Yağma, ey yağış… – şəhəri sel yox, məsuliyyətsizlik basır

Oxunma sayı: 877

İki gündür davam edən yağış Bakını sözün əsl mənasında yenə diz çökdürüb. Şəhərin bütün əsas yolları, küçələri, məhəllələri gölməçələr içində itib-batır. Nəqliyyat dayanıb, işə getmək bir azara çevrilib, məktəblilər məktəbə çata bilməyib, insanlar saatlarla yolda qalıb. Avtomobillər sıradan çıxıb, piyadalar yol tapmayıb, həyat dayanıb.

Əslində yağış bizə ruzi və bərəkət gətirməlidir. Allahın neməti sayılan bu təbiət hadisəsi əksinə olaraq əziyyətə, təhlükəyə və həyat itkisinə çevrilibsə, deməli burada təbiətin deyil, insanların, daha dogrusu, məsuliyyətsiz qurumların günahı var.

Yağış fəlakətdir, yoxsa sistem zəifliyi?

Bütün dünya ölkələrində, istər Avropada, istərsə də qonşu Türkiyədə yağıntının miqdarı Azərbaycandan qat-qat çoxdur. Amma orada yağış həyatın bir parçasıdır – nəqliyyat dayanmaz, şəhər su altında qalmaz. Çünki sistem var, infrastruktur var, qabaqlayıcı tədbirlər var.

Bizdə isə, yağış xəbərdarlığı veriləndə əhali “ay aman, yenə şəhəri su basacaq” deyə təşvişə düşür. Bu qədər narahatçılıq bir təbiət hadisəsinə görə olmamalıdır. Bu narahatlıq – sistemsizlikdən, məsuliyyətsizlikdən doğur.

Layihə hardadır? Proyektlər kim üçün yazılır?

Əsas problem – yolların layihələndirilməsindən başlayır. Yeni çəkilən və ya təmir edilən yolların böyük əksəriyyətində sel və yağış sularının axını üçün nəzərdə tutulmuş avadanlıqlar ya yoxdur, olan da formal xarakter daşıyır. Sual olunur:

– Nə üçün layihələrdə suötürücü borular, drenaj xətləri, yağış sularını yönləndirəcək kanallar nəzərdə tutulmur?
– Yoxsa nəzərdə tutulur, sadəcə kağız üzərində qalır?
– Bu layihələrə kim imza atır? Kim qəbul aktına qol çəkir?

22 oktyabr 2024 – unudulmayacaq faciə…

Bu günləri çoxumuz unuda bilərik, amma 22 oktyabr 2024-cü il tarixini unutmamalıyıq. Bakıda baş verən güclü yağışlar nəticəsində iki nəfərin həyatını itirdiyi hadisə Sabunçu rayonu ərazisində yerləşən Sabunçu keçidində qeydə alınıb. Bu hadisə zamanı tunelin su ilə dolması nəticəsində iki nəfər boğularaq həyatını itirmişdir. Bu təkcə bir təbiət hadisəsi deyildi. Eyni zamanda, təhlükəsizlik tədbiri görməyən, hazırlıqsız, cavabdeh qurumların məsuliyyətsizliyinin nəticəsi idi. Ölümə səbəb olan bu qurumların hər hansı problemi varsa və heç kim buna görə cavab vermirsə, biz hansı məsuliyyətdən danışırıq?

Bəs kim məsuliyyət daşıyır?

Azərbaycanda yolların çəkilməsi, təmiri və saxlanılması ilə məşğul olan əsas qurum – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)-dır. Yolun tikintisini podratçı həyata keçirə bilər, amma layihəyə nəzarət, icra və qəbul AAYDA-nın səlahiyyətindədir. Bundan əlavə, suötürücü sistemlərin işləməsinə görə cavabdehlik bəzən “Azərsu” ASC-yə, bəzi hallarda isə yerli icra hakimiyyətlərinə düşür. Bəs bu qədər qurum varsa, nə üçün nəticə yoxdur? Niyə səlahiyyət var, amma cavabdehlik yoxdur?

Pul var, amma yol yoxdur. Əmin ola bilərik ki, bu sahəyə dövlət tərəfindən kifayət qədər vəsait ayrılır. Sadəcə problem o vəsaitin necə xərclənməsindədir. Şəffaflıq yoxdursa, büdcə vəsaiti düzgün xərclənmirsə, pulun olub-olmamağının heç bir əhəmiyyəti yoxdur. Əgər hər çəkilən yol bir ildən sonra su altında qalacaqsa, əgər yağışdan sonra asfalt dağılacaqsa, bəs o milyonlar hara gedib? Nə üçün əhalinin zərəri dövlət tərəfindən qarşılanmır? Avtomobili sıradan çıxan, evini su basan vətəndaş zərəri özü ödəyir. Halbuki onun, hər ay maaşından vergi tutulur. O vergilərlə dolananlar isə, sadəcə kənardan baxır.

Kiçik ölkə, böyük laqeydlik

Azərbaycan böyük ərazi deyil. Hətta təkcə İstanbul bizim bütün ölkəmizdən böyükdür. Amma orada idarəetmədə bizimki qədər problemi yoxdur. Niyə? Çünki orada cavabdeh şəxslər sahəni yaxşı bilir və bu səbəbdən də sistem əla işləyir. Bizdə isə, bəzən tamamilə aidiyyəti olmayan şəxslər mühüm vəzifələrə təyin olunur, nəticədə vətəndaş ziyan çəkir.

Xalq soruşur: Bəs bu vəziyyətə görə kim cəzalandırıldı?

Cəmiyyətin ən haqlı sualı budur: “Niyə bu qədər hadisədən sonra bir nəfər belə vəzifədən çıxarılmadı?” “Niyə xalqın içində bir nəfər görmədi ki, filankəs məsuliyyət daşıdığına görə cəzalandırıldı?” Əgər dövlət strukturunda cavabdehlik yoxdursa, o struktur necə işləyə bilər? Biz görmək istəyirik ki, kim məsuliyyət daşıyırsa, o məsuliyyətə cəlb olundu. Cəzasızlıq etinasızlığı doğurur. Etinasızlıq isə ölümlə nəticələnir.

Sonda bir vətəndaş çağırışı

Bu yazı nə təkcə bir narazılıq, nə də sadəcə şikayətdir. Bu yazı – bir vətəndaşın çarəsiz harayıdır. Bir xalqın gündəlik yaşadığı çətinliyi səsləndirməkdir. Biz yağışdan qorxmamalıyıq. Biz yağışa ruzi, Allahın verdiyi nemət, bərəkət kimi baxmalıyıq. Amma biz yağışa əzabın, təhlükənin, ölümlərin xəbəri kimi baxırıqsa, burada təbii fəlakət deyil, idarəetmə fəlakəti var.

Rəhmətlik Yetim Eyvaz deyərdi:

“Yağ ey yağış, n yaganda yamaclara nləcan verirsən,

Zəmilərdə sünbüllərin damarına qan verirsən…”

Amma bu gün Bakı sakinləri əllərini göyə tutub yalvarır:

“Yağma, ey yağış… Çünki yağanda biz batırıq, ölürük…

Elşad FƏRMANOGLU

Xəbəri paylaş

19 May