Yaxud, Vəkil sirrinin qorunması, sübutların mümkünlüyü və beynəlxalq hüquqi standartlar kontekstində
Vəkillik institutunun müstəqilliyi hüquqi dövlətin və ədalət mühakiməsinin əsas şərtlərindən biridir. Vəkillər hüquqi yardım göstərərkən öz peşə vəzifələrini qanunsuz müdaxilə və təzyiq olmadan yerinə yetirməlidir. Bu təminat yalnız vəkilin peşə maraqlarını deyil, hüquqi yardım üçün ona müraciət edən şəxsin hüquqlarını da qoruyur. Şəxs öz vəkili ilə sərbəst danışa bilməli, işin bütün halları barədə məlumat verərkən həmin məlumatların məxfiliyinə əmin olmalıdır.
Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli vəkilliyin inkişafına dair Sərəncamında güclü və nüfuzlu vəkillik institutunun formalaşdırılmasının əhəmiyyəti xüsusi vurğulanmışdır. Bu məqsədin realizəsi vəkillərin qanuni peşə fəaliyyətinin müdaxilədən qorunmasını, eyni zamanda onların hərəkətlərinə hüquqi qiymət verilərkən peşənin xüsusiyyətlərinin nəzərə alınmasını tələb edir. Vəkillərin peşə fəaliyyəti ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməsi halları da məhz bu baxımdan diqqətlə araşdırılmalıdır.
Vəkilin peşə fəaliyyəti ilə cinayət məsuliyyəti arasındakı sərhədin düzgün müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır. Vəkilin əsas vəzifəsi hüquqi yardım göstərmək, şəxslərin hüquq və qanuni mənafelərini müdafiə etməkdir. Bu vəzifənin icrası zamanı sənədlərin hazırlanması, hüquqi mövqenin formalaşdırılması, məsləhətlərin verilməsi və qanuni prosedurlarda iştirak edilməsi peşə fəaliyyətinin tərkib hissəsidir. Belə hərəkətlər yalnız həyata keçirildiyinə görə cinayət əməli kimi qiymətləndirilə bilməz. Konkret halda vəkilin hansı hərəkəti etdiyi, bunu hansı səlahiyyət çərçivəsində və hansı məqsədlə həyata keçirdiyi, habelə cinayət tərkibinin zəruri əlamətlərinin olub-olmadığı araşdırılmalıdır.
Digər tərəfdən, vəkil statusu cinayət məsuliyyətindən azad edən ümumi immunitet yaratmır. Vəkillər də digər vətəndaşlar kimi qanun qarşısında məsuliyyət daşıyır. Lakin qanuni peşə fəaliyyətinin cinayət əməli kimi təqdim olunması vəkillərin müstəqil fəaliyyətinə mənfi təsir göstərə, onların müdafiə mövqeyini zəiflədə bilər. Belə yanaşmanın nəticəsində hüquqi yardım alan şəxslərin müdafiə imkanlarının və həmçinin şəxslərin ədalət mühakiməsinə olan inancının zəifləməsinə səbəb ola bilər.
Vəkilin peşə fəaliyyəti ilə bağlı məlumatlara dair dindirilməsinin məhdudlaşdırılması mühüm prosessual təminatdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinin III hissəsinə görə, vəkilin vəkillik fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan hallar barədə dindirilməsi yolverilməzdir. Bu norma vəkilin şəxsi maraqlarını qorumaqla məhdudlaşmır. Onun əsas məqsədlərindən biri vəkilə etibar edilmiş məlumatların məxfiliyini və vəkil-müvəkkil münasibətlərində etimadı təmin etməkdir.
Hüquqi yardım alan şəxs vəkilinə iş üçün əhəmiyyətli olan məlumatları çəkinmədən çatdıra bilməlidir. Əgər həmin məlumatların sonradan başqa məqsədlərlə, xüsusilə də şəxsin öz əleyhinə istifadə oluna biləcəyi ehtimalı yaranarsa, bu, hüquqi yardımın keyfiyyətinə və vəkilə olan etimada ciddi zərər vura bilər. Bununla belə, hüquqi yardım alan şəxsin vəkil barəsində şikayət etməsi peşə sirrinə dair bütün təminatların avtomatik aradan qalxması kimi başa düşülməməlidir. Belə vəziyyətdə məlumatın məzmunu, vəkilin prosessual vəziyyəti və məlumatın əldə olunmasının hüquqi əsası ayrıca qiymətləndirilməlidir.
