Artıq məlum oldu ki, Putin İstanbul görüşündən imtina edib, amma İstanbul danışıqlarında iştirak edəcək Rusiyanın nümayəndə heyətinin və ekspertlər qrupunun tərkibi məlum olub. Tezadlar.az “Ria Novosti”yə istinadla xəbər verir ki, nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski (nümayəndə heyətinin rəhbəri), Rusiya XİN başçısının müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir. Ekspertlər qrupuna isə Baş Qərargahın informasiya idarəsi rəisinin birinci müavini Aleksey Zorin, Prezident Administrasiyasının humanitar siyasət üzrə idarə rəisinin müavini Yelena Podobreyvskaya, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci Departamentinin direktoru Aleksey Polişuk və Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq baş idarəsi rəisinin müavini Vitali Şevtsov daxil edilib.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibini Rusiya prezidenti Vladimir Putin təsdiqləyib.
Zelenski isə ötən gün Putinin qorxaraq İstanbula getməyəcəyini bildirmişdi. Amma həm də demişdi ki, Putin bu görüş və danışıqlarda iştirakdan imtina etsə belə, özü şəxsən iştirak edərək Ərdoğanla görüşəcək. Zelenski, həmçinin qeyd etmişdi ki, Putinin bu danışıqlarda iştirakdan imtina etməsi Rusiyanın müharibədə, deməli, Avropaya təhdidlərdə maraqlı olduğunu sübut etmiş olacaq.
A.Məmmədli