Prezident xarici qrantları qadağan edən qanunu imzaladı

Oxunma sayı: 285

Prezident Mixeil Kavelaşvili “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib. Tezadlar.az xatırladır ki, sözügedən qanuna əsasən, ölkədə hökumətin razılığı olmadan xarici qrantların qəbul edilməsi qadağan olunur. Hökumətin razılığı olmadan qəbul edilən qrant üçün cərimə onun məbləğindən iki dəfə çox olacaq. Xarici qrantın təsdiqlənməsi üçün hökumətə 10 gün vaxt veriləcək. Hökumətin qərarından şikayət edilməsi onun icrasını dayandırmayacaq. Qanunun icrasına nəzarəti isə Antikorrupsiya Bürosu həyata keçirəcək. Bununla yanaşı, bir sıra istisnalar da nəzərdə tutulub. Belə ki, beynəlxalq idman assosiasiyaları, federasiyaları və komitələri tərəfindən verilən qrantlar, eləcə də Gürcüstandan kənarda təhsil və elmi tədqiqat məqsədilə ayrılan fərdi təqaüdlər və ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların qrantları bu qanuna daxil edilməyəcək. Rəsmilər bu addımın dövlət institutlarını xarici müdaxilələrdən və sabitliyi pozmaq cəhdlərindən qorumağa yönəldiyini bildirirlər.

 Qeyd edək ki, bu qanun ictimaiyyət və beynəlxalq təşkilatlar arasında da geniş müzakirələrə səbəb olub. Müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri qanunun QHT-lərin və medianın fəaliyyətini məhdudlaşdıracağına dair narahatlıqlarını ifadə edirlər. Hökumət isə qanunun əsas məqsədinin dövlət institutlarını qorumaq olduğunu bəyan edir.

Xəbəri paylaş