***
Qeyd etdiyimiz kimi vəkil sirrinin qorunması hüquqi yardım alan şəxslə vəkil arasında etimad münasibətlərinin əsasını və hüquqi yardımın səmərəli göstərilməsinin zəruri şərtini təşkil edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, vəkilin peşə fəaliyyəti ilə əlaqədar əldə etdiyi məlumatlar, verdiyi məsləhətlər, hazırladığı hüquqi sənədlər, şəxsin hüquqi yardım üçün müraciət etməsi faktı və müqavilənin məzmunu vəkil sirrinin əhatə dairəsinə daxildir. Qanunun 7-ci maddəsinin III hissəsi vəkilin vəkillik fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan hallar barədə dindirilməsini, habelə peşə fəaliyyəti çərçivəsində topladığı sənədlərin, digər sübutların və vəkillik icraatlarının (dosyelərin) istintaq və məhkəmə orqanları tərəfindən tələb edilməsini və götürülməsini qadağan edir. Qanunun 17-ci maddəsinin I hissəsi isə vəkil sirrini təşkil edən məlumatların vəkildən, vəkil köməkçisindən, vəkil qurumlarından, habelə vəkil kimi fəaliyyət göstərdiyi dövr üzrə fəaliyyəti dayandırılmış və ya fəaliyyətinə xitam verilmiş şəxslərdən tələb edilməsinə məhdudiyyət müəyyən edir. Eyni zamanda, həmin maddənin V hissəsində bu məlumatların vəkilin hüquqi yardım göstərdiyi işlər üzrə, eləcə də həmin vəkilin iştirakı ilə aparılan məhkəmə prosesində sübut kimi qiymətləndirilməsinə dair xüsusi qadağa nəzərdə tutulur. Beləliklə, qanunvericilik vəkil sirrinin qorunmasını yalnız məlumatların əldə edilməsinin məhdudlaşdırılması ilə deyil, onların sonradan sübut kimi istifadəsinin yolverilməzliyi ilə də təmin edir.
Bu təminatların Cinayət-Prosessual Məcəllənin 177.3.6-cı və 259.3-cü maddələri ilə əlaqəli tətbiqi xüsusi əhəmiyyət daşıyır. Həmin normalar peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsini məhkəmə qərarı ilə əlaqələndirsə də, bu qayda vəkil sirrinin qorunmasına dair xüsusi qanuni qadağaları aradan qaldırmır. Bu münasibətlərdə hüququn ümumi qəbul olunmuş lex specialis derogat legi generali prinsipi nəzərə alınmalı, ümumi prosessual normalar vəkil sirrinə dair xüsusi təminatlarla uzlaşdırılmaqla tətbiq edilməlidir. Belə yanaşma CPM-in 177.3.6-cı və 259.3-cü maddələrində nəzərdə tutulan məhkəmə nəzarəti mexanizminin vəkil sirrinin toxunulmazlığına dair xüsusi təminatların istisnası kimi şərh edilməsinin qarşısını alır. Əks yanaşma isə vəkil-müvəkkil münasibətlərinin məxfiliyinin və hüquqi yardım alan şəxsin müdafiə hüququnun zəifləməsinə səbəb ola bilər.
Vəkil sirrinə aid məlumatların qanunsuz əldə edilməsi həmin məlumatların sübut kimi istifadəsi məsələsini gündəmə gətirir. Cinayət-Prosessual Məcəllənin 125-ci maddəsi sübutların mümkünlüyünün müəyyən edilməsi üçün əsas meyarları təsbit edir. Vəkil sirrini təşkil edən məlumatların qanunla müəyyən edilmiş qaydalar pozulmaqla əldə edilməsi həmin məlumatların cinayət işi üzrə sübut kimi istifadəsi məsələsini gündəmə gətirir. Məlumatın iş üçün əhəmiyyətli olması onun əldə edilməsi zamanı qanun pozuntusuna yol verilməsinə haqq qazandırmır. Buna görə də belə məlumatların ittiham aktına və ya yekun məhkəmə qərarına daxil edilməsi məsələsi formal qaydada həll olunmamalı, onların hansı şəraitdə və hansı hüquqi əsasla əldə edildiyi araşdırılmalıdır.
