Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanın Hüquq-mühafizə orqanları narkotik cinayətlərində şübhəli bilinən 135 nəfəri saxlayıb. Onlardan 55-nin narkotiklərin qanunsuz satışı ilə müxtəlif formalarda əlaqəli olduğu bildirilir. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən brifinqdə Mərkəzi Kriminal Polis Departamentinin direktoru David Kiknadze məlumat verib. Onun sözlərinə görə, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. Kiknadze bildirib ki, son bir neçə gün ərzində Tbilisi və ölkənin müxtəlif regionlarında keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayətlərində ittiham olunan şəxslər saxlanılıb. İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələrin yayılması üçün müxtəlif üsullardan istifadə ediblər. Məhkəmə qərarı əsasında polis bir neçə dəfə narkotik vasitələrin nəzarətli alışını həyata keçirib və bu alışlar gizli audio-video qeydə alınıb.
Polis saxlanılan şəxslərin üzərində, avtomobillərində və yaşayış evlərində, həmçinin onların göstərdikləri ünvanlarda aparılan axtarışlar zamanı xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aşkar edərək maddi sübut kimi götürüb. Bundan başqa, narkotik vasitələrin qanunsuz satışından əldə edildiyi bildirilən pul vəsaitləri və qanunsuz əldə edilmiş odlu silahlar da maddi sübut kimi müsadirə olunub. Məlumata görə, araşdırma Cinayət Məcəlləsinin 260, 260¹, 260³, 261, 263, 265¹ və 236-cı maddələri ilə aparılır. Sözügedən maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. DİN narkotik vasitələrin qanunsuz satışı və dövriyyəsində iştirak edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirləri davam etdirir. Nazirlikdən bildirilib ki, narkotik vasitələrin ölkəyə qanunsuz gətirilməsinin və yayılmasının qarşısının alınması məqsədilə polis digər hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq çərçivəsində Gürcüstanın quru, dəniz və hava sərhədlərinin maksimum səviyyədə qorunmasını və nəzarətdə saxlanılmasını təmin edir.
DİN rəsmisi David Kiknadzenin sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, satışına və ya bu fəaliyyətə yardım göstərilməsinə cəlb olunan hər bir şəxs qanunun bütün sərtliyi ilə cəzalandırılacaq.