Tanınmış filoloq-filosof və ictimai xadim Sadıq Murtuzayevin bu yazısı 2021-ci ildə çap olunub. Lakin Moskvada yaşayan Ədalət Zeynalov oxucumuz Rusiyadakı çoxsaylı Azərbaycansevərlərin adından yazını yeniləməyimizi xahiş etdi, onun istəyini nəzərə aldıq…
(Ruhun şad olsun, əziz Səlim müəllim…)
Bu kitab Səlim Əzimovun üzünü görmək qisməti olmayan publisistik yazıların seçimli toplusudur. Onun çoxsaylı kitablarının əksəriyyətinə rəy yazdığımdan indi də bu ənənəyə əməl edirəm. Kitab böyük öndər Heydər Əliyevin Ağdam və ağdamlılar haqqındakı nitqi ilə başlayır: “…ağdamlılar fəxr edə bilərlər ki, belə gözəl bir diyarı, gözəl bir şəhəri var və bundan sonar daha da gözəl olacaqdır”.
Bu gün Ağdamın mənfur qonşularımızdan azad olunması və böyük öndərin layiqli varisi İlham Əliyevin Ağdam haqqında dedikləri də kitabda öz əksini tapması çox sevindiricidir: ”Ağdamlılar birinci Qarabağ müharibəsində böyük fədakarlıq, rəşadət göstərmişlər. Ən çox şəhid verən Ağdam rayonu olmuşdur. Siz bu dəfə də – aprel hadisələrində də böyük qəhrəmanlıq, rəşadət göstərmisiniz. Bütün Azərbaycan xalqı bunu bilir və sizinlə fəxr edir. Ağdamdan olan Milli Qəhrəmanlarımız xalqımızın qürur mənbəyidir”.
Bu sözləri o, işğaldan azad olmuş Ağdamda olarkən təkrar demiş və onun Məkkədən gətirdiyi “Qurani-Kərim”i məhz Ağdam məscidinə ərmağan etməsi də onun bu şəhərə və onun adamlarına olan yüksək rəğbətin parlaq ifadəsidir.
Mənim də bu kitabda yazdığım “Ön söz”də müəllifin şəxsiyyətinə qiymət verərkən bu dəyəri bütün ağdamlılara ilhaq edirəm.
Səlim müəllim bütün kitablarını Ağdamda, dogma yurdu Novruzluda görüşmək arzusu ilə tamamlayırdı. Bütün bəşəriyyəti cənginə almış və “taclı virus” adlanan mənfur bəla Səlim müəllimin bu arzusu çin olduğu bir zamanda onu bundan məhrum etməsi onun doğmaları, dostları üçün xüsusilə ağırdır.
Əziz dost, ruhun qarşısında and içirik ki, sənin bu arzunu yerinə yetirəcəyik. Ağdamda da, Novruzluda da ruhun qarşısında baş əyib arzularını yad edəcəyik. Səlim müəllimlə çox təzadlı bir dostluğa malik “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin kitabın başlığında yazdığı yazısını “Müdrikliyin ölçü vahidi –Səlim Əzimov” adlandırması çox təqdirə layiqdir. Həmin yazıda onun Səlim müəllimin sevimli şagirdi Etibar Şirinov haqqında danışarkən “O, Səlim Əzimov adına insanlıq və müəllimlik akademiyasını bitirib” deməsi də çox məntiqidir, danılmaz həqiqətdir. Çünki, Azərbaycanda yəqin ki, elə bir nəfər tapılmaz ki, 56 il bu şərəfli vəzifəni daşımış olsun, həm də necə daşımış – yüzlərlə ləyaqətli şagirdlərinin səsi indi dünyanın hər tərəfindən gəlir.
Yuxarıda Asif Mərzili ilə onların təzadlı dostluğu ifadəsini işlətməyimə də aydınlıq gətirmək istəyirəm. Səlim müəllim öz geniş və humanist qəlbilə bəzən onu yumşaltmağa çalışır, Asif Mərzili də öz prinsipial mövqeyindən, haqqın, ədalətin daha üstün olmasını yazmaqdan çəkinə bilmir. Belə halda Səlim müəllim də haqqın tərəfinə keçib onu alqışlayır və bu təzad onların dostluğunu daha da möhkəmləndirir.
Səlim müəllimin yazılarında elə ağdamlıların şəxsiyyətinə işıq salınır ki, bunlar təkcə Ağdamın deyil, bütün xalqımızın milli iftixarıdırlar. Bu sırada “təkrarolunmaz ustalığı ilə ad qazanmış Arif Babayev”, “dünya şöhrətli alim Rafiq Əliyev”, “ictuimai-siyasi xadim – əmək qəhrəmanı Feyruz Mustafayev”, “cəfakeş və çox görkəmli jurnalist İsa Axundov”, şair Zəlimxan Yaqub, atası Köçərinin ibrətamız həyatı, böyük qələm, məslək sahibi, fədakar şair Şahmar Əkbərzadə, Əfqanıstan qəhrəmanı Rəvan Talıbov, özü kimi “Covid-19” qurbanı olan şair Qələndər Xaçınçaylı, böyük iman sahibi şair Hacı Seyid Mirağa və onlarca belə-belə nadir şəxsiyyətlərin varlığına və ruhuna işıq salır.
