Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 Avqust 2026 / 21:11

Xarici informasiya sistemlərinə hücum edənlər tutulub

KMBİ xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxsləri saxlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat-texniki tədbirlər nəticəsində müxtəlif xarici ölkələrin informasiya sistemlərinə kiberhücumlar təşkil etməkdə şübhəli bilinən 23 yaşlı Ramil Feyziyev və 22 yaşlı Elçin Abdullazadə saxlanılıblar:

“Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxslər xarici dövlətlərə məxsus çoxsaylı veb-saytların serverlərinə müdaxilələr edərək onların idarəetmə panellərinə icazəsiz giriş əldə ediblər. Daha sonra məxfi məlumatları ələ keçirən bu şəxslər internet resurslarının əsas səhifələrində dəyişikliklər edib, özlərinə məxsus proqram təminatı yerləşdirərək nəzarətə götürüblər. Bununla da onlar ələ keçirdikləri internet resurslarının idarəetmə panellərinin satışını təşkil ediblər.

Araşdırma zamanı müəyyən edilib ki, R.Feyziyev ümumilikdə 2300, E.Abdullazadə isə 179 xarici veb-sayta qanunsuz müdaxilə edərək həmin internet resurslarını ələ keçiriblər”.

Qeyd olunub ki, faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, kiberpolis tərəfindən müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, informasiya sistemlərinə qanunsuz müdaxilə etmək, onları ələ keçirmək və ya satışını həyata keçirmək cinayət əməlidir. Bu kimi qanunsuz hərəkətlərə yol verən şəxslər həm yerli, həm də beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar. Rəqəmsal mühitdə anonim qalacaqlarını düşünən şəxslər müasir istintaq və kiberkriminalistik imkanlar sayəsində müəyyən edilərək qanun qarşısında cavab verməyə məcbur olurlar. Unutmaq olmaz ki, yüksək texniki bilik və bacarıqlar yalnız qanuni məqsədlərə, cəmiyyətin, dövlətin və informasiya təhlükəsizliyinin qorunmasına xidmət etməlidir”, – deyə məlumatda bildirilib.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!