19 Yanvar 2026 / 15:49

Məmməd Arazlı xatirələr: “Ömürdən yarpaqlar”-GÜLXANIM FƏTƏLİQIZI- 4-CÜ HİSSƏ

(Əvvəli ötən buraxılışda)

9-16 aprel –  Demək olar ki, hər gün gecənin necə hazırlanmasından xəbər tuturduq. İsaya Məmmədin təzə yazdığı “Sənə inanıram” şeirini verib onu Nurəddin Mehdixanlıya çatdırmağı xahiş etdim.

Vaqif və İsa gecədə şeir deyən uşaqları təriflədilər.

Axşam bizə gələn Zəlimxan və Mikayıldan Türkiyə səfərlərində Məmmədi də təbliğ etdinizmi,  deyə soruşdum.

– Qoşa qanad kimi! – cavabını verdilər.

Yaradıcılıq gecəsi yaxınlaşdıqca həyəcanımız artır. Görəsən Mehriban xanım Vəzirova gecəni  idarə edə biləcəkmi?

Müalicə ilə əlaqədar Nazirlikdən cavab gözləyirik. Hələ ki, şirkətdən bir xəbər yoxdur. Hamı deyir ki, bir kurs müalicə üçün 45 min dollar çoxdur. Fatma xanım da bunu təsdiq edir.

Artıq dəvətnamələr paylanıb. Bizə çox az dəvətnamə göndəriblər, dəvətnamə istəyənlərə nə cavab verəcəyimizi bilmirəm. Isa ilə Mikayıl gileylənirlər ki, gecənin aparıcısı hələ də bilmir ki, nəyi harada deməlidir. Nə isə…

Axşam saat 6-da  gecə başlandı. Filarmoniya adamla dolu idi. Məmməd maşından düşən kimi içəri daxil ola bilməyən adamlar onu əhatəyə alıb yalvarırdılar ki, ya bizə dəvətnamə verin, ya da içəri buraxdırın. Qalan 5-6 dəvətnaməni çantadan çıxarmağımla əlimdən çalmaları bir oldu. Dəvətnamə çatmayanlar isə Məmmədin qolundan, əlindən, ətəyindən yapışıb içəri keçdilər.

Çox gözəl bir şeir gecəsi alınmışdı. Mikayılın gur səsi, oxunan mahnılar zalı əfsunlamışdı. Gecə lentə alındığı üçün geniş  təsvir etmirəm.

Gecə qurtaran kimi H. Əliyev cənabları tədbirdə iştirak edən ziyalılarla görüşdü. Oradaca elan etdi ki,  İstiqlal ordenini ilk dəfə olaraq üç nəfərə – Xəlilə, Məmmədə və Bəxtiyara verməyi qərara alıb və zənn edir ki, düzgün qərar verib.

Məmmədi arada keçmiş Kirov adına xəstəxanaya müalicəyə aparıram ki, yeriməyi az da olsa yaxşılaşsın. Bizə otaq ayrılsa da orada qalmırıq.

İndi bilet və viza dalınca getməliyəm. Türkiyə-Frankfurt  istiqamətində yalnız birinci günlər təyyarə uçur. Vizanı almaq isə yalnız 5-ci günlər mümkündür, bizim isə yalnız bir beşinci günümüz var. Tələsməliyəm, bütün çətinliklər mənim boynumadır..

4 may – Viza üçün böyük növbə olur. Gecədən adımı yazdırmışdılar. Səhər açılmamış səfirliyin qarşısında oldum. Növbədə adam çox idi. Deyəsən, gecə yatmamışdılar. Səhər yeni siyahı tərtib etməyə başladılar. 53-cü adam oldum. Xəbərdar etdilər ki, səfir cəmi 60 nəfər qəbul edəcəkdir. Dalaşanlara, bir-birini itələyənlərə, səs salanlara fağır-fağır baxıram, fikirləşirəm, mən belə vəziyyətdə içəri girə bilərəmmi? Gecə növbə tutanlarla gündüz növbəyə yazılanlar arasında  “ölüm-dirim” mübarizəsi gedirdi. Hələ iki arvad saçlaşdı da. Mən itələnə-itələnə lap arxaya keçirildim. Birdən qızım Şəlalənin adını oxudular, tez irəli keçdim ki, mənəm. Qapının ağzında duranlar əllərimdən tutub məni içəri dartır, o biriləri isə geri itələyirdilər. Ayağımdan dartılıb ayaqqabı da düşdü. Bir təhər məni içəri keçirtdilər, ayaqqabımı da tapıb verdilər. İndi  içəridə oturub qəbulu gözləyirəm. Eyni zamanda çöldəki hay-haraydan qurtardığıma sevinirəm.

