Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Avqust 2026 / 10:33

Prezidentin Naxçıvan səfəri: Zəngəzur dəhlizinin qlobal nəqliyyat və kommunikasiya xətlərinə inteqrasiyası

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfər ediblər.

Tezadlar.az xəbər verir ki, muxtar respublikanın kompleks inkişafı, idarəetmədə keyfiyyətcə yeni mərhələyə keçid və bölgənin strateji rolunun artırılması baxımından növbəti mühüm addım olan bu səfər Ümummilli Lider Heydər Əliyevin Naxçıvanla bağlı xüsusi xəttinin məntiqi davamıdır.

Dövlət başçısı Naxçıvan Muxtar Respublikasının istər sosial-iqtisadi yüksəlişini, istərsə də ölkənin ümumi inkişaf sisteminə tam inteqrasiyasını daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyev Naxçıvana səfərləri çərçivəsində çoxsaylı sosial, iqtisadi və infrastruktur obyektlərinin açılışında iştirak edib, muxtar respublikanın inkişafı ilə bağlı mühüm tapşırıqlar verib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2026-cı il 10 mart tarixində Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Konstitusiya Qanununu təsdiqləyib və həmin Qanunun tətbiqi ilə bağlı Sərəncam imzalayıb.

Qəbul edilmiş dəyişikliklər Naxçıvan Muxtar Respublikasında idarəetmə strukturunun yenilənməsi və səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi baxımından mühüm müddəaları ehtiva edir.

Dövlət başçısının Naxçıvana son səfəri bu yanaşmaların daha da təkmilləşdirilməsi, həmçinin Cənubi Qafqazda Azərbaycanın liderliyi və təşəbbüsləri ilə formalaşmış reallıqlar baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, bu reallıqlara nəqliyyat-kommunikasiya xəritəsinə yenisinin, yəni Zəngəzur dəhlizinin (TRIPP marşrutu) əlavə olunması fonunda Şərq–Qərb əlaqələrinin genişlənməsi daxildir. Naxçıvan Muxtar Respublikası isə həmin strateji xəttin mərkəzində qərarlaşır. Ona görə ki, Naxçıvan Muxtar Respublikası strateji coğrafi mövqeyə malikdir və bu regionla Azərbaycanın əsas ərazisini birləşdirən mühüm nəqliyyat qovşağıdır. Bu baxımdan, regional kommunikasiyaların açılması, eləcə də Türkiyə və İranla sıx əlaqələr Naxçıvanın iqtisadi-ticari mərkəzə çevrilməsini prioritetə çevirir.

Bu, əslində Avrasiyanın geostrateji xəritəsini dəyişən mühüm amildir. Çünki Naxçıvan iki beynəlxalq nəqliyyat dəhlizinin – Şərq-Qərb və Şimal-Cənub xətlərinin qovuşuğunda yerləşərək, onların koordinasiyasını təmin edəcək imkanlara malik olacaq. Təbii ki, bütün bu amillərin reallaşması gələcəkdə Azərbaycan üçün mühüm iqtisadi faydalar gətirəcək. Qeyd edək ki, indiyədək əsas ticarət yolları, logistika xətləri Gürcüstandan keçirdisə, gələcəkdə həmin istiqamətlər Naxçıvana da yönələcək. Bu, İran, Türkiyə və Ermənistanla sərhəddə yerləşən Naxçıvanın əlavə 200 milyon dollarlıq bazara çıxışını reallaşdıracaq. Vaxtilə Yaxın Şərqə gedən yollar yenidən Naxçıvandan keçəcək. Bu, Mərkəzi Asiya ilə Avropanı birləşdirən, 15 milyon ton yükaşırma gücü olan dəhlizə çevrilmək perspektivi yaradır. Naxçıvan Muxtar Respublikasının enerji sahəsində xarici asılılıqdan xilas olaraq özünü təmin etməsi və potensial ixracatçı statusu qazanması mümkündür. Bərpa olunan mənbələrin xüsusi çəkisi, müasir infrastruktur və vahid şəbəkəyə inteqrasiya muxtar respublikanın dayanıqlı enerji təhlükəsizliyini şərtləndirir. Bütün bunlar, eyni zamanda bölgənin enerji qovşağına çevrilməsi və “yaşıl enerji” ixracı potensialının reallaşdırılması üçün zəmin yaradır.

Beləliklə, Konstitusiya islahatları Naxçıvanın mərkəzi dövlət idarəçiliyinə inteqrasiyasını təmin etməklə idarəetmədə təkmil koordinasiya yaradır. Yeni model çərçivəsində səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi Naxçıvan Muxtar Respublikasına birbaşa investisiya axınını, iqtisadi və sosial infrastruktur layihələrinin icrasını daha da sürətləndirəcək. Təbii ki, bu hüquqi və struktur yenilənmələri Naxçıvanın Cənubi Qafqazın yeni geosiyasi və logistik reallıqlarında regional iqtisadi mərkəzə çevrilməsini təmin edəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!