4 İyul 2025 / 14:50

“Tənhalıq”dan… Birliyə…

Türk yazıçı Ayşəgül Kösa Sertin “Tənhalar simfoniyası” adlı qısa hekayələrdən ibarət kitabının təqdimatında Azərbaycana ilk dəfə gələn müəllifin özü ilə tanış olduq. Davranışı həlim, mehriban, danışığı şirin bu xanımın tənhalıqdan yazması qəribə deyildimi? Onu insanlar arasında tənha edən nəydi, görəsən? Tədbir iştirakçılarını düşündürən də məncə, bu kimi suallar idi.

Yazıçı-tərcüməçi Rüstəm Mirzəyevin təşkilatçılığı və aparıcılığı ilə keçirilən bu təqdimatda müəllifin böyük həvəslə ilk kitabı haqqında verdiyi məlumat, hekayələrindən oxuduğu parçalar hər kəsin ürəyincə oldu. Tədbir iştirakçılarının əksəriyyətini maraqlandıran isə insan övladının niyə tənha olması idi. Müəllif bildirdi ki, hər bir insan – təkdir. Amma qəlbini Yaradanla bağlayan kəs tək deyildir. Əsas təklik isə insanların özlərini tənha hiss etdikləri zaman olur, yəni insan bəzən özü də duymadan tənhalaşır, yalqızlaşır. Bu onun cəmiyyət içərisində olub-olmamasından asılı olmur. Bəzən insan özünü tanımır. Əgər o, Yaradanıyla olan bağlarını qopararsa, o halda, əlbəttə, tənhalıq – onu daxilən çürüdən, içəridən yeyib bitirən, məhv edən, onu cəmiyyətdən təcrid edən bir qüvvəyə çevrilir. Fiziki tənhalıq dözüləndir, o zaman ki, sən qəlbinlə danışa biləsən, özün özünlə baş-başa qala biləsən… Əks halda, bu fiziki təklik sənin mənəvi tənhalığına çevrilər və sən məhv olarsan…

Kitabı vərəqləyib, tənhalıqdan bəhs edən yazıdan parçalar oxuyuram:

“Həm özündən qaçışdı, həm də özünə doğru gəlişdi tənhalıq.

İnsan oğlu bir şeyi itirmişdi.

Adını qoya bilmədiyi bir şeyi.

Bu onun qışının qarında, buzunda, aşın, çörəyin dad-duzunda, sevgilisinin simasında, bir igidin baxışlarında, körpələrin nazında, ömrümüzün yazında, aşığımın sazında, ovçunun daim təqib etdiyi izində itirdiyi bir şey idi.

Adını qoya bilmədim.

Tənhalıq hər tənhanın içində bir korluq kimi idi”.

Elə bil şeir misralarıdır bunlar. Tənhalığı bu cür bənzətmələrlə izah edən bu kiçik hekayə dilinin axıcılığı ilə qəlblərimizə süzülür sanki. Müəllif tənhalığın tərifini axtarırmış kimi, addımbaaddım onun dalınca düşür, onu izləyir, təqib edir… “Və hər bir ürəyin tənhalığı adamın özündədir” kimi bir nəticəyə tapınır.

Kitabda müəllifin xeyli hekayəsi toplanıb. Və kitab müəllifin oxucularla ilk görüşüdür. Ayşəgül xanımın digər hekayələrindən söz açmaq olardı. Amma təqdimatdan aldığım təəssüratla kitabdakı ilk hekayəni gözdən keçirərkən keçirdiyim hisslər eyni olduğundan, əlavə fikir söyləmək istəmədim.

Qeyd edim ki, əsəri dilimizə gözəl qələm sahibi, yazıçı-tərcüməçi Rüstəm Mirzəyev uyğynlaşdırıb. Tərcüməçinin kitaba yazdığı ön sözdən bir parçanı burada qeyd etmək istərdim:

“Gündəlik problemlər, sosial-iqtisadi sıxıntılar, qanlı müharibələr, pandemiyalar, ədavətlər və girdabında boğulduğumuz, insanlarımızı, bütövlükdə cəmiyyətimizi getdikcə… vəhşi, xudpəsənd fərdlərə çevirən min bir bəlalar bizi bir-birimizə, ümumiyyətlə, ətraf mühitimizə qarşı qoyur, ruhumuzun zənginliyini alır, şəxsiyyətimizi sırf heyvani hisslərlə yaşayan cansız robotlara döndərir. Və buna o dərəcədə müvəffəq olur ki, yavaş-yavaş ətrafımızı görmədən yaşamağa… mənəvi səfalət içində ömür sürməyə alışırıq”.

Dilimizə tərcümə edilən ilk kitabını götürüb bizə – Azərbaycana gələn Ayşəgül xanıma yeni yaradıcılıq uğurları, sevgi diləyi ilə

Zeynəb Əliqızı

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!