Burada iki məsələni bir-birindən ayırmaq vacibdir: məlumatın əldə edilməsinin qanuniliyi və həmin məlumatın sübut kimi mümkünlüyü. Bu məsələlər bir-biri ilə bağlı olsa da, eyni məna daşımır və hər biri üzrə ayrıca hüquqi qiymət verilməlidir. Müdafiə tərəfi məlumatın əldə olunma qaydasına etiraz etdikdə, məhkəmə həmin etirazı və təqdim olunan dəlilləri mahiyyəti üzrə araşdırmalı, gəldiyi nəticəni qərarında əsaslandırmalıdır. İstintaq orqanının mövqeyi ilə yanaşı, məsələnin hərtərəfli və obyektiv qiymətləndirilməsi üçün digər hallar da ayrıca təhlil edilməlidir.
***
Məlum olduğu kimi sübutların mümkünlüyü ilə bağlı məsələlərə yekun hüquqi qiymət vermək məhkəmənin vəzifəsidir. Ədalət mühakiməsinin əsas tələblərindən biri ittihamın və təqdim edilmiş sübutların məhkəmə tərəfindən müstəqil qiymətləndirilməsidir. Vəkilin qanunda nəzərdə tutulan təminatlar pozulmaqla dindirilməsi və ya vəkil sirrinin qorunması qaydalarının pozulması barədə iddialar məhkəmə araşdırmasında ayrıca nəzərdən keçirilməlidir. Məhkəmə bu iddialara formal münasibət bildirməklə kifayətlənməməli, işin materiallarını və tərəflərin dəlillərini araşdıraraq əsaslandırılmış nəticəyə gəlməlidir. Bu, həm prosessual təminatların real işləməsi, həm də hüquqi yardım institutuna ictimai etimad baxımından əhəmiyyətlidir.
Fikrimizcə vəkil barəsində həbs qətimkan tədbirinin seçilməsi zərurilik və mütənasiblik meyarları əsasında qiymətləndirilməlidir. Vəkil barəsində cinayət təqibi aparıldığı hallarda həbs qətimkan tədbirinin seçilməsi də ümumi prosessual meyarlar əsasında, konkret işin halları nəzərə alınmaqla həll edilməlidir. Həbs cəza deyil və yalnız qanunda nəzərdə tutulan prosessual risklərin mövcudluğu əsaslandırıldıqda tətbiq oluna bilər. Bu zaman şəxsin yaşı, sağlamlıq və ailə vəziyyəti, daimi yaşayış yeri, əvvəlki prosessual davranışı, habelə daha yüngül qətimkan tədbirlərinin tətbiqinin mümkünlüyü nəzərə alınmalıdır.
Vəkil statusu şəxsi cinayət məsuliyyətindən azad etməsə də, onun peşə fəaliyyətinin xüsusiyyətləri diqqətdən kənarda qalmamalıdır. Həbs qətimkan tədbiri seçilərkən bu tədbirin vəkilin hüquqi yardım göstərmək imkanlarına təsiri də qiymətləndirilməlidir. Qərar yalnız formal əsaslara deyil, tədbirin konkret şəraitdə zəruri və mütənasib olmasına söykənməlidir.
Vəkillik fəaliyyətinin müstəqilliyi və vəkil-müvəkkil münasibətlərinin məxfiliyi beynəlxalq hüquqi sənədlərdə də qorunur. Vəkillərin müstəqilliyi və vəkil-müvəkkil münasibətlərinin məxfiliyi beynəlxalq sənədlərdə də mühüm təminat kimi tanınır. BMT-nin 1990-cı ildə qəbul etdiyi “Vəkillərin rolu haqqında Əsas Prinsiplər” sənədinin 16-cı prinsipi vəkillərin qorxu, təzyiq və yolverilməz müdaxilə olmadan fəaliyyət göstərməsini, 20-ci prinsipi peşə funksiyalarının icrası zamanı vicdanla edilən müvafiq bəyanatların qorunmasını, 22-ci prinsipi isə vəkil-müvəkkil ünsiyyətinin məxfiliyini nəzərdə tutur.
Avropa Şurası Nazirlər Komitəsinin R(2000)21 saylı Tövsiyəsində də vəkillik peşəsinin sərbəst həyata keçirilməsinin vacibliyi vurğulanır. Avropa İnsan Hüquqları Məhkəməsi “Michaud v. France”, “Kopp v. Switzerland” və “Campbell v. the United Kingdom” işlərində vəkil-müvəkkil ünsiyyətinin məxfiliyinin əhəmiyyətini qeyd etmişdir. Bununla yanaşı, belə münasibətlərə müdaxilənin qanuni əsası, legitim məqsədi və mütənasibliyi hər bir işin konkret halları nəzərə alınmaqla qiymətləndirilməlidir.
