Axı nə üçün bu ifanı Azərbaycan dilində etməyək?
Ötən gün “Təzadlar” qəzetinin kollektivilə bir yerdə ad günümüzü qeyd edirdik. Gözəl bir restoran, xoş ab-hava, doğma üzlər… Amma təbrik zamanı qonşu masadan səslənən “Happy Birthday” mahnısı bu doğmalığın içində yad bir çalar kimi diqqətimi çəkdi. Və düşündüm: biz doğum günlərimizi belə xarici dillərdə qeyd ediriksə, milli kimliyimiz hara gedir?
…Bəs bu sadəcə bir vərdişdirmi, yoxsa ana dilimizə qarşı diqqətsizliyin simvoludur?
Əslində isə, bu sualın cavabı elə öz mədəniyyətimizin içində gizlənir. Biz- Azərbaycan xalqı zəngin musiqi və poeziya ənənəsinə malikik. Elə “Ad günün mübarək!” ifadəsi özü belə kifayət qədər doğma, səmimi və melodik səslənir…
***
Bir gün bir uşaq bağçasının yanından keçirdim. İçəridəki uşaqlar səs-küylə kiminsə doğum gününü qeyd edirdilər. Qulaq kəsdirdim. “Happy Birthday to you…” səsləri havaya qarışmışdı. Fikrimdən tək bir sual keçdi: bəs bizim “Ad günün mübarək”imiz hanı? Niyə uşaqlarımızın qulağını indidən “Happy Birthday to you…” ilə doldururlar???
Artıq uzun illərdir ki, uşaq bağçalarında, məktəblərdə, restoranlarda və doğum günü tədbirlərində tanış səslər eşidilir: “Happy Birthday to you…”. Əcnəbi ovqatlı bu mahnı bir çoxları üçün ad gününün ayrılmaz hissəsinə çevrilib. Bəs bu sadəcə bir vərdişdirmi, yoxsa ana dilimizə qarşı diqqətsizliyimiz???
“Happy Birthday to You” – dünyada ən çox ifa olunan mahnı-sədalardan biridir. Sadə melodiyası və universal mesajı ilə bütün yaş qruplarında qəbul olunur. Lakin bu məşhurluğun arxasında bəzi mədəni və musiqi baxımından tənqidə açıq tərəflər mövcuddur. Mahnının melodiyası olduqca sadədir – yalnız bir neçə notdan ibarət quruluşu var. Bu sadəlik, əlbəttə ki, onun yadda qalmasını və asan ifa olunmasını təmin edir, lakin eyni zamanda bədiilik baxımından zəif hesab edilə bilər. Mahnının nə melodik inkişafı, nə də harmoniya baxımından dərinliyi yoxdur. “Happy Birthday” mahnısı dünyanın hər yerində oxunsa da, onun bu qədər yayılması fərdi və milli ad günü ənənələrini arxa plana keçirir. Yerli musiqi formalarının əvəzində bu mahnının seçilməsi bəzən mədəni homogenləşməyə səbəb ola bilər.
***
“Axı nə üçün Azərbaycan dilində oxumayaq?”. Bu sual təkcə bir dilin seçimi ilə bağlı deyil – bu, kimliyimizin, mədəniyyətimizin gündəlik həyatdakı yerinə dair bir çağırışdır. Ad günü – insanın doğumunun, ailə və dostları ilə birlikdə qeyd etdiyi ən şəxsi anlardan biridir. Bəs niyə bu qədər özəl bir günü başqa bir xalqın melodiyası və dilində qeyd edirik?
Azərbaycan musiqisi zəngin folkloruna, bayatılara, laylalara və xalq mahnılarına malikdir. Bu qədər gözəl musiqi irsimiz varkən, nəyə görə ad günü təbrikimiz “Happy Birthday to You” olmalıdır? Bəlkə də biz artıq öyrəşmişik, amma sual açıq qalır: Axı nə üçün Azərbaycan dilində oxumayaq?
Bu məsələ təkcə mahnı ilə də məhdudlaşmır – bu, bir cəmiyyətin mədəni seçimi, dilə verdiyi dəyər və gələcək nəsillərə ötürdüyü mirasla bağlıdır. Uşaqlarımız ad günü mahnısını ingilis dilində öyrəndikcə, Azərbaycan dili bir addım daha arxa planda qalır. Halbuki ad günü təkcə şirin tort və rəngli şarlar deyil, həm də mədəniyyətin ötürülməsi üçün bir fürsətdir.
Elə buna görə də, biz, Azərbaycan xalqı, zəngin musiqi və poeziya ənənəsinə malikdir və elə “Ad günün mübarək!” ifadəsi özü belə kifayət qədər doğma, səmimi və melodik səslənir. Hətta bəzi müğənnilərimiz bu mövzuda gözəl mahnılar da ifa ediblər. Bəlkə daha populyarını yazıb ifa edək?! Burada məsələ təkcə mahnıda deyil, ümumi dil siyasətində və mədəni prioritetlərdədir. Uşaqlar bağçaya gedərkən, ilk ad günü sevincini yaşayarkən beyninə yerləşdirilən bu melodiyalar onların ilk musiqi yaddaşında iz buraxmış olar. Bu izin Azərbaycan dilində deyil, başqa dildə olması isə, dolayısı ilə milli kimliyin formalaşmasına dağıdıcı təsir edir.
***
Dil- sadəcə ünsiyyət vasitəsi deyil, o, həm də kimlik-dövlətçilik göstəricisidir. Gündəlik həyatımızda ana dilimizin yerini daraldan hər bir təzahür, fərqində olmadan bizi öz köklərimizdən uzaqlaşdırır. Bu səbəbdən, cəmiyyət olaraq bu məsələyə diqqət yetirməliyik. Uşaq bağçalarında, məktəblərdə və ictimai tədbirlərdə “Happy Birthday” mahnısının yerinə “Ad günün mübarək!” kimi milli versiyaların istifadə olunması təşviq edilməlidir. Əgər bu istiqamətdə maarifləndirmə aparılarsa, cəmiyyətin də bu dəyişikliyi dəstəkləyəcəyinə şübhə yoxdur.
Dilimizə sahib çıxmaq, öz musiqimizi, öz sözümüzü önə çəkmək – milli şüurun bir parçasıdır. Unutmayaq ki, “Ad günün mübarək!” demək də bir mədəniyyətdir-dövlətçiliyə, xəlqiliyə-türklüyə sahiblikdir!
Elşad FƏRMANOGLU