5 Fevral 2026 / 17:45

Məmməd Arazlı xatirələr: “Ömürdən yarpaqlar”-GÜLXANIM FƏTƏLİQIZI- 10-cu HİSSƏ

Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:

https://tezadlar.az/memmed-arazli-xatireler-omurden-yarpaqlar-gulxanim-feteliqizi-9-cu-hisse/

(Əvvəli ötən hissədə)

6-9 noyabr – İsa Həbibbəyli operasiya olunduğu üçün gec gəldiyini söylədi.

– İsa, Telmanın çapa apardığı cildlərin vəziyyəti necədir?

– Telmanı görməmişəm, mən xəstəxanada olanda 2-ci cildə giriş sözünü yazmağımı istədi, elə xəstəxanadaca yazıb verdim, pis alınmadı. Telmanı işdən çıxarıblar.

Axşam dil məsələsi ilə əlaqədar yekun iclası gedirdi. Hər iki tərəfə əl çalanları nəzərdə tutaraq şerinin bu misrasını  dedi:

                     Meymuna əl çalmaq öyrətmə, bala!

                       O biri misralarını mən dedim:

                     O bir gün özünü oyada bilər.

                     İnsan dünyasından əl çala-çala

                     Heyvan dünyasına qayıda bilər…

                                         ***

                     …Yaxşıya yamanlıq öyrətmə, bala!

                     Meymuna insanlıq öyrətmə, bala!

           

Axşam Mail doktorla Prezident Aparatında işləyən bir nəfər qonağımız oldu. Dedi ki, Sədərək kəndindənəm, sizinlə görüşmək istəyirdim, axırki qismət oldu. Söhbət ordudan düşdü, elə hadisələr danışdılar ki, mat qaldıq.

Məmməd təəssüfləndi:

– Nə qədər ki, bizim tamah dişimiz belə itidir, biz heç vaxt irəli gedə bilmərik.

Məmmədin nədənsə bu gün yadına şair və nasirlərə ünvanlanmış məzəli söz və əhvalatlar düşmüşdü:

– S. Vurğunun belə bir misrası var:

 Çıxaq sahilə, lövbər seyrinə

  1. Rüstəm ondan soruşur ki, lövbərin nə olduğunu bilirsən? Gəmiləri sahildə saxlayanda ağır dəmiri suya salırlar ki, gəmini su aparmasın, lövbər odur. S. Vurğun dillənir: – Pah atonnan, ömrümdə bir dəfə Bakıya aid söz götürdüm, o da əclaf çıxdı.
  2. Rəhimov Səmədi bağına qonaq aparıbmış. Fəxrlə bağını göstərdikdən sonra Səməddən soruşur:

– Hə, Səməd, bağım xoşuna gəldimi?

– Yaxşı xarabalıqdır – cavabını verir Səməd Vurğun.

10 noyabr – Axşam Məmmədin görüşünə Hacı Mail gəlmişdi:

– Məmmədi tanıyırıq, hamı tanıyır, ancaq belə yaxından tanışlığım yox idi. Yaxşı ki, Allah mənə bu tanışlığı qismət elədi.

Və belə bir misal çəkdi:

– Mollanın arvadı ərinə sual verir ki, a kişi, niyə kişilərə üç-dörd arvad alıb saxlamağa icazə verirlər, arvadlara isə yox?

Molla cavab verir:

– Arvad, bu sualın cavabı çox sadədir. Qazı onlardan, molla onlardan. İndi dövlətin işçiləri də belə. Evinizə, yaşayışınıza baxıram, təəccüblənirəm. Ziyarətə gedəndə Məmmədin sağalması üçün dua edəcəm, Allah səsimizi eşidər.

Sonra yeni bir misal çəkdi:

– Böyük bir dəstə gəmi ilə gedirmiş, birdən bərk külək qopur, gəminin batmaq təhlükəsi artır. Hamı Allaha yalvarır, dua edir. Ancaq bir nəfər dor ağacına söykənib durubmuş. Ondan soruşurlar ki, sən niyə Allaha yalvarmırsan? Allah hərəsinin səsini bir cür eşidir. Bəlkə sənin səsini eşitdi, bizə köməyi oldu. Camaatın xahişini eşidən kişi əlini göyə qaldıraraq qışqırır:

– Ehey, ay Allah, dayandır küləyi.

Külək dayanır, adamlar kişinin ətrafına yığışırlar, onu övliya adlandıraraq paltarından hərəsi bir parça götürür. Kişi dillənir:

– Mən də sizin kimi adamam, 80 yaşım var. 20 yaşım olanda Allah dedi ki, o işi görmə, görmədim. 40 yaşım olanda dedi, görmədim. 60 yaşımda həmçinin dedi eləmə, eləmədim. İndi 80 yaşımda mən ona dedim ki, belə eləmə, görünür sözümü eşitdi, kömək etdi. Yəqin bizim də duamızı eşidər. Buna əminəm… ”Yaxşılar” şerini həmişə misal gətirirəm:

Baxın: bir baxışla kim bunu anlar:

Düşmən qılıncında bu, dost əlidir!

Təbrikə, təhrikə mahir olanlar

Güdaza verməyə səriştəlidir.

