Əsas məzmuna keç

V DÜNYA KÖÇƏRİ OYUNLARININ AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB

Qazaxıstanın paytaxtı Astana şəhərində V Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilib.

Tezadlar.az xəbər verir ki, “Astana” arenada baş tutan mərasimdə əvvəlcə Qazaxıstan bayrağı qaldırılıb və Dövlət Himni səsləndirilib.

Ardınca iştirakçı ölkələrin paradı baş tutub. Tədbirdə Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini, oyunların Təşkilat Komitəsinin rəhbəri Roman Sklyar və Dünya Etnosport Federasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan çıxış ediblər.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tədbir iştirakçılarını salamlayıb və yarışı açıq elan edib. Rəsmi çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Tədbirin gedişində köçəri tarixini tərənnüm edən musiqi nömrələri səsləndirilib.

Açılış mərasimini Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və ədliyyə naziri Fərid Əhmədov da stadionda izləyiblər.

Qeyd edək ki, V Dünya Köçəri Oyunları sentyabrın 13-dək davam edəcək. Yarışlarda ölkəmiz 8 növdə – qazaq güləşi, manqala, aba, koreş, mas-reslinq, kuraş, alış, ənənəvi oxatma üzrə ümumilikdə 54 idmançı ilə təmsil olunur.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…