqtisadi gücünün daha da artmasına xidmət edəcək”.

Elbar ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!