İlahi. nə çoxmuş çayırkimilər!

Ayıqlar qütbündə ayıqkimilər…

Qonaqlar getdikdən sonra televizora baxdıq. Söhbət seçki və seçicilərdən idi. Mikayıla zəng etdi, Mətin cavab verdi ki, Ağsudadır.

Məmməd güldü:

– Süleyman Rəhimovla Mirzə İbrahimov hərəsi bir dəstə düzəldib bir-birilə çəkişirdilər. Süleyman Rüstəm heç birinə qoşulmamışdı, amma gah o tərəfə, gah bu tərəfə meyl edirdi. Süleyman  Rəhimov tez-tez tərəfdarlarına deyərdi,  Süleymana göz qoyun, o tərəfə keçə bilər. İndi Mikayıl Ağsuda, Aqil Ağcabədidə seçicilərə göz qoyurlar ki, başqa tərəfə keçməsinlər.

17 noyabr – Saat 9-a qalmış İsa Məmmədov telefonla bayramı təbrik etdi.

– Ay İsa, hansı bayramdır ki?

– Gülxanım bacı, gərək Məmməd Araz ocağından bu sözü eşitməyəydim.

– İsa, ta işləmirəm, ona görə də bayramları qarışdırıram.

Behrudi ilə birlikdə bizə gələn İsanın söhbətindən:

– “Millət” qəzetində müsahibəm çıxıb, seçkilərin keçirilməsində səhvlər çoxdur, Cəfər Vəliyev rəqəmləri saxtalaşdırmasa, biz qələbə qazanmalıyıq. Mən deputat seçilsəm, imkanlarım olacaq ki, sənə kömək edim, müalicəni təşkil edim. İmkanlı adamlar çoxdur. Fikrim var ki, kitablarını fransız, ingilis dillərində çap etdirim.

Fransız dili üzrə burda yeganə mütəxəssis (adı yadımda deyil) sənin “Dünya sənin, dünya mənim…” şeirini Fransada fransız dilində oxuyub. Fransa akademiyasının prezidenti mat qalıb soruşub ki, imperiya dövründə belə şeir yazmağa cəsarət edən şair sağdırmı? Mən Məmmədlə 1976-cı ildə tanış olmuşam. Yayda Allah qoysa 20 illiyini keçirəcəyəm.

Sonra estafeti Rüstəm Behrudi əlinə aldı:

– Mənim kitablarım dünyanın müxtəlif dillərinə tərcümə olunub. Hər yerdə səni ustad adlandırıram, həqiqətən ustadımızsan…

18-22 noyabr – Söhbətlərimiz Məmməd səhər yuxusundan gümrah duranda baş tuturdu:

– Gecə yuxumda Mehdi Hüseyni görmüşəm. Sən bu hadisəni bilirsən, bir də danışım. Mehdi Hüseynin yanındaydım. Vidadi Babanlı gəldi, dedi ki, nəşriyyatda boş yer var, məni ora göndər, işsizəm.

Mehdi gülüb cavab verdi ki, ora bu qara oğlan gedəcək. Və məni nəşriyyata ədəbiyyat şöbəsinin müdiri kimi Mehdi Hüseyn göndərdi.

Meydan əhvalatlarına baxanda yaman əsəbiləşdi:

– Sözləri qurtaranda meydandan danışırlar, meydan məsələsini rezin kimi istədikləri tərəfə çəkirlər, bilmirsən nə istəyirlər. Bəs, camaatı azadlığa necə hazırlamalı idilər ki. Axı irəli gedən  öz ardınca xalqı çəkib aparmalıdır. Yalvarmaqla azadlığa çıxmaq mümkün deyil. Tarixdə işğalçılara yalvarmaqla azadlıq əldə edən xalq yoxdur. Azadlıq ancaq mübarizə, qırğın, qan tökməklə mümkün olmuşdur. Özlərinə lazım olanda deyirlər ki, meydan xalqı mübarizəyə hazırladı, lazım olmayanda  deyirlər ki, meydan xalqı qırğına apardı…

Xalqı mübarizədən çəkindirmək, onu taleyi ilə barışdırmaq… Tale adlandırılan təsadüfün hökmü ilə barışmaqdan ağır nə ola bilər? Birisi səni ayaqlarından yapışıb selin qabağına atır, sən də gözlərini yumub özünü qəzanın hökmünə qul eləyirsən…

Öyrənməkdən betər söz var – “öyrənişmə”. Bu, laqeydliyin son pilləsidir.

Abdulla Qurbaniyə telefon açıram:

–  Ay Abdulla, hardasan, Məmməd yaman nigaran qalmışdı.

– Ölməmişəm, Gülxanım bacı, Naxçıvanda idim, çəkiliş aparmağa getmişdim. Məmməd müəllimlə görüşə aid yaxşı afişa hazırlamışam, rənglidir. Bütün əsgəri hissələrdən ora nümayəndələr gələcək. Prezident Aparatından da adam olacaq. Yaşar Aydəmirov sizdən küsüb, orada hər işi qaydaya qoymuşdum.

(Davamı var)

Təqdim etdi: Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!