3 Fevral 2026 / 08:27

Şagirdə qarşı zorakılıq edən müəllim 3 il bu hüquqdan məhrum ediləcək!

Məktəbdə şagirdlərə qarşı pis rəftar hər yerdə qınaq və cəza obyekti olmaqdadır. Azərbaycanda belə hallara qarşı müxtəlif cəza tədbirləri görülməkdədir… Tezadlar.az xatırladır ki, Gürcüstan Təhsil və Elm Nazirliyi isə  “Ümumi təhsil haqqında” qanunda dəyişiklik layihəsi təqdim edib. Layihəyə görə, əmək müqaviləsi şagirdə qarşı zorakılıq səbəbindən dayandırılan müəllim və ya məktəbin digər əməkdaşları 3 il müddətinə ümumi təhsil müəssisələrində işə düzəlmək hüququndan məhrum ediləcəklər. Hazırkı qanuna görə, zorakılıq səbəbindən məktəbdən azad edilən müəllim digər məktəblərdə işləməyə məhdudiyyətsiz davam edə bilər.

Nazirliyin açıqlamasına görə, şagirdə qarşı fiziki zorakılıq müəllimin peşə etikası və məktəb qaydalarının ciddi pozulması sayılır və dərhal məktəb mühitinə qaytarılması şagirdlərin təhlükəsizliyinə risk yaradır. 3 illik məhdudiyyətin cəza deyil, profilaktik xarakter daşıdığı vurğulanır. Məqsəd oxşar halların qarşısını almaq və müəllimlərə davranışlarını düzəltmək, peşəkar məsuliyyəti dərk etmək imkanı yaratmaqdır.

 Nazirlik bildirir ki, bu yanaşma beynəlxalq təcrübəyə uyğundur və uşaqların hüquqlarının qorunması üçün effektiv mexanizmdir.

Təhsil üzrə ekspertlər və psixoloqlar həm də bu qənaətdədir ki, valideynlər də şagirdlərin dərsdə normal davranışını təlqin etməli, şagirdlərin dərs prosesinin pozulmamasına gətirən hərəkətlərini nəzarətdə saxlamalıdırlar.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!