Vəkillik peşəsinin müdafiəsinə dair beynəlxalq standartların inkişafında Avropa Şurasının yeni Konvensiyası ayrıca yer tutur. Avropa Şurasının “Vəkillik peşəsinin müdafiəsi haqqında” Konvensiyası (CETS No. 228) 12 mart 2025-ci ildə qəbul edilmiş və 13 may 2025-ci ildə imzalanmaq üçün açılmışdır. Sənəd vəkillərin peşə fəaliyyətinin müstəqilliyi, vəkil-müvəkkil ünsiyyətinin məxfiliyi, eləcə də axtarış və götürmə tədbirləri zamanı tətbiq edilməli təminatlarla bağlı müddəaları əhatə edir.
Konvensiyanın Azərbaycan üçün məcburi hüquqi qüvvəsi onun imzalanması, ratifikasiyası və qüvvəyə minməsi ilə bağlı statusdan asılıdır. Buna görə də sənədin hüquqi qüvvəsi barədə nəticə çıxararkən Azərbaycanın həmin Konvensiyaya münasibətdə statusu nəzərə alınmalıdır. Bununla belə, Konvensiya vəkillik peşəsinin müdafiəsinə dair Avropa Şurası çərçivəsində formalaşan yanaşmanı və beynəlxalq standartların inkişaf istiqamətini göstərən mühüm sənəddir.
Qeyd olunan təminatların səmərəli tətbiqi vahid və ardıcıl məhkəmə təcrübəsinin formalaşdırılmasından da asılıdır. Vəkillərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məsələlərə baxılarkən bir neçə məqamın ardıcıl nəzərə alınması vacibdir: qanuni peşə fəaliyyəti ilə cinayət əməli arasındakı sərhədin düzgün müəyyən edilməsi, vəkilin dindirilməsinə dair məhdudiyyətlərə əməl olunması, peşə sirrinin qorunması, qanun pozuntusu ilə əldə edilmiş məlumatların sübut kimi istifadəsinin qiymətləndirilməsi və həbs qətimkan tədbiri seçilərkən zərurilik və mütənasiblik tələblərinin gözlənilməsi. Bu məsələlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşması qanunvericiliyin eyni qaydada tətbiqinə və vəkillik fəaliyyətinə dair hüquqi təminatların qorunmasına kömək edə bilər.
Bu baxımdan, qeyd olunan hüquqi məsələlərin Ali Məhkəmə tərəfindən məhkəmə təcrübəsinin ümumiləşdirilməsi çərçivəsində nəzərdən keçirilməsi məqsədəuyğun olardı. Belə ümumiləşdirmə konkret cinayət işlərinin nəticələrinə müdaxilə etmədən, oxşar hallarda qanunvericiliyin tətbiqinə aydınlıq gətirə və məhkəmələr arasında ardıcıl yanaşmanın formalaşmasına şərait yarada bilər.
Vəkil sirrinin qorunması, peşə fəaliyyətinə əsassız müdaxilənin qarşısının alınması və sübutların müstəqil qiymətləndirilməsi ədalət mühakiməsinin mühüm təminatlarıdır. Vəkil sirrinin qorunması yalnız vəkilin peşə fəaliyyətinə aid məsələ deyil. Bu təminat, ilk növbədə, hüquqi yardım alan şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsinə xidmət edir. Vəkil ilə müvəkkil arasında etimadın qorunması, vəkilin qanuni peşə fəaliyyətinə görə əsassız təqibə məruz qalmaması, məlumatların qanuna uyğun əldə edilməsi və sübutların məhkəmə tərəfindən müstəqil qiymətləndirilməsi ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün vacib şərtlərdir. Bu təminatların pozulması təkcə vəkilin fəaliyyətinə deyil, hüquqi yardım alan şəxsin müdafiə imkanlarına, habələ ədalətli məhkəmə araşdırmasına, şəxslərin məhkəmə-hüquq sisteminə olan inamına da təsir göstərir.
Vəkillik fəaliyyətinin xüsusiyyətlərindən irəli gələn təminatlar istintaq və məhkəmə təcrübəsində ardıcıl nəzərə alınmalıdır. Onların düzgün tətbiqi vəkillərin peşə vəzifələrini sərbəst yerinə yetirməsinə, hüquqi yardımın keyfiyyətinin qorunmasına və məhkəmə prosesində şəxslərin hüquqlarının təmin olunmasına xidmət edir. Bu sahədə vahid hüquqi yanaşmanın formalaşması isə qanunun aliliyinin və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Anar Bağırov,
Azərbaycan Vəkillər Kollegiyası İdarə Heyətinin sədri







