…Nəinki ermənilərin, həm də yüz illərdir onları Qarabağda bəsləyən, himayə edən, üstümüzə qaldıran, gəmidə oturub gəmiçi ilə qırğına çıxmağa təhrik edən… rus qoşunlarının ayağı 2020-ci ilin noyabrın 10-dan Azərbaycan torpağından de-yure kəsildi. Təxminən iki il sonra isə bu ayaqlar de-fakto da yurdumuzdan kəsildi. O vaxt imzalanmış uçtərəfli bəyanatdakı 4-cü bəndin 5 illik müddətinin başa çatmasına isə hələ yarım il qalsa da, bu tarixi -siyasi-hərbi sənədin həmin bəndinin hüquqi baxımdan 5 il də qüvvədə qalmaması üçün təcili rəsmi münasibət bildirilməlidir. Sosial media istifadəçisi Mahir bəy də özünün fb platformasında narahatlığını ifadə edib: “…Çünki 4-cü bənddə açıq-aydın yazılıb ki, əgər tərəflərdən biri sülhməramlıların Qarabağda qalma müddətinə xitam verilməsi niyyəti ilə 6 ay əvvəlcədən məsələ qaldırmazsa, həmin müddəa avtomatik olaraq 5 il də uzadılacaq. Sənəddə göstərilən müddət, hesablamama görə, may ayının 9-10-da bitir. Siyasi şərhçilərimizin əksəriyyəti də, deyəsən, bu ciddi məsələyə qayıtmağın əhəmiyyətsiz olduğunu duşünür. Əslində ötən 5 ilə yaxın müddətdə Azərbaycan dövlətinin həyata keçirdiyi möhtəşəm tədbirlər belə düşünməyə əsas verir. Ancaq yaddan çıxarmayaq ki, vaxtaşırı təzyiq vasitəsi kimi bəyanatı xatırladan Rusiya üçün bu sənəd hər an aktuallaşa və 4-cü bənd istinad mənbəyinə çevrilib əleyhimizə işləyə bilər. Zənnimcə, təcili olaraq ən yüksək səviyyədə məlum bəyanatın 4-cü bəndi ilə bağlı münasibət bildirilməli, necə deyərlər, işə rəsmi sənəd tikilməlidir. Hər halda, biz bu tarixi bəyanata indidən arxiv materialı kimi baxmamalı, işimizdə tədbirli olmalıyıq. Unutmayaq ki, Rusiyanın lövbəri ilə hansısa limanda “parkovka” etməyin nəticəsi gəmimizin dəryada qərq olması ilə nəticələnə bilər…”.
Bəli, bəzən çay gəlməmiş çirmənmək də fayda verəndir. Ən azından, qarşıdan gələ bilən təhlükəyə hazır olmaq üçün…
A.Məmmədli

