11 Mart 2019 / 10:49

Zeynəb Xanlarovanın bir çıxışı min narazılıq yaratdı

“Mən də bir–iki kəlmə söz demək istəyirəm. Görürəm ki, bəzi çıxışlar xahişlərdən ibarətdir. Mənim xahişim yoxdur. Mən ancaq danışa bilərəm. Ataların bir sözü var: Görünən dağa nə bələdçi”.

“Təzadlar” AzərTAC-a istinadla bildirir ki, bu sözləri ötən həftəsonu  Azərbaycan və SSRİ Xalq artisti, Milli Məclisin ömürlük deputatı Zeynəb Xanlarova prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı söyləyib: “Azərbaycanımız çox gözəlləşib, çox böyük inkişaf var. Biz əvvəlki dövrləri də görmüşük, gələn turistləri də görmüşük. Hələ indiyə qədər Azərbaycana bu cür turist axını olmayıb. Hamı nəyə görə gəlir? Ancaq Azərbaycanımızın gözəlliyinə. Neçə prezidentlər görmüşəm. Mən bu sözü dəfələrlə demişəm, yenə də özümü xoşbəxt hesab edirəm ki, bu sözü həmişə təkrar edirəm. Elə prezidentlərimiz, elə başçılarımız olub ki, bizim kəndlərimizi, rayonlarımızı tanımırdılar. Bizim əziz Prezidentimiz, bizim əzizimiz Mehriban xanım rayonları, kəndləri qarış-qarış gəzirlər. Mən onlara indi rayon deyə bilmərəm, mən onlara şəhər deyərəm. Mən bu qədər ölkə gəzmişəm, inanın, bəlkə də elə bir şəhər görməmişəm. Mən, misal üçün, keçmişdə konsertlər verirdim. Nə qədər konsertlər vermişəm. Ancaq maşınların kuzalarını birləşdirirdilər, üstünə xalçalar döşəyirdilər. Biz onun üstündə stadionlarda yorulmadan konsertlər verirdik. İndi, Maşallah, hər bir rayonda elə böyük mədəniyyət sarayları yaradılıb ki, sanki Heydər Əliyev Mərkəzidir. Gözəl otellər, mərkəzlər tikilib. Vallah, bunu görməmək korluqdur. Ancaq kor adamlar bunları görə bilməz.

Mən Prezidentimizə uzun ömür arzulayıram. Çünki o, Azərbaycanı bu qədər inkişaf etdirib, bu qədər gözəlləşdirib. Hər il mən xaricdə oluram. O qədər gözəl sözlər deyirlər. Fəxr edirəm ki, mənim Azərbaycanım belə inkişafdadır. Mən heç bir xahişdən ötrü gəlməmişəm. Xahiş edirəm, çıxış edənlər də bu gözəlliklərdən danışsınlar. Xahiş lazım olanda onsuz da elə bir adam yoxdur ki, Prezident onunla ayrıca görüşməsin, onu ayrıca eşitməsin. Xahiş edirəm, burada olanlardan, Azərbaycanımızın gözəlliklərindən, inkişafından danışaq. Mən bunu dəfələrlə demişəm ki, ölməz Heydər müəllimimiz var. İnanın, mən onun yoxluğuna inanmıram. Mən elə bilirəm ki, Heydər müəllim hələ də yaşayır. Siz nə qədər yaşayırsınızsa, Heydər müəllim də həmişə yaşayacaq. Azərbaycan nə qədər varsa, həmişə Heydər müəllim var, Sizinlə birlikdə həmişə yaşayır. Mehriban xanım, Sizə, mənim əziz Prezidentim, Sizə cansağlığı arzulayıram. Bəlkə də mən natiq deyiləm. Mən 70 ildir səhnədəyəm, indiyədək fonoqramla oxumamışam, səslərini verirlər. Hətta Amerikada qollarımdan tutub deyiblər ki, görəsən, bu, canlı oxuyur, yoxsa fonoqram? Ömrüm nə qədər var, mən canlı oxuyacağam və fonoqram görməyəcəyəm. Yəni, bunu da demək istəyirəm. Danışmağa çox sözüm var. Əlbəttə, muğam olsa, mahnı olsa, mən burada çox oxuyaram, qolumdan tutub çıxarmasanız səhnədən. Ancaq inanın, ürəyimdə Azərbaycanımızın gözəlliyi haqqında o qədər sözlər var ki, yoldaşlardan xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın. Çox xahiş edirəm sizdən. Sağ olun”.

 

“ZEYNƏB, CAMAATIN DƏRDİ VAR, ONLARA QULAQ ASMAQ LAZIMDIR”

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Xalq artisti Zeynəb Xanlarovanın prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı məlum çıxışına sərt münasibət bildirib. Buna səbəb Zeynəb Xanlarovanın görüşün axarını dəyişmək niyyəti olub. Qeyd edək ki,  səmimi şəraitdə keçən görüşdə yaradıcı şəxslərin öz problemlərini açıqlaması Zeynəb Xanlarovanı nədənsə narahat edib. O, tanınmış mədəniyyət və incəsənət xadimlərinin təmsil olunduqları cameəni, həmçinin bütövlükdə cəmiyyəti narahat edən problemləri qabartmasına qarşı çıxıb. Bu görüşdə də hamını “hər şey əladır”, “heç bir probem yoxdur”, “sürətlə inkişaf edirik” və sair bu kimi çıxışlar etməyə çağırıb. Dolaysıyla Prezidentin səmimi şəkildə yaradıcı insanların dərdini dinləmək üçün keçirdiyi görüşü də qeyri-səmimi, ənənəvi bir toplantıya çevirməyə cəhd edib. Ancaq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, məşhur pianoçu Fərhad Bədəlbəyli əsl ziyalı mövqeyi ortaya qoyaraq, Zeynəb Xanlarovanın bu niyyətinin kerçəkləşməsinin qarşısını alıb. Məşhur pianoçu müğənninin “Görürəm ki, bəzi çıxışlar xahişlərdən ibarətdir. Xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən danışın” – deməsinə mədəni, ancaq kifatət qədər də sərt  reaksiya verib: “Bu görüşə görə dərin minnətdarlığımı bildirmək istərdim. Burada əyləşənlərin hamısı, bütün yaradıcılıq ittifaqları sizi bir il bundan qabaq filarmoniyada dəstəkləyiblər. Mən bacım Zeynəblə razı ola bilmərəm. Nəyə görə, Zeynəb? Firəngiz xanım da ( Xalq artisti Firəngiz Əlizadə), Anar da (Xalq yazıçısı Anar Rzayev) böyük ittifaqların sədrləridir. Onların min dərdi var. Onlar özləri üçün heç bir şey xahiş etmirlər. Camaatın dərdi var, onlara qulaq asmaq lazımdır. Ona görə də 90 illiyini qeyd edən bəstəkarımız 1991-ci ildə Abxaziyadan lüt gəldi. Mən onu işə qəbul etdim. Bütün ailə Azərbaycan üçün işləyir. Ona görə mən Firəngiz xanımı alqışlayıram və dəstəkləyirəm.”

 “SİZİ YALTAQLANMAĞA ÇAĞIRMAMIŞDILAR…” – “Deyirəm, Zeynəb, sənin nəyin çatmırdı?!”

  Xalq Artisti Flora Kərimova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə münasibət bildirib və özünün də mədəniyyət sahəsində bir sıra iradlarının, arzularının olduğunu qeyd edib. Xalq artisti incəsənətin, mədəniyyətin problemlərinin həmin tədbirdə səsləndirilmədiyindən gileylənib: “Bilirsiz, bu elə bir məkan idi ki, bu məkanda insanları xahiş etməyə yığmamışdılar. Buraya sənət adamlarını onların və incəsənətin, mədəniyyətin problemlərini söyləmələri üçün yığmışdılar. Ancaq mən bu sahədə gözlədiklərimi eşitmədim. Ümumi xahişlər oldu, amma onu da ehtiyat edə-edə soruşdular. Sizi oraya çağırdılar ki, ürəyinizi açasınız, ağrılarınızı deyəsiniz. Sizi ora, üzr istəyirəm, yaltaqlanmağa, qorxmağa yox, problemləri bölüşməyə çağırmışdılar. Orada deyilməli çox söz var idi və eşitməyə hazır idilər. Ancaq təəssüflər olsun ki, bu qorxu hər sahədə bizim millətimizin canından çıxmır ki, çıxmır. Millət qəhrəman görmək istəyir, amma sözdə yox, əməldə. Əməl orada idi. Deyəydiniz. Bunu gözləyirdilər. Bunu eləmədiz. Deyənlər də qorxa-qorxa deyirdilər, niyə? Kim sizi vadar edir qorxmağa? Getmisinizsə deməli sözünüzü deməlisiniz. Bax bəlkə də ona görə məni çağırmadılar. Abu-havanın pozulmağını istəmədilər bəlkə də. Üzeyir Hacıbəyov Şövkət Məmmədovanı İtaliyaya göndərəndə deyirdi ki, get oxumağı, mədəniyyəti, davranışı, sadəliyi öyrən, gəl burada millətinə nümunə ol. İndi nə oldu bəs? Kim haranı istədi açdı, kim nə istədi dedi və düşdük bu günə. Bununla da sənətimiz yuvarlandı-yuvarlandı gəldi düşdü bu hala. Bir erməni mahnımızı oxuyanda haray-həşir də salmağa artıq bizim dilimiz də yoxdur. Söz deməyə də dilimiz yoxdur. Çünki, bu qorxu oturub içimizdə. Budur məni yandıran.

Mən oraya getsəydim belə dəyişən heç nə olmayacaqdı, əksinə sabah da məni qadağan edəcəkdilər ki, bəsdir Flora, çox danışdın. Bu qadağaya, qorxuya ehtiyac varmı? Düz sözümə görə məni ekrandan uzaqlaşdırmağa lüzum varmı? Heydər Əliyev eşidirdi ki, məni ekrandan çıxardırlar, deyirdi olmaz, qaytarırdı. Axı bu ümumi siyasət deyil, bu musiqi siyasətidi. Heç olmasa burada özünüzə kişilik tapın, qorxmadan sözünüzü deyin. Onu da eləmədilər.

Mənim xoşum gəlmir inanmadığım bir insan “vətən” deyəndə. O saat düşünürəm ki, nəyisə çatmır. Olmazmı sən bu vətəni vətən üçün sevəsən? Olmazmı bu vətəni musiqisi, keçmişi, ağrısı, qanaxan yaraları üçün sevəsən? Gərək cibin üçün sevəsən bu yazıq vətəni? Yalan deyənin axırı olmur. Qazancı da, yalanlarla qazandıqları da burnundan tökülür. Çünki millət nifrətlə cavab verir o insanlara. Elə tərifləməlisən ki, sənə inansınlar. Deyirəm, Zeynəb, sənin nəyin çatmırdı, ya o birilər?! Çoxlarını tanıyıram oradakı insanların”.

***

Xatırladırıq ki, sabiq Prezident Elçibəyin Zeynəb Xanlarova haqqında vaxtilə yazdığı xatirələrindən biri sosial şəbəkələrdə paylaşılıb. Sitat: “Zeynəb xanıma xüsusi hörmətim vardı, çünki o, Azərbaycanın səsini dünyaya yayırdı. Bir xahişə gəlmişdi. Elə insanın sözünü yerə salmaq olmaz. Çantasından kişik bir qutu çıxardı. Saat idi, hədiyyə gətirmişdi. Bir də haqqında yazılan kitabı bağışladı. Kitabın üstündə yazmışdı: “MƏNİM PEYĞƏMBƏR PREZİDENTİMƏ”. Saatı məcburən çantasına qoydurdum. Dedim, kitabı götürəcəm, amma “peyğəmbər” sözünü sil. Dedi, siz mənim peyğəmbərimsiz . Dedim, olmaz, o sözü sil. Razılaşmırdı. Axır ki, peyğəmbər sözünün üstündən öz əli ilə xətt çəkdirdim. O kitab məndə indi də durur…”

Təqdim etdi: JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!