16 Avqust 2026 / 08:08

UZAQDAN BÜTÜN DAĞLAR HÜNDÜR GÖRÜNÜR

(“Qısa qeydlər”silsiləsindən)
Bəli, uzaqdan baxanda bütün dağlar hündür, əzəmətli, gözəl gürünür. Amma bir az yaxına gedəndə görürsən ki, çoxu alçaq təpədir, üstündə boz-qara tikandan başqa bir şey bitmir, əzəməti isə “optik yalan” mislindədir. Bizim gənc yazıçıların bəziləri də belədir, gecə-gündüz tərifləyirlər, “əzəmətlidir” deyirlər, amma yaxına gedirsən, boz-qara təpələr görürsən…
Yaxşı yadımdadır, bir vaxtlar Seymur Baycan adlı, qoca saqqallı gənc yazıçının “Quqrak” romanını tərifləyirdilər. Mən də aldım, vaxtımı zorladım, oxudum. Amma romandan, bədii ədəbiyyatdan bir əsər görmədim. Adam yaxşı publisistdir, başına gələnləri xroniki ardıcıllıqla, detallarla təsvir edir. Səhər tezdən durub iki qaşıq bal yeməyindən axşam ayaqlarını isti suya verməyinə qədər… Gündəlik araq içməsi, həftəlik evə qız gətirməsi, aylıq jurnalist tədbirlərində iştirak etməsi, “Quqrak” səfərinə getməsi və s… Bir əzabdı gözümdə, itirdiyim vaxta peşmanam indi özüm də…
Deyirdilər Kəramət Böyukçöl maraqlı adamdır, özü də dəfələrlə internet-verilişlərdə elan etmişdi ki, yaxşı yazıçıdır, “Nobel” almağa iddialıdır. Mən də “axar.az”da işləyəndə, adamın bir-iki müsahibəsini oxumuşdum, publisistikası xoşuma gəlmişdi. Qərəz, eşitdiklərimə və oxuduqlarıma aldandım, Elmlər Akademiyasına gedib onun “SƏS” adlı qırmızı kitabını aldım. Bir aydır Qaxdayam, 30-40 səhifədən artıq oxuya bilməmişəm. Yadımda qalan yeganə maraqlı məqam “Cubbulu elə yeyir, elə yeyir, elə bil dönər anasının döşləridir” ifadəsidir. Adamın elə bil nə yazıçı təhkiyəsi var, nə təxəyyülü, özünün uğursuz seçki macəralarını olduğu kimi qələmə alır. Sizi bilmirəm, amma mənimçün onun geniş tərcümeyi-halı maraqlı deyil. Mənimçün maraqlı olan tarixi hadisələrdir, bədii obrazlardır, müəllifin yox, onun qəhrəmanlarının danışmasıdır…
Və son olaraq. Düşünürəm ki, yazıçı da, publisist də şübhəsiz istedadlı qələm adamlardır. Amma onların obyektləri (söz bağı) eyni olsa da, predmetləri (bağdan dərdikləri) ayrı-ayrıdır. Bəli, hər ikisinin missiysı bağa girib gül dərmək, insanlara göstərməkdir. Amma publisist bağın şəklini çəkir, odur ki, gül-çiçəklə qarışıq bağda bitən bütün otlardan, yarpaqlardan da yığır, bağın real təsvirini yaradır. Yazıçının predmeti isə, başqadır, o, bağın bədii təsvirini verir. Odur ki, yalnız bağda bitən gülləri, çiçəkləri, ən gözəllərini yığır, dəstə bağlayır, oxucularına təqdim edir…
Qalib ARİF
P.S. Mən Kəramət Böyükçölün “Səs” kitabını alanda, ona özümün “İnsani fəlakət” romanımı da hədiyyə etmişdim. Əgər, həmkarım özündə vaxt və cəsarət tapıbsa, 30-40 səhifə oxuyubsa, onun tənqidi fikirlərini dinləməyə hazıram…
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!