Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
FOTO 1/5
Ağdam Dövlət Dram Teatrında “Səhnədə məhəbbət” tamaşası uğurlu premyeralarla sənətsevərlərin – tamaşaçıların yaddaşında xüsusi iz buraxdı…

Uzun illər öncə Azərbaycan Dövlət Musiqili Teatrının repertuarında yer almış tamaşa məhz Ağdamda səhnəyə gətirildi – ona yenidən həyat və yeni ruh verildi. Həm də rejissor və aktyor heyətinin özünəməxsus təqdimatı və peşəkarlığı ilə tamaşanın nümayişi tarixində öz imzasını qoymuş oldu!
Teatrın cari ilin II rüb repertuar planına əsasən, çağdaş Azərbaycan ədəbiyyatının görkəmli dramaturqu, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, professor Əli Əmirlinin “Səhnədə məhəbbət” adlı əsəri əsasında eksperimental musiqili-komediya janrında səhnələşdirilən tamaşa uğurlu premyeraları ilə yadda qaldı.
Mayın 20-si, 22-si və 23-ü hər bir premyerası anşlaqla keçən tamaşa teatrsevərlərə təqdim olundu.

Ağdam Dövlət Dram Teatrının gənc və istedadlı quruluşçu rejissoru, yazıçı-ssenarist Racu Şıxlının quruluşunda səhnə həllini tapmış tamaşa teatrsevər tamaşaçılar, Ağdam rayon ictimaiyyəti və tələbə-müəllim heyəti tərəfindən yüksək maraqla qarşılanaraq hər kəsin mədəni zövqünə xoş təəssürratlar bəxş etdi.
Bunu tamaşaboyu tamaşaçı alqışından görmək olurdu. Rejissorun psixoloji-realistika və metateatr üslublarında işlədiyi səhnə işi – tamaşa peşəkar aktyor – Afərdə Sabirqızı, Anar Əhməd, Qalib Abdullazadə, Xəyalə Xudadatova, Fərhad Fərhadzadə, Teymur Kərimovun – oyunu ilə də diqqət çəkən idi. Uğurla teatrsevərlərin görüşünə gələn “Səhnədə məhəbbət” tamaşasında peşəkar quruluşçu heyətin də xidmətləri danılmazdır: belə ki, tamaşanın quruluşçu rəssamı Qönçə Həzizadə, işıq rəssamı Anar Şükürov, bəstəkarı Azər Şükürov, səs rejissoru Elşən Cəfərov və rejissor assistenti Xaliq Abdullazadə öz üzərlərinə düşən məsuliyyətin öhdəsindən ustalıqla gəldilər…
Qeyd edək ki, yaxın günlərdə tamaşanın qastrol səfərləri də gözlənilir.
Biz də teatrın yaradıcı heyətinə uğurlar arzulayırıq!
(Fotoların müəllifi Ədalət Nərimanovdur)
JASMİN