İndi də alman səfirinin işçisi başladı məni cək-cevirə salmağa. Tərcüməçi qıza dedim ki, bizim vaxtımız çox azdır, müalicəyə geçikirik, ayın 10-da biz mütləq xəstəxanada olmalıyıq. Vizanı versin gedək.

Alman deyinməyə başladı:

– Şeirlərində  rusları alqışlayıb, onları tərənnüm edib, indi də getsin rusiyada müalicə alsın.

Yenidən qıza müraciət etdim:

– Birincisi, o cənaba bildir ki, əgər şeirlərində keçmiş partiyanı tərifləsəydi təzyiqlərə məruz qalıb xəstələnməzdi. Haqsız incidilib ki, xəstələnib. Onu da bildir ki, Moskvada dəfələrlə müalicə olunub. İkincisi, kefinə düşüb ki, Almaniyada müalicə olunsun. Bu cənab niyə istəmir ki, onun dövlətinə xeyir verək?!

Alman güldü, pasportumu götürdü, Məmmədin pasportunu yenidən qaytardı ki, imzası yoxdur. Maşını sürətlə evə sürdürdüm, Məmməd imzasını atdıqdan sonra geri qayıtdıq. İndi də ayrı bir səbəb çıxdı, ki, siz Azərbaycan vətəndaşı olduğunuzu təsdiq edən möhürü vurdurmamısınız. Aman allah, bu nə iş idi mən düşdüm? Bu dəfə maşını sürdürdüm möhür vurulan yerə. Nə yaxşı orada işləyən uşaqlar hər işi on dəqiqəyə qurtardılar. Haydı geriyə, Məhərrəm (Məhərrəm sürücümüzdür).

Nəhayət, o cənab sənədləri qəbul etdi, gəlib ikinci gün götürərsiniz söylədi. Evə çox yorğun qayıtdım, zarafata keçdim: – “Halıma yanan gərək məni belə görəndə” – mahnının sözlərini azca dəyişib oxudum.

Məmməd güldü:

– Onsuz da bəhanə axtarıram ki, getməyəm.

5-7 may – O başa, bu başa bilet alınmışdı. Mayın 10-na  təyyarə olmadığına görə bileti 8-nə almışdıq.  İki gün tez gedirdik. Nazirlik şirkəti xəbərdar etmişdi.

Səhər yerimdən qalxa bilmədim, deyəsən, xəstələnmişəm.

– Məmməd, özün-özünə xidmət eləməli olacaqsan, başım ağrayır, dərman içim, görüm keçirmi?

Axşama qədər yerimdən qalxa bilmədim. Adi çayı da içə bilmirdim, öskürək məni boğurdu. Bütün günü yatdım. Qəribə xəstəlik idi, taqətimi kəsmişdi. Uşaqları xəbərdar etməyə məcbur oldum. Bilet alınmışdı.

– Səhərisi vəziyyətim bir az da pisləşib. Ac qarına dərmanları qəbul etdiyimə görə mədəm də ağrıdı.

Aqil zarafata başladı:

– Xala, sən allah, bu saat ölmə, bu bir şansdı əlinizə düşüb. Gedin, əmi müalicə olunsun, qayıdıb gələndən sonra ölərsən.

Canımın hayında idim, zarafata halım yox idi. Uşaqların və Məmmədin gözü məndə qalmışdı. Sabaha az qalır, Allah kərimdi.

8 may – Özümü güclə ələ alıb ayaq üstə dayanmağa çalışıram. Elə bil gözə gəlmişəm. Yol üstdə bu nə xəstəlikdi? Yolda birdən əhvalım pisləşər, qorxuram. Dövlət televiziyasından Esmira Çərkəz qızı gəlib çəkiliş etdi. İsa dostu Hacını çağırıb gələcək film üçün çəkdirirdi. Nəvələrim, balalarım, rejissor Vaqif, bir sözlə hamı yığışmışdı. Hava limanında  Cəfər qardaş öz adamları ilə dayanmışdı. Səhiyyə nazirliyinin  nümayəndəsi də orada idi. Çox təntənəli şəkildə yola salındıq.

Biletimiz ikinci salona idi, amma bizi birinci salonda yerləşdirdilər. Qəribə bir vəziyyətdə idim, nəfəs ala bilmirdim, özüm halsız, Məmməd isə yeriyə, danışa bilməyən bir adam, qərib ölkə… Kərəmi burda ağlamaq tutur…

Məmməd baxışlarını məndən ayırmırdı. Sinəm xışıldayır, öskürürdüm. Məmməd baxanda isə özümü gümrah göstərməyə çalışırdım.

Hələ hava limanında ikən bizi Frankfurtda yaşayan Məhəmməd adlı bir cənublu  qardaşla  tanış etmişdilər. O, bizə söz vermişdi ki, heç bir çətinlik çəkməyəcəksiniz, hər cür köməklik göstərəcəyəm. Təyyarədə də bir neçə dəfə yanımıza gələrək əhvalımızı xəbər almışdı. Qəriblikdə ona bir arxa kimi baxmağa başlamışdıq.

Frankfurtun səması buludlu, yağışlı idi. Çıxacağa qədər uzun bir yol getməli idik. Bir xeyli yolu Məmmədi və yükü bir təhər bizim təyyarə bələdçilərimizin köməyi ilə aparmışdıq ki, xəstə üçün əl arabasını çatdırdılar və bizi gözləmədiyimiz üçün danladılar.  Əl arabasını sürən türk qızı idi. Məhəmməd yenə də bizə bir neçə dəfə yanaşdı və bizi arxayınlaşdırdı.

Çıxacaqda iri hərflərlə yazılmış plakat gördüm:

Qospadin  İbraqimov

Qospaja    İbraqimova

Yaxınlaşıb özümüzü təqdim etdim. Məhəmməd bizdən arxayın olduqdan sonra özünün telefon kartını verib getdi, yenidən səhrada tək qalmış adamlara bənzədik.

Təbii ki, səfirliyin işçiləri bir xalq şairi kimi Məmmədi qarşılamalı idi, lakin bu, baş vermədi, nə səfiri gördük, nə də işçilərini.

Xeyli keçəndən sonra maşını lap yaxına gətirib bizi mindirdilər. Xəstəxana yerləşən şəhərə 400-500 km-dən çox yol getməli idik. Hətta yolda tıxaca da düşdük. Iki saata yaxın yolun açılmasını gözlədik. Bekarçılıqdan sürücüyə suallar verməyə başladım:

– Almansınız?

– Xeyir, rusam, iki ildir gəlmişəm, adım Aleksandrdır.

– Ailəliklə gəlmisiniz?

– Tək gəlmişəm. Burada almanla evlənmişəm, həkiməm. Frankfurtda yaşayıram. Şirkətdə vəzifəm keçmiş SSRİ məkanından gələn xəstələri qarşılayıb Almaniyanın müxtəlif xəstəxanalarına aparmaqdır.

– Yəqin yaxşı maaş alırsınız ki, öz maşınınızla xəstələri aparırsınız.

– Pis qazanmıram.

Yol açıldı, sürücü öz işi ilə məşğul oldu, biz də öz aləmimizdəyik. Yol boyu səliqə, yaşıllıq, meşə, təmizlik…

Gecə yarısı pansiona çatdıq. Orada bizi Nelli İvanovna adlı bir qadına təhvil verib Aleksandr getdi. Noyştatda ilk gecəmizin qalan hissəsini rahat yatdıq.

9 may – Nelli İvanovna səhər tezdən otağımıza keçib bizi salamladı. Əhvalımızla maraqlandı və yemək otağına apardı. Mən pansionda  qalmalı oldum. Tərcüməçimiz də gəldi və özünü təqdim etdi:

– Mariya Ştab.

Sonra baş həkimə məlumat vermək üçün xəstəliyin tarixi,  Məmmədin aldığı müalicələr, içdiyi dərmanlar, hazırki əhvalı barədə maraqlandı. Məmmədin danışığını başa düşməyəndə məndən soruşurdu. Sən demə mən rus dilini ağıllı-başlı “bilirmişəm”.

Pansionda ancaq səhər yeməyi olur. Qalan vaxtı isə biz ayrı yerdə yeməli idik. Günorta toyuq gətirdilər. O qədər istiot səpilmişdi ki, bir toyuqdan ancaq 5-6 tikə yeyə bildik. Axşama isə “pizza” gətirdilər ki, mən ödümə görə yeyə bilmədim. Birini yedik, 2-sini isə pansionun sahibi qospadin Maya bağışladıq.

Məmməd elə təyyarədə hey deyirdi ki, “9 may” qələbə gününə düşdük, almanlar bizə pis baxacaqlar. Amma elə bir davranış hiss etmədik.

10 may – İki gün pansionda qaldıqdan sonra  Məmmədi xəstəxanada yerləşdirmək üçün Mariya əlil arabası ilə gəldi. Məmmədi əlil arabasına mindirib lazım olan əşyaları götürdüm. Yol yoxuş olduğu üçün nəfəsim təngiyir, öskürəyim çoxalırdı. Xəstəliyim hələ də davam edirdi. Mariya dayanır, məni gözləyir, yenidən yoluna davam edirdi. Piyada getdikcə ətrafda olan səliqə də gözümdən qaçmırdı. Bizdəki kimi orta əsrlərə qayıdış həsrətilə ucaldılan həyətyanı hasarlar gözümə dəymirdi. Baxçanın ətrafı ot və gül-çiçək. Heç kimin könlündən baxçaya girmək, ya da gül dərmək keçmir.

Xəstəxana əsəb xəstəliklərinə aiddir. Çox qəribə tikilişi var, onlarda birinci mərtəbə anlayışı yoxdur, ikinci mərtəbə birinci sayılır. Məmmədi 1-ci, bizim anlayışımızda 2-ci mərtəbənin 102-ci palatasında  yerləşdirdilər. Qəbul edən bir alban qızı idi. Tək-tək türk sözləri də işlədirdi. Axşam Məmməd darıxsa da  pansiona qayıtmağa məcbur idim.

11 may – Pəncərəni  açıq qoyub yatmışdım. Çöl qapıları şüşəli, pəncərələri dəmir barmaqsızdır.

Quşların səsinə yuxudan oyandım. Burda saat 7-dir. Səhər yeməyi üçün mətbəxə keçdim. Saat 8-də Məmmədin yanına getdim. Kefsiz oturmuşdu, gözaltı baxdım, varağın qırağına yazmışdı:

Axır ki, təkliyə öyrətdim səni,

                       Onsuz da, nə vaxtsa öyrədəcəkdim.

Sualla dolu baxışıma cavab verdi:

– Gecəni pis yatmışam, səni fikirləşmişəm, tək qalmısan, qorxarsan. Səhərə yaxın yatdım.

– Məmməd, gəlmişik ki, müalicə olunasan. Eybi yox, mən bütün əzablara dözərəm, təki sən sağalasan.

Məmmədlə otaqda cavan bir alman yatırdı. Otaqlar qəribə qurulmuşdu, xəstələr uzananda bir-birini görmürdülər. Alman təəssüflənirdi ki, türk və ya rus dilini bilmir, şairlə maraqlı söhbətlər edərdi. Bütün bunları bizə Mariya tərcümə edirdi və edəcəkdi.

Həkimlər məsləhət üçün bir yerə yığışdılar. Qəbul edilən dərmanların əvəzinə, özlərinin hazırladıqları dərmanları verdilər. Bir neçə gün müşahidə edəcəklərini dedilər.

Məmməd gileyləndi  ki, mənə bir ağ həb verirlər, o məni halsızlaşdırır, durmağa taqətim qalmır. Çaşıb qalmışdım, bilmirdim ona nə cavab verim.

Ümumiyyətlə, xəstəxana iflic adamlara aid idi. Niyə Əli İnsanovun bizə buranı məsləhət gördüyünü hələ də başa düşmürəm.

Stepan adlı bir nəfər bizə təhkim olunmuşdu. Stepan həkimlərlə danışdıqdan sonra həftədə iki dəfə Məmmədə baş çəkəcəyini söylədi.

12 may– Səhər yavaş-yavaş üzüyuxarı xəstəxanaya tərəf addımlayıram. Yəqin Mariya da gəlmiş olar, fikirləşirəm. Otaqdakıları onların dili ilə salamlayıram:  Quten.

Məmmədə idmanla müalicə yazıblar. Həkim deyir ki, xəstələrin çoxunu belə müalicə edirik. Baxıram, rəngi qaçıb, çox zəifləyib. Yenə də şikayətləndi ki, sən yanımda qalmırsan, Stepan sənə də yanımda çarpayı tələb etsin.

Stepana dedim, o da söylədi ki, baş həkimə deyərəm, ancaq çətin ki, onlar qanunlarını pozsunlar.

Bütün xəstələr özləri ilə çoxlu paltar götürüblər. Xəstəxana paltar vermirdi, mən də öz qanunumuzla hərəkət edib çox paltar və pijama götürməmişdim. Mariya ərinə deyəcək, o, məni özlərinin yaşadığı Şvaynfurta aparacaq. Mariya hər gün Şvaynfurtdan Noyştata gəlir. Yaxşı maşın sürür.

Hayıf,  alman doğulmadım, mən də belə maşın sürərdim, – ürəyimdən keçirirəm.

Dolları verdim ki, markaya dəyişsin, çünki burada heç bir yerdə dollar işləmir. Mariya saat 3-də getdi. Qaldıq dillərini bilmədiyimiz almanlarla.

Axşam pansiona qayıdıram, Məmməd pəncərədən boylanıb nəzərləri ilə məni yola salır. Bir-birimizə əl edirik.

Tez çatmamaq üçün yavaş addımlayıram, təmiz hava öskürəyimi azaldır. Çatan kimi telefon səslənir:

– Çatdınmı?

– Hə, əzizim, şirin yuxular, narahat olma, uzan, rahatlan.

– Səhər tez gəl, darıxıram.

– Yaxşı, darıxma.

Televizoru açıb 32 kanalı bir-bir çevirirəm. Başa düşməsəm də hindulara və heyvanlar aləminə aid verilişlərə baxıram.

(Ardı var)

Təqdim etdi: Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!