Əsas məzmuna keç

Ağgöl- təbiətin nadir incisi!

…Aran torpağının incisi, təbiətin möcüzəsi, gözəlliyindən göz doymayan Ağgöl bütün fəsillərdə insanın ruhunu təzələyir, köçəri quşların səsi istər-istəməz adamda sehrli bir ovqat yaradır. Ağgölün payızı isə başqa bir aləmdir. Onu sözlə təsvir etmək mümkün deyil. Ana təbiət bu yerləri al-əlvan rənglərə bürüyüb, ləpələrin xəfif pıçıltısı, yarpaqların xışıltısı, torağayların nəğməsi Ağ gölün canlı simfoniyasını yaradır. Bu ilahi gözəllikdən doymaq olmur. Torpaq, su, hava, günəş Ağgöldə möcüzəli bir harmoniya yaradır.

Ağgöl  Azərbaycanın ən məşhur çöl göllərindən biridir, bura köçəri və yerli quşların, o cümlədən, digər heyvanların məskunlaşdığı ərazidir. Təbiətin yaratdığı bu nadir möcüzə-Ağgöl Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazisində yerləşir. Mənbələrdə qeyd olunur ki,1964-cu ildə 9173 hektar sahədə Ağgöl Dövlət Təbiət Yasaqlığı yaradılıb. 1978-ci ilin mart ayında gölün 4400 hektara bərabər olan su ərazisinə qorunma statusu verilib və Ağ göl Dövlət Təbiət Qoruğu yaradılıb. Nəhayət, 2003-cü ilin  iyul ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Ağgöl Dövlət Təbiət Qoruğunun sahəsi 17 924 hektara qədər artırılıb və ərazi Milli Park elan edilib.

Bəzi mənbələrdə qeyd olunur ki, Ağgöl Kür və Araz çaylarında baş vermiş daşqınlar nəticəsində yaranıb, eyni zamanda dəniz səviyyəsindən aşağıda yerləşir. Kür çayının sağ sahili boyu ərazidə yerləşən gölə Ağgöl adı çox güman ki, yüksək şoranlığa malik olan dayaz su-bataqlıq ərazisinin yay mövsümündə quruması, duz qatının üzə çıxması ilə bağlıdır. Həqiqətən qızmar yay aylarında ərazinin müəyyən hissəsi uzaqdan ağ örpəyi xatırladır. Milli parkın ərazisi yalnız bataqlıqlar deyil, həmçinin tipik çöl və yarımsəhra landşaftlarından ibarətdir.

Ağgöl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhranı, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, eləcə də ətraf mühitin monitorunqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir.

Mütəxəssislərin araşdırmalarına görə Ağgöl Milli Parkı üçün yarımsəhra, şoranlaşmış torpaq və göl şəraitinə uyğunlaşmış bitki örtüyü səciyyəvidir. Ərazidə bitki növlərindən əsasən duzlaq çoğanı, qışotu, qamış, şahsevdi, sarıbaş, qaraşoran, yovşan,qırtıc və s. geniş yayılıb.Burada suda-quruda yaşayan heyvanlardan yaşıl quru qurbağası, kiçik Asiya qurbağası və göl qurbağasına rast gəlinir. Milli Parkın ən böyük sərvəti isə quşlardır.Müxtəlif növ quş növləri- mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabatdaqlar, harayçı və fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, Sultan toyuğu, ərsindimdik, qıvrım lələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək və qazlar burada məskunlaşır.

Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalar yaşayır. Qamışlıqlarda isə heyrətamiz qamış pişiyinin çoxsaylı növünə təsadüf olunur.

Yeri gəlmişkən qeyd edək ki, Ağgölün qorunmasının həm də beynəlxalq əhəmiyyəti var. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sına və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır. Həm də Ağgöl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeridir. Eyni zamanda qeyd edək ki, Ağgöl Qarabağ iqtisadi rayonunda  yaradılan ilk milli parkdır.

Salman Alıoğlu

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…