Səlim müəllim, əziz dost, haqqında yazdığın yazı məni kövrək hisslərlə ağuşuna aldı, həmin yazıda söz vermişdin ki, o, (yəni mən) hər zaman qəlbimizdə yaşayacaqdır. Bəs ay vəfasız, niyə sözünüzə əməl etmədiniz, bizi ağlar qoyub getdiniz, həm də elə bu kitabda on dəfələrlə qeyd etdiyin “Ağdamda, Novruzluda görüşmək arzusu ilə” dediyinin çin olduğu bir məqam da, Ağdamın, Novruzlunun düşmən işğalından azad olduğu günlərdə.
Bu kitabın əsrarəgsiz dəyəri ondadır ki, bütün yazılar, həm onun yazıları, həm də onun haqqında yazılanların hər biri insan şəxsiyyətinin, şəxsiyyət bütövlüyünün rəngarəng sirrlərini açır, orada verilən çoxsaylı hikmətlərlə insanları xoşbəxtliyə səsləyir, həm də xoşbəxtliyin ən ali görüntülərilə onu təqdim edir. Bu xoşbəxtliyin başında dayanan isə ailə xoşbəxtliyidir. Səlim müəllim bunun çox gözəl nümunələrini vermişdir.
Kitabda Səlim müəllimin şəxsiyyətinə işıq salan çoxsaylı məqamlar vardır. Mənim nəzərimdə onun şəxsiyyətində qeyri-adi həyat eşqi var idi. Hər dəfə onunla görüşəndə də, danlışanda da bu keyfiyyət özünü büruzə verir və mənə də sirayət edir, dərhal da böyük şairimiz Bəxtiyar Vahabzadənin “Həyat eşqi” şeirinin iki misrası dodaqlarımda zümzümə edirdi:
Həyat eşqi baş əyirəm önündə,
İşığısan sən ayın da, günün də.
Və düşünürdüm ki, bu keyfiyyətilə o hələ uzun illər yaşayacaqdı. Zalım ölüm amansız oldu.
İndi isə kitabdakı yazılarla onun şəxsiyyət bütövlüyünə işıq salan keyfiyyətlərə nəzər salaq. Asif Mərzili yazır: “Səlim müəllim Azərbaycanın, Qarabağ elinin ən böyük vətəndaşı – vətən daşıdır ki, var”.
Ağalar Ağayev yazır: ”Səlim müəllim, çox heyif ki, sizin kimi əxlaqlı, zəngin mənəviyyatlı, Allahı sevdiyi qədər də millətini, xalqını sevən ziyalılarımız azdır”.
Seyid Kamran Ağamirov yazır: “Vaxtilə onun şagirdi olmuş, hazırda öz ixtisası üzrə işləyən müəllimlər, alimlər, həkimlər, elmlər doktorları və s. peşə sahibləri Səlim müəllimi unutmurlar”.
Şübhəsiz bu, onun böyüklüyünə dəlalət edir.
Fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyev Səlim müəllimin kitabından iqtibas etdiyi: “Bacardığınız qədər yurd yerlərinizi xatırlayın, yada salın, gecə yatanda yönü Ağdama tərəf yatın, şəhidlərinizə rəhmət oxuyun, bu gün yaşayanların qədrini bilin, biri-birinizə hörmət edin, kömək edin, arxa durum” – sözlərini dilə gətirərək onun özünün bu keyfiyyətlərin daşıyıcısı olduğunu təsdiq edir.
Həşim Həsənoğlu yazır: “Səlim müəllim elə bir həyat yolu keçib ki, günlərlə yazılsa heç yüzdə birini əhatə etmək olmaz. Bu insan dünyaya gələndən ta bu günədək ömrünü-gününü el yolunda qətrə-qətrə əridib”.
Şahanə Müşviq yazır: “Məclisimizin yaraşığı, camaatımızın güvənc yeri, müdrik ağsaqqalı, əvəzedilməz pedaqoq və dəyərli ziyalımız Səlim müəllim”.
Səlim müəllimə həsr edilmiş poetic yazılar da onun keyfiyyətləri üzərində köklənib.
Şair Ramiz Mövsüm onu “zirvəyə gedən yolun bələdçisi” adlandırır və şeirində onu:
“Bütün titullardan, bütün adlardan
Müəllim adını sən uca tutdun”.
“Sən xeyirxahlıq üçün doğuldun”, “Sən hər bir nəfərin güvənc yerisən”, “Bulaq tək qaynayır yaşamaq üçün” sözləri ilə vəsf edir.
Şair Hacı Seyid Mirağa dərdini başqası ilə yox, Səlim müəllimlə bölüşür:
“Səlim qardaş, bu yerlərdə qəribəm,
Yolu göstər mən Ağdama gedirəm,
Göstərdiyin Quzanlının yoludur,
Axı dedim, mən Ağdama gedirəm,
Vətənimə, torpağıma gedirəm”.
Kitabın poeziya bölməsində biri-birindən hikmətamiz şeirlər verilmişdir. Şair publicist Ramiz Məmmədzadənin “Sənə salam olsun Ayasofya” şeiri böyük qardaşımız olan Türkiyənin müqəddəs məbədinə üz tutaraq yazılmış, burada böyük arxamız Türkiyənin iki nəhəng siması fateh Sultan Mehmet və Ərdoğan yad edilir.
Səlim müəllimin Ağdamlı gözəl şair Qələndər Xaçınçaylıya həsr etdiyi yazısı bizi kövrəldən bir cümlə ilə qurtarır: “Şair “Covid-19” virusundan qoruna bilmədi, xəstələndi, az sonra dünyasını dəyişdi”.
Bəs, unudulmaz dostumuz Səlim müəllim, siz niyə bəs bu məlundan qorunmadınız, axı siz böyak müdrikliyinizlə ondan qoruna bilərdiniz, niyə doğmalarınıza, dostlarınıza çalın-çarpaz dağ çəkdiniz, onları ağlar qoydunuz?!
Kitabda Səlim müəllimin qürur duyub toyuna hazırlaşdığı nəvələri Səlim Səlimlinin və Nicat Səlimlinin də (hər ikiniz sevimli babanızın adını özünüzə təxəllüs seçdiyinizə görə sizə halal olsun) babası təki hikmətlərlə yazılmış yazıları, şeirləri verilmişdir və bunları oxuyub bir daha əziz dostumuzu yad edib kövrəlməmək mümkün deyil. Tez-tez mənə deyirdi ki, Səlimə qız axtarıram və mənim də bu axtarışa qoşulmağımı xahiş edirdi. Mən də deyirdim ki, ay Səlim müəllim, Səlim yaraşıqlı, ağıllı-kamallı, ünsiyyətdə səriştəli oğlandır, yaxşı olar ki, bunu onun öhdəsinə buraxıb siz xeyir-duanızı verəsiniz. Dediklərimi təsdiqləyirdi, amma niyyətindən də əl çəkə bilmirdi.
Əziz fost, ruhun qarşısında baş əyib kövrəlirəm, bu böyük arzunuz sağlığınıza qismət olmadı, inşaAllah onun toyunda iştirak edib sizi yad edəcək və dostların əvəzinizdə xeyir-dua verəcəklər. Balaca Səlimin dostunuz Hacı Seyid Mirağa yaradıcılığı barədə düzüb-qoşduğu, eləcə də “Sanballı töhvə” adlı məqaləsi, digər nəvəsi Nicat Səlimlinin Məhəmməd peyğəmbərin (ə.s.ə) nəsihətlərinə həsr olunmuş yazıları baba müdrikliyini davam etdirdiklərinə zəmanət verir.
Kitabın Səlim müəllimin “Həkim Mustafanın məsləhətləri və maraqlı məlumatları”na həsr olunmuş III fəsli başdan-başa onun zəngin həyati müşahidələrinin nəticələridir.
Kitabın IV fəslində verilmiş dövlət sənədlərində İkinci Dünya Müharibəsində – Ağdam rayonunun Novruzlu kəndindən həlak olan , itkin düşən, sonralar müharibədə aldıqları yaralardan vəfat edənlərin, Birinci Qarabağ müharibəsində həlak olan məzunların, eləcə də müxtəlif dövlət təltiflərilə mükafatlandırılanların, “Böyük terror” qurbanlarının və digər sənədlər bir daha onun böyük vətəndaş kimi apardığı arxiv araşdırmalarının nəticələri olub yüzlərlə ailənin nisgili üçün vacib olan sənədlərdir.
Kitabda verilən çoxsaylı fotoşəkillərin hər biri bir fakt olub Səlim Əzimov dünyasına bir daha işıq salır.
Əziz dost! Sənin danışıqların hər gün, hər an qulaqlarımdan getmir, yoxluğunla həyatımızı xeyli seyrəltdin. Demək olar ki, hər gün sənin təki şux təbiətli oğlun Hafizlə danışıb təskinlik tapıram. Kitabı mənə təqdim edən nəvəniz Səlimin müdrikliklə yazdığı dərkənarını oxuyub bir daha kövrəldim: “Babamın əziz və dəyərli dostu Sadıq müəllim! Siz bizim ailə üçün çox dogma bir insansınız. Çox təəssüf olsun ki, bu kitabı Babam özü sizə təqdim edə bilmədi. Ancaq onu bilirəm ki, Babamın ruhu daha da şaddır ki, mən bu kitabı sizə çatdırıram. Allah sizi qorusun!!!
Nəvə Səlim.
Ruhun şad olsun əziz dost! Parlaq xatirənizi hər gün, hər an xatırlayan dostun
Sadıq Murtuzayev
(“Təzadlar”dan: Allah hər iki dəyərli ağsaqqalımıza rəhmət eləsin!)