…Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti İranın ölkədəki şiə icması arasında artan təsiri ilə bağlı araşdırmaya başlayıb. Tezadlar.az AzadlıqRadiosu- na istinadla xəbər verir ki, araşdırma ABŞ-nin Hudson İnstitutu beyin mərkəzinin hesabatı və müxalifyönlü siyasətçilərin bəyanatlarından sonra başlayıb. AzadlıqRadiosunun müxbirləri Ülviyyə Əsədzadə və Nastasiya Arabuli yazır ki, xüsusilə İranın Gürcüstandakı azərbaycanlılar arasında təsir şəbəkəsi qurmasına dair iddialar bu çıxışlar arasında yer alır. Hudson İnstitutunun martın 4-dəki hesabatına əsasən, İranın niyyəti Gürcüstandakı şiə liderlərinin növbəti nəslini hazırlamaq, İranın siyasi teologiyasına loyallığı gücləndirmək və antiamerika narrativlərini normallaşdırmaqdır.
Araşdırmaları aparan Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti isə AzadlıqRadiosuna açıqlamasında iddiaların mövcud sübutlara zidd olduğunu və ittihamların arxasındakı səbəbləri axtardıqlarını deyib. Gürcü Arzusunun liderlərindən olan Tbilisi meri Kaxa Kaladze də yayımlanan iddiaları rədd edib.
AzadlıqRadiosuna danışan Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondundan tədqiqatçı Aleksandr Kvakxadze deyir ki, Azərbaycanda dini siyasətin sərtləşməsi fonunda Gürcüstanın daha azad mühit təklif etməsi, şiə qrupların ölkədə təsirini geniş yaymasına imkan verib. Bununla belə Gürcüstandakı debatlarda diqqət xüsusilə Əl-Mustafa Beynəlxalq Universitetinin ölkədəki şöbələrinə yönləndirilir. Bunlar isə daha çox Azərbaycan əhalisinin yaşadığı şəhərlərdədir. Analitiklərə görə, universitet məzunlarının əksəriyyəti ölkədəki məscid liderləri, mühazirəçi və ya mədəni aktivist kimi çalışırlar. AzadlıqRadiosu bu iddianı yoxlaya bilməyib.
Lakin azərbaycanlıların yaşadığı Kvemo-Kartli regionundakı aktivist Rabil İsmayıl şiə icması arasındakı İran təsiri ilə bağlı deyilənlərlə razılaşmır: “Mən də İran təsirinin Kvemo-Kartlidə azərbaycanlılar arasında artdığını görürəm, amma bu, bəzi Gürcüstan siyasətçiləri və ictimai xadimlərinin iddia etdiyi kimi yüksək deyil. Bu, kiçik qrupla limitlənib. Eyni zamanda mən azərbaycanlılara qarşı sosial mediada nifrət nitqinin artdığını görürəm”.