Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Yanvar 2026 / 16:55

BİAM İranda baş verən proseslər və soydaşlarımızın mövqeyi ilə bağlı bəyanat verdi

Böyük İdeallar Araşdırma Mərkəzinin (BİAM) İranda baş verən proseslər və soydaşlarımızın mövqeyi ilə bağlı bəyanat qəbul edib.Tezadlar.az-a göndərilən bəyanatda deyilir: “Böyük İdeallar Araşdırma Mərkəzi (BİAM) İranda son dövrlərdə müşahidə olunan ictimai-siyasi prosesləri diqqətlə izləyir və bu proseslərin ölkədə tarixən məskunlaşmış milyonlarla soydaşımızın taleyinə birbaşa təsir göstərdiyini qeyd edir.
BİAM hesab edir ki, mövcud şəraitdə soydaşlarımızın mövqeyi emosiyaya deyil, strateji məsuliyyətə, qısa reaksiyalara deyil, uzunmüddətli milli maraqlara əsaslanmalıdır.
BİAM İdarə Heyəti insan hüquqları və təhlükəsizliyin prioritet olduğunu bildirməklə, dinc etiraz, ifadə azadlığı və insan ləyaqətinin qorunmasını fundamental dəyər hesab edir. Eyni zamanda bildirir ki, indiki zamanda soydaşlarımızın fiziki təhlükəsizliyi, sosial sabitliyi və gələcək imkanları hər cür siyasi romantizmdən üstün tutulmalıdır. BİAM vacib hesab edir ki, milli tələblər sivil və hüquqi müstəvidə ifadə olunmalıdır.
Dil, mədəniyyət, təhsil, regional inkişaf və sosial ədalət kimi məsələlər soydaşlarımızın təbii və legitim hüquqlarıdır. Bu tələblərin sivil, hüquqi və cəmiyyətə açıq formada səsləndirilməsi milli mövqeni gücləndirir, repressiya risklərini isə azaldır.
BİAM hesab edir ki, radikalizm və zorakılıq milli maraqlara ziddir. BİAM silahlı, zorakı və radikal çağırışları doğru yol hesab etmir. Bu cür yanaşmalar soydaşlarımızı hədəfə çevirir, milli məsələni təhlükəsizlik problemi kimi təqdim etmək istəyən dairələrin əlini gücləndirir.
BİAM xarici manipulyasiyalara qarşı ayıq-sayıq olmağı vacib hesab edir. İranda baş verən proseslərin müxtəlif geosiyasi maraqların toqquşma nöqtəsinə çevrilməsi ehtimalı nəzərə alınmalıdır. Soydaşlarımız heç bir xarici gücün alətinə çevrilməməli, öz mövqelərini milli iradə və daxili legitimlik üzərində qurmalıdırlar.
BİAM impulsiv qərarları səhv hesab etməklə, bildirir ki, bu mərhələdə ən doğru yol səbrli, planlı və ağıllı mövqedir. Qalibiyyət ani siyasi nəticələrdə deyil, milli kimliyin qorunmasında, hüquqi mövqenin möhkəmlənməsində və gələcək üçün imkan pəncərəsinin açıq saxlanmasında ifadə olunur.
BİAM son olaraq soydaşlarımızı məsuliyyətli davranmağa, milli haqları sivil yollarla müdafiə etməyə, təhlükəsizliklərini və gələcək perspektivlərini hər cür riskli avantüradan üstün tutmağa çağırır. Unudulmamalıdır ki, milli mübarizə hisslərin deyil, ağlın, səbrin və strateji düşüncənin üzərində qurulduqda qalıcı nəticə verir.
BİAM İH adından sədr Zəlimxan Məmmədli
13 yanvar 2026, Bakı şəhəri”
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!