Biz jurnalistikaya 1990-cı illərdə başladıq. Elə bir dövrdə ki, nə cibimizdə mobil telefon var idi, nə çantamızda noutbuk, nə də masamızın üstündə internet. Bizim bütün “texnologiyamız” bir bloknot, bir qələm və yaddaşımız idi.
İnformasiyanın arxasınca qaçan jurnalist idik. Xəbər bizi tapmırdı, biz xəbəri tapırdıq.
Müsahiblə görüş təyin etmək üçün şəhər telefonundan zəng vururduq. Bəzən saatlarla gözləyirdik, bəzən kilometrlərlə yol gedirdik. Müsahibə zamanı deyilənlərin hamısını yazmağa imkan olmurdu. Çünki nə diktofon vardı, nə də səsi sonradan dinləmək imkanı. Ona görə də ən güclü texnologiyamız beynimiz idi. Yaddaşımız diktofonu əvəz edirdi.
Topladığımız qeydlərlə redaksiyaya qayıdırdıq. Sonra beynimizdə saxladıqlarımızı ağ vərəqlərə köçürür, çap maşınının səsi altında materialımızı hazırlayırdıq. Baş redaktor yazını oxuyurdu, düzəliş edirdi və biz artıq növbəti reportajın dalınca qaçırdıq.
Səhəri gün qəzet çıxanda isə onu əlimizə alıb uşağın yeni oyuncağına baxdığı kimi baxırdıq. İmzamızı görəndə qürur hissi keçirirdik. Çünki o imzanın arxasında kilometrlərlə yol, saatlarla gözləmə, saysız-hesabsız zənglər və gecələr vardı.
Əvvəlcə diktofon gəldi. Hər jurnalistin onu almağa imkanı yox idi. Amma alanlar üçün artıq müsahibənin heç bir sözü itmirdi.
Bir neçə il sonra mobil telefon həyatımıza daxil oldu. Görüş təyin etmək asanlaşdı. Gün ərzində hazırladığımız materialların sayı artdı. Fotoqraf axtarmağa ehtiyac qalmadı. Telefonla şəkli çəkib redaksiyaya göndərirdik.
Məhz bundan sonra jurnalistika görünmədən dəyişməyə başladı.
Əvvəllər jurnalist küçədə yaşayırdı. Nazirliklərin qarşısında, məhkəmə binalarında, xəstəxanalarda, kənd yollarında, hadisə yerlərində. Sonralar isə jurnalist tədricən küçədən ofisə köçdü. Bir çox reportajlar artıq hadisə yerindən deyil, kompüter monitorunun qarşısından hazırlanmağa başladı.
Bu dəyişiklik rahatlıq gətirdi.
Amma rahatlıq bəzən peşənin ruhundan da nələrisə apardı.
İndi isə bəşəriyyət jurnalistikanın bəlkə də ən böyük texnoloji inqilabını yaşayır.
Bu gün bir neçə saniyəyə mətn yazmaq, xarici dildən tərcümə etmək, başlıq hazırlamaq, məlumatı ümumiləşdirmək, hətta analitik yazı yaratmaq mümkündür. ChatGPT, Gemini və digər platformalar jurnalistin saatlarla gördüyü işi dəqiqələrə endirib.
Artıq redaksiyalarda tərcüməçilərə ehtiyac azalır.
Analitik yazılar süni intellektin köməyi ilə hazırlanır.
Hətta fotolar belə yaradılır.
Texnologiya jurnalistin ən böyük köməkçisinə çevrilib.
Amma bütün bunların fonunda vacib bir sual yaranır:
Bəs jurnalistin özü harada qalır?
Çünki süni intellekt hadisəni görə bilmir.
İnsan gözündəki qorxunu, sevincini, ümidsizliyini oxuya bilmir.
Müharibə zonasına getmir.
Dağıntılar altında qalan insanın səsini eşitmir.
O yalnız ona verilən məlumatı emal edir.
Jurnalist isə həyatı görür.
Məhz buna görə də süni intellekt jurnalistikanı dəyişəcək, amma jurnalisti əvəz edə bilməyəcək. Əsl jurnalisti fərqləndirən onun yazı üslubu deyil, hadisəni hiss etməsi, faktı yerində görməsi, sual verməsi, şübhə etməsi və həqiqəti axtarmasıdır.
Bəli, peşəmiz əvvəlki kimi deyil.
Sabah da bugünkü kimi olmayacaq.
Amma bir həqiqət dəyişməyəcək:
Texnologiya nə qədər inkişaf etsə də, cəmiyyət həmişə həqiqəti yerində görən, onu yoxlayan və vicdanla yazan jurnalistə ehtiyac duyacaq.
Mobil telefonu qəbul etdik.
İndi isə süni intellekt dövrünə daxil olmuşuq.
Bu, jurnalistikanın sonu deyil.
Bu, onun növbəti mərhələsidir.
22 iyul – Milli Mətbuat Günü münasibətilə bütün qələm sahiblərini təbrik edirəm. Texnologiyalar dəyişə bilər, amma həqiqətə xidmət edən jurnalistin missiyası dəyişmir.
Babək GÖYÜŞ