Banqladeşin 78 yaşlı sabiq Baş naziri Şeyx Hasina edam cəzasına məhkum edilib

Hasina ilə yanaşı onun hökumətindən iki digər məmur da günahkar bilinib.

Guardian qəzetinin məlumatına görə, Banqladeş üzrə Beynəlxalq Cinayət Tribunası keçmiş Banqladeş Baş naziri Şeyx Hasinanı 2024-cü ildə tələbə etirazlarının qəddarcasına yatırılması ilə bağlı insanlığa qarşı cinayətlərdə ittiham edərək qiyabi olaraq edam cəzasına məhkum edib.

Üç hakimdən ibarət heyət Hasinanı etirazçıları təhrik etməkdə, öldürməyi əmr etməkdə və təhlükəsizlik qüvvələri tərəfindən törədilən cinayətlərin qarşısını almamaqda günahkar bilib.

Hakim Qulam Mortuza Mozumder bildirib ki, “Təqsirləndirilən baş nazir dronların, vertolyotların və ölümcül silahların [mülki şəxslərə qarşı] istifadəsini əmr etməklə insanlığa qarşı cinayətlər törədib”.

Hasina günahsız olduğunu bildirib və tribunalın “siyasi motivli bir fars” olduğunu iddia edib. Hökmdən sonra Hasina məhkəmədə özünü müdafiə etmək üçün “ədalətli şans” verilmədiyini və etirazları nəzarətdə saxlamağa çalışarkən yalnız “xoş niyyətlə” hərəkət etdiyini qeyd edən bir bəyanat yayıb.

78 yaşlı Hasina ilə yanaşı, onun hökumətindən iki digər məmur günahkar bilinib: keçmiş daxili işlər naziri Əsəduzaman Xan Kamal və keçmiş polis rəisi Çaudhuri Abdulla əl-Məmun. Məhkəmə zalında yalnız əl-Məmun iştirak edib: o, günahını etiraf edib və məhkəmə zamanı ittiham tərəfinin şahidi kimi ifadə verib. Xan Kamal edam cəzasına məhkum edilib, əl-Məmun isə beş il həbs cəzası alıb.

Hasina kütləvi etirazlar fonunda 2024-cü ilin avqust ayında istefa verib və Banqladeşdən qaçıb. O, hazırda Hindistandadır. Banqladeş hakimiyyəti dəfələrlə Hindistanın ekstradisiyasını tələb etsə də, heç bir nəticə verməyib.

Hasinanın qaçmasından sonra Banqladeşdə “kasıbların bankiri” kimi tanınan Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus başda olmaqla müvəqqəti hökumət quruldu.

 

JASMİN

 

 

Xəbəri paylaş

Xəbər lenti