Şıxəli Qurban oğlu Qurbanov 16 avqust 1925-ci ildə Bakıda anadan olub. O, orta məktəbi bitirdikdən sonra cəbhəyə gedib.
Şıxəli Qurbanov 1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu başa vurduqdan sonra həmin ali məktəbin aspirantı olub, eyni zamanda rus ədəbiyyatı müəllimi işləyib.
1956-cı ildə “Puşkin və Azərbaycan poeziyası” mövzusunda dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb və institutda baş müəllim, dosent vəzifələrində çalışıb.
Şıxəli Qurbanovun bir neçə kitabı işıq üzü görüb və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 1958-1961-ci illərdə “Rəis məşğuldur”, “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Sənsiz” pyeslərini, “Bahadır və Sona” librettosunu qələmə alıb. Onun 1966-cı ildə yazdığı “Milyonçunun dilənçi oğlu” komediyası uzun müddət teatr səhnələrində oynanılıb.
Bundan əlavə, lirik şeirlər, poema, hekayə və tənqidi məqalələri mətbuatda müntəzəm çap olunub.
Şıxəli Qurbanov həm də dövlət xadimi idi. 1950-ci illərdə Azərbaycan KP Bakı Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri təyin olunub. 1957-1961-ci illərdə Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinin müdiri, 1966-1967-ci illərdə Azərbaycan KP MK katibi və büro üzvü olub.
Şıxəli Qurbanovun mükafatları
Şıxəli Qurbanov yaşadığı dövr ərzində göstərdiyi xidmətlərə görə Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatına (1967) layiq görülmüş, “Lenin” ordeni, “İgidliyə görə” medalı, “Köniqsberqin alınmasına görə” medalı və “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı ilə təltif olunmuşdur.
Şıxəli Qurbanovun ailə həyatı
Şıxəli Qurbanov Xavər xanımla ailə həyatı qurub. Onların bu evlilikdən İlqar və Gülnarə adlı övladları dünyaya gəlib. Sonralar Gülnarə xanım bir müddət parlamentin deputatı, oğlu isə keçmiş baş nazir Artur Rasizadənin qərarı ilə XİN-in Kollegiyasında xüsusi tapşırıqlar üzrə səfiri, tanınmış diplomat kimi fəaliyyət göstərib.
Sovet rejiminin qadağaları
Heç kimə sirr deyil ki, sovet hakimiyyəti dövründə ölkəmizdə bir çox qadağalar mövcud idi. Həmin qadağalara ölkədə Məhərrəmlik, Orucluq aylarının, Ramazan və Novruz bayramlarının qeyd olunmasını misal göstərmək olar. Bu qadağaların mövcudluğu Azərbaycan xalqının öz adət-ənənənələrini, dini inanclarını yaşatmasına maneçilik törədirdi.
Buna görə 1960-cı illərdə Azərbaycan kommunist partiyası mərkəzi komitəsinin katibi Şıxəli Qurbanov Novruz bayramına “bəraət” verilməsi, Novruzun rəsmi bayram kimi qeyd edilməsi üçün mübarizəyə başlamışdır. Hətta Mərkəzi Komitənin 1-ci katibi Vəli Axundov Şıxəli Qurbanovu təhlükəli iş gördüyü barədə xəbərdarlıq etmiş, lakin o, buna baxmayaraq geri çəkilməmişdir. Beləliklə 1967-ci ildə Azərbaycanda ilk dəfə Novruz bayramı “Bahar” bayramı adı altında dövlət səviyyəsində qeyd edildi.
1967-ci ildə Novruz bayramının qeyd edilməsi baş tutsa da, lakin buna baxmayaraq, bir ildən sonra – 1968-ci ildə buna imkan verilməyərək yenidən qadağalar qüvvəyə minmiş və Şıxəli Qurbanov Moskva tərəfindən ciddi təzyiqlərə məruz qalmışdır. Bəzi qüvvələr Novruz bayramını islam dini ilə bağlayaraq Şıxəli Qurbanovun əsl adının Şeyx Əli olduğunu iddia etmiş və onu dərhal Moskvaya izahat verməyə çağırmışdırlar. Şıxəli Qurbanov yazdığı 22 səhifəlik izahatında Novruz bayramının dinlə heç bir əlaqəsi olmadığını bildirmişdir.
“Gedirəm, əgər gəlməsəm, “Sənsiz”ə baxarsınız mənsiz”
Şıxəli Qurbanov bir müddət sonra təqib edildiyini hiss edərək, bu barədə həyat yoldaşı Xavər xanıma deyir: “Bilirəm məni öldürəcəklər, amma xalq elə həmin gün qatili parça-parça edib tikələrini qapımızın ağzına qoyacaq. Xalq qoymaz ki, qanım yerdə qalsın”.
Xalq arasında hörmət qazanan Şıxəli Qurbanov Azərbaycanın milli əqidəsi uğrunda ömrünün sonuna qədər mübarizə apardığı üçün 4 dəfə sui-qəsdlə üzləşir. Birinci dəfə atılan güllə əlindən yan keçir, ikinci dəfə onu avtomobillə vurmaq istəyirlər, üçüncü dəfə ona atılan güllədən xilas olmuş, lakin 4-cü su-qəsddən canını qurtara bilməmişdir.
Beləliklə, Şıxəli Qurbanov 1967-ci il may ayının 23-də Azərbaycan Dram Teatrında “Sənsiz” pyesinin tamaşasının məşqini yarımçıq qoyaraq getməli olmuş, qapıdan çıxanda isə xaricdən gələn qonaqlara və həmkar yoldaşlarına belə demişdi: “Gedirəm, əgər sabah tamaşaya gəlməsəm, “Sənsiz”ə baxarsınız mənsiz”.
Belə də olur… Hisləri onu yanıltmır… 1967-ci il may ayının 24-də dişlərinin müalicəsi üçün diş həkiminə yollanır. Stomatoloq dostu Əliağa Əhmədovun vurduğu iynədən sonra o, 42 yaşında elə yerindəcə dünyasını dəyişir. Bu hadisədən sonra həkimin pəncərədən qaçdığı və bir müddət Vəli Axundovun evində gizləndiyi, sonradan isə Moskvaya gedərək orada yaşadığı bildirilir.
Şıxəli Qurbanovun ölümündən 40 gün sonra Xavər Qurbanova Moskvada prokurorluqda olmuş və həyat yoldaşı Şıxəli Qurbanovun ölümünün araşdırılmasını tələb etmişdir. Beləliklə Xavər Qurbanovanın təkidi ilə prokurorun müavini məsələni aydınlaşdırmaq üçün Bakıya göndərilmişdir. Amma nəticə etibarı ilə prokurorun müavini Xavər xanıma onun fikirləri ilə şərik olduğunu desə də, həqiqət rəsmi surətdə üzə çıxarılmamışdır. Buna səbəb ixtisasca həkim olan Mərkəzi Komitənin birinci katibi Vəli Axundovun diaqnozunda israrlı olaraq Şıxəli Qurbanovun “anafilaktik şok”dan öldüyü barədə iddiası idi. Vəli Axundovun bu addımı atmasına səbəb cinayətin üstünü ört-basdır etməsi idi.
Hətta təklənən Xavər Qurbanovaya bununla bağlı hədə-qorxu gəlinmiş, nəticə etibarı ilə Xavər xanım himayəsində olan və həyat yoldaşından əmanət qalan iki övladının gələcəyini düşünərək susmağa məcbur qalmışdır.
Hansı ki, o dövrdə heç kimə sirr deyildi ki, həkim Ş.Qurbanovun dişinə sianid turşusu vurmuşdur. Sonralar bu fakt öz təsdiqini tapsa da, artıq çox gec idi…
Biz “Təzadlar” olaraq sianid turşusunun kimyəvi tərkibini və insan orqanizminə zərərlərini araşdıraraq oxucularımızın diqqətinə çatdırırıq. Belə ki, sianid turşusu (hidrogen sianid və ya HCN), rəngsiz, kəskin qoxulu və çox zəhərli bir kimyəvi birləşmə olmaqla həm qaz, həm də maye halında mövcuddur. Sianid turşusunun kimya sənayesində müxtəlif tətbiqlərinin olmasına baxmayaraq, onun zəhərliliyi səbəbindən ciddi təhlükəsizlik tədbirləri tələb olunur. Çünki, sianid turşusu çox zəhərli olduğu üçün onunla təmas insan həyatına təhlükə yaradır. Belə ki, sianid turşusunun inhalyasiya, udma və dəri ilə təması ölümə səbəb olur. Ümumiyyətlə sianid zəhərlənməsinin əlamətləri arasında başgicəllənmə, başağrısı, ürəkbulanma, tənəffüs çətinlikləri və ölüm xüsusi yer alır. Ona görə də, labaratoriyalarda sianid turşusu ilə işləyərkən müvafiq təhlükəsizlik tədbirləri görülməlidir.
Sonda onu qeyd edim ki, Şıxəli Qurban oğlu Qurbanov Fəxri xiyabanda dəfn olunmuşdur. Həmçinin Musiqili Komediya Teatrına və Bakı küçələrindən birinə onun adı verilmişdir.
Hazırladı: